Əlaqə Arxiv
news Image
2013.04.29
11:03
| A A A
“Bu gün uşaqları dilənçiliyə sövq edən hansısa mütəşəkkil dəstə yox, valideyndir”
Müsahibimiz Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadədir.


- Hazırda reabilitasiya mərkəzində nə qədər uşaq var?

- Sığınacaqda davamlı uşaq qalmır. Amma hazırda 21 uşaq və 4 valideyn qalır. İstisna hallarda valideynlərə sığınacaq veririk. Əgər o qadın və himayəsindəki uşaq potensial insan alveri qurbanı ola bilərsə, o uşağı valideyni ilə bərabər yerləşdiririk. Biz bir çox hallarda insan alveri qurbanı olan qadınları "Təmiz Dünya" təşkilatına istiqamətləndiririk. Lakin elə valideyn olur ki, himayəsində 3 azyaşlı uşaq var. Məcburən onu uşaqları ilə birlikdə götürürük. Bu uşaqların da əksəriyyəti insan alveri qurbanlarıdır.

- Əsasən hansı yaşlarda olurlar?

- Hazırda olan uşaqların yaş həddi 1,5 – 18 yaşa qədərdir. Ən balacası yaş yarımlıq olan 2 qardaşdır. Biz onları "Neftçilər" bazarından tapıb gətirmişik. Onların anası isə ruhi xəstədir. Bazarda səfil həyat tərzi sürür. Biz həmin uşaqları aşkarlayanda ağır infeksion xəstəlikləri var idi. Onları müalicə etmişik. Müəyyən mərhələni keçəndən sonra, dövlət müəssisəsinə yerləşdirilməsi üçün müraciət edəcəyik.

- Burda olan uşaqlar ən çox hansı bölgələrdən olur? Mərkəzdə say baxımından qız, yoxsa oğlan uşaqları üstünlük təşkil edir?

- Bizim təşkilatda iki xidmət var. Müvəqqəti sığınacaq və gün ərzində küçə uşaqlarının reablitasiyası. Gün ərzinə baxanda, bizə gələn uşaqların əksəriyyəti Yevlax, Gəncə, Biləsuvar, Zaqatala və Siyəzən zonalarından olur. Demək olar ki, əksəriyyəti regionlardan gəlirlər. Gəlib Bakıda küçə həyatına məruz qalırlar. Sığınacaqda əsasən oğlan uşaqları çoxluq təşkil edir. Amma keçən il qızlar daha böyük fərqlə üstünlük təşkil etmişdi. Bu, o demək deyil ki, qızların problemləri yoxdur. Sadəcə olaraq, küçə həyatı sürən oğlanlar çox olur. Amma gün ərzi gələnlərin sırasında qızlar da çoxdur. Keçən ilin 3 və 4 – cü rüblərində sığınacaqda əsasən qızlar çox idi. Bunlar da ailə münaqişələri, uğursuz ailələr, uşağın valideyn nəzarətindən kənarda qalmasından əmələ gəlir. Bizim əsas məqsədimiz, həmin uşaqları ailələrə bərpa və bu problemləri dövlət qurumlarına çatdırmaqdan ibarətdir. Əgər uşağn ailədə qalması onun gələcək həyatı üçün problem yaradarsa, onu dövlətin himayəsinə veririk.

- Heç burda olan uşaqlardan kimlərisə övladlığa götürən olubmu?

- Bizim qəyyumluq statusumuz yoxdur. Qəyyum, ancaq dövlətin qurumudur. Biz QHT olduğumuz üçün uşağı aşkarlayıb, bu barədə dövlətə məlumat veririk. Bizim dövlətlə olan bu əlaqələrimiz artıq bir neçə ildir ki, sıxlaşıb. Onu da bildirim ki, bu gün uşaqları dilənçiliyə sövq edən hansısa mütəşəkkil dəstə yox, valideyndir.


- Uşaqları hansı şərtlər daxilində qəbul edirsiniz?

- Hər kəsi götürmürük. Əvvəla, xüsusi bir qrup olduğuna görə, roman tayfalarından, qaraçı uşaqlarıdan hər gördüyümüzü gətirmirik. Bu qrupla işləmək üçün xüsusi proqram olmalıdır. Çünki, onların həyat tərzi kütləvilik daşıyır. Amma onlarla da sıx əməkdaşlığımız var. Sənədlərinə, təhsilə bərpasına kömək edirik. Ancaq bu qruplara ilk öncə hüquqi qiymət verilməlidir. Hələ də onların milli mənsubiyyəti, etnik qrupları ilə bağlı dəqiq bir məlumat yoxdur. Lakin demək olar ki, onların əksəriyyəti məni tanıyır. Bizə istiqamətlənən uşaqlar əsasən polis əməkdaşları tərəfindən reydlər zamanı aşkarlananlar olur. Biz də həmin andan uşaqla işə başlayırıq. Yeni – yeni uşaq evə qaytmaq istəyində olur. Çünki, səhərlər dilənib, axşam evlərinə gedir. Lakin davamlı olaraq küçədə yaşayan uşaqlar azdır. Ən azından bir – iki dəfə ailələrinə gedirlər. Onu da deyim ki, çox qəşəng nömrələri olur. Elə nömrələrdir ki, bir - birilərinkini yadda saxlaya bilsinlər.

- Azərbaycanda bu sahəni mənfi qiymətləndirmək olarmı?

- Xeyr, Azərbaycanda uşaqların dilənçiliyə sövq edilməsi kütləvi xarakter daşımır. Sadəcə, valideynlərlə iş aparırıq. Sonradan həmin ailələrlə əlaqələrimiz olur. Əksər hallarda söhbətlərdən sonra uşaqlarını dilənçiliyə buraxmırlar. Amma elə ailələr də var ki, onlarla söhbətlər aparsaq da, uşaqlarının gələcəyini heç düşünmürlər. Onda hüquq – mühafizə orqanlarına müraciət edirik. Hətta bizim regionlarda dayaq məntəqələrimiz də var.

- Özləri nə danışır?

- Onlar pessimist yox, optimistdirlər. Hətta burdan qaçanlar da olur ki, onlarda da optimistliyi hiss etmək olur. Evdən qaçanların səbəbkarı isə əsasən valideyndir. Uşaqlar da ən çox problemli ailələrdən qaçır. Optimistlik ordadır ki, həmin problemdən qaçırlar.

- 20 ildir ki, fəaliyyət göstərirsiniz. Buraxdığınız uşaqların içində müəyyən vəzifələrdə çalışan, tutulan, pis yola düşənlər varmı?

- Təşkilat 20 ilin 10 ilini qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların reablitasiyası istiqamətində proqramlar həyata keçirib. Amma 2000 – ci ildən etibarən əsas gücümüzü baxımsız uşaqlara yönəltmişik. Bu 13 il ərzində əsgər gedən, ailə quran, hətta valideyn olmuş uşaqlarımız olub. Amma uğursuz nəticələrimiz də var. Qeydiyyatda olan elə uşaqlarımız var ki, hazırda həbsdədirlər. Elə uşaqlarımız da var ki, 18 yaşdan sonra bəzi ailələr onları övladlığa qəbul ediblər. Həmin uşaqların toylarında da iştirak etmişik. Bu baxımdan artıq neçə ildir ki, mənə nənə də demək olar. 20 illik fəaliyyətimizə baxdıqda uğurlu nəticələrimiz daha çoxdur. Amma islah olunmayan uşağımız da olub. Yalnız bir faktımız olub ki, davranışlarına görə, 17 yaşlı uşağımızı buradan uzaqlaşdırdıq.

- Heç olub ki, hansısa valideyn gətirib öz əli öz uşğını sizə versin?

- O qədər olub. Amma onların heç biri bunu aqresiyya ilə etməyiblər. Yalnız bir halda, elə uzaqlaşdırdığımız uşağın atası ondan imtina etmək niyyəti ilə gətirmişdi.

- Xüsusi bacarığı olan varmı?

- Əlbət ki, istedadsız uşaq yoxdur. Sadəcə, onu aşkarlamağı bacarmaq lazımdır. Bizim də onları tez üzə çıxarmaq imkanımız yoxdur. Amma hazırda bizdə yaxşı səsi olan, rəqs edə bilən, rəsmlər çəkən uşaqlar var. İki uşağımız özəl bağçaya, ikisi də məktəbə gedir. Sağolsunlar, özəl bağçalar pul götürmədi.

- Sənədləri nə yerdədi?

- Bir çoxunun sənədi var.
Amma bəzilərinin doğum haqqında şəhadətnamələri belə yoxdur. Hazırda belə 5 uşağımız var. Çünki, ev şəraitində doğulubblar. Valideyn də məsuliyyətsizliyindən bunun üçün müraciət etməyib.
Sizin Reklam Yeriniz