news Image
2012.04.26
14:04
| A A A
Vətəndaşlar yenə qazın az gəlməsindən narazılıq edir
Samir Əliyev: “Reallıq odur ki, sadə vətəndaşlar istifadə etdiyi kommunal xidmətlərə görə pulu vaxtlı-vaxtında ödəyir “ İlham Şaban: “Qazın təzyiqinin azalması əsas paylayıcı xətlərin dəyişdirilməsi prosesilə bağlıdır”

Verilən məlumatlara görə, artıq bir müddətdir ki, Bakıətrafı qəsəbələrə mavi yanacağın verilməsi sahəsində bəzi problemlər ortaya çıxıb. Problem də verilən qazın təzyiqinin azalması ilə bağlıdır. Nəticədə də vətəndaşlar gələn qazdan normal şəkildə istifadə edə bilmirlər. Başqa tərəfdən qazla bağlı digər problem bu sahədə itkilərin özünü göstərməsidir. Düzdür, itkilərin azalması üçün qaz xətlərinin çoxu dəyişdirilib. Buna baxmayaraq, həmin sahədə itkilər yenə də gözə çarpır. Görəsən, qazın təzyiqinin azalması nə ilə bağlıdır? Digər tərəfdən qaz itkiləri bu məsələdə nə dərəcədə rol oynayır?

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev düşünür ki, qazın təzyiqinin azalması mövsümü amillərin nəticəsidir: "Azərbaycanda qaz paylanması zamanı dövrü olaraq təzyiq dəyişdirilir. Qış fəslində qazın təzyiqi artırılsa da, havaların istiləşməsilə əksinə təzyiqdə azalma baş verir. Bu da qaza olan istehlakın qışla müqayisədə isti aylarda azalması ilə bağlıdır. Bu baxımdan "Azəriqaz" da həmin rejimə uyğun olaraq hərəkət edir. Ola bilsin ki, Bakı ətrafı ərazilərin bir çoxunda qazın təzyiqinin azalması məhz yaz rejiminə keçilməsilə bağlıdır. Qazın verilməsi zamanı itkilərin olmasına gəldikdə, bu hal özünü təkcə mavi yanacaq məsələsində deyil, həm də su və elektrik enerjisinin paylanması zamanı da göstərir. Reallıq odur ki, sadə vətəndaşlar istifadə etdiyi kommunal xidmətlərə görə pulu vaxtlı-vaxtında ödəyir. Amma bununla belə bir sıra hallarda onlara əsassız borclar yazılır". O qeyd etdi ki, qaz itkiləri həm xətlərdən qanunsuz istifadələrin olması, həm də müvafiq qurum işçilərinin bəzilərinin qeyri-qanuni əməllərinin nəticəsində yaranır: "Əhalinin üzərinə istifadə etmədiyi qaz və işığa görə də borclar gəlir. Belə vəziyyətdə prosesdə müəyyən anlaşılmazlıqlar yaranır. Həmin anlaşılmazlığın meydana gəlməsinin əsas səbəbi də paylanma şəbəkələrində çox böyük problemlərin olması ilə bağlıdır. Yəni qazla bağlı itkilərin bir hissəsi xətlərdən qanuzsuz istifadə ilə bağlıdırsa, bir səbəbi də müvafiq qurum işçilərinin qeyri-rəsmi olaraq qaz satmaları ilə əlaqədardır. İtkilərin olması ilə bağlı digər səbəb isə bir çox xətlərin köhnə olmasından irəli gəlir. Təbii ki, qaz itkisi zamanı da paylayıcı şəbəkə günahı həmişə insanların boynuna atıb, itkinin əvəzini onlardan çıxmağa çalışır. Bütün bunlara görə də bəzən insanlar istifadə etmədiyi qaza görə də əlavə və əsassız pul ödəməli olur. Belədə isə vətəndaşların paylayıcı şirkətlərdən narazılığı artır. Qaz itkilərinə yol verməmək üçün bəzi yerlərdə köhnə xətlərin yenilərilə əvəzlənməsi prosesi həyata keçirilib. Amma qaz xətlərinin heç də hamısı təzələnməyib, burada da problemlər qalır. Amma qaz itkisində xətlərin nasaz olması amilinin elə də rolu yoxdur. Bəzi hallarda nəzarətçilər gizli sexlərlə qeyri-rəsmi anlaşma nəticəsində onlara aşağı qiymətə və ya pulsuz mavi yanacaq verir. Bunun özü də son nəticədə qaz itkilərinə gətirib çıxarır".

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə qeyd etdi ki, qazın az təzyiqlə verilməsi əsas paylayıcı xətlərin dəyişdirilməsi prosesilə bağlıdır: "Müvafiq rəsmi qurumların verdiyi xəbərə görə, bir çox ərazilərdə, eləcə də Bakının daxilində paylayıcı xətlərin dəyişdirilməsilə əlaqədar olaraq qazın verilməsi prosesini alternativ xətlərə keçiriblər. Ona görə də bəzi yerlərə qaz verilməsi təzyiqi azalıb. Təzyiqin az olması məhz bu amillə bağlıdır. Bu isə müvəqqəti haldır. Hələlik qaz verilişi zamanı köməkçi xətlərdən istifadə olunduğundan və yeni infrastruktur istifadəyə verilmədiyindən vəziyyət müvəqqəti də olsa belə olaraq qalacaq. Çox güman ki, paylayıcı xətlərin dəyişdirilməsi işinin bitməsilə problem də öz həllini tapacaq. Hələliksə, qaz aşağı təzyiqlə verilir ki, köməkçi xətlər təzyiqə davam gətirməyib, deşilməsin".

Qazın verilməsi zamanı itkilərin olmasına gəldikdə isə İ. Şaban bildirdi ki, bu haqda hələlik rəsmi rəqəmlər açıqlanmayıb: "Nə "Azəriqaz", nə də Dövlət Neft Şirkəti bu barədə hansısa bir məlumat verməyib. Sonuncu dəfə qaz itkilərilə bağlı məlumat keçən ilin sonlarında açıqlanmışdı. Qaz itkiləri də paylayıcı şəbəkələrdəki nasazlıqlarla bağlıdır. Bizdə həqiqətən qaz paylanılması zamanı da çox böyük itkilərə yolverilir. Həmin itkinin səviyyəsi hardasa 15 faizə çatır ki, bu da böyük rəqəmdir".

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs