news Image
2012.04.27
21:42
| A A A
İranlı narkobaronların məkrli Azərbaycan siyasəti
Şəmsəddin Əliyev: “İrandakı təxribatçı qüvvələr ölkəmizə narkotik gətirməklə qeyri-qanuni yolla varlanmaq məqsədi güdürlər” Elman Nəsirli: “İrandan Dağlıq Qarabağa daşınan narkotik maddələr separatçıların silahlanmasına, terror aktı həyata keçirmələrinə sərf olunur”

Son illərdə Azərbaycanda narkotik istifadəçilərinin sayında artım olduğu rəsmi səviyyədə də etiraf olunmaqda və bununla bağlı ciddi həyəcan təbili çalınmaqdadır. Belə ki, rəsmi rəqəmlərə görə hazırda ölkədə 26 mindən çox insan narkotik istifadəçisidir. Hansı ki, onların arasında qadın və hətta məktəbli uşaq da var. Hər il bu pis vərdişin satışı ilə məşğul olan 2500-ə yaxın insan ölkəmizdə cinayət məsuliyyətinə cəlb olunur.

Ümumiyyətlə, son bir ildə müvafiq qurumlar tərəfindən bu bəlaya qarşı mübarizənin intensivləşdiyi hiss olunur. Lakin buna baxmayaraq, statistika narkotik alveri və istifadəsi sahəsində vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. Onu da qeyd edək ki, Azərbaycana narkotik maddələrin böyük hissəsi İran ərazisindən istifadə olunmaqla gətirilir. Rəsmi məlumatlara görə, Azərbaycana gətirilən narkotikin 97 faizi məhz cənub qonşumuzun payına düşür. Daxili İşlər Nazirliyinin rəsmisi Tanrıverdi Aydınovun açıqlamasına görə İranda müəyyən qüvvələr Azərbaycanla düşmənçilik mövqeyində olduğundan ölkəmizə narkotik maddələrin məqsədli şəkildə gətirilməsini təşkil edirlər. Həmin açıqlama göstərir ki, İranın bəzi dairələrinin məqsədyönlü siyasəti olmasaydı, ölkəmizdə narkotiklə bağlı problemlər bu qədər ciddi və təhlükəli xarakter almazdı. Digər tərəfdən, İran Dağlıq Qarabağ və Azərbaycanın digər işğal altında olan rayonlarında da geniş narkoticarət həyata keçirir. Hansı ki, bu ərazilərin hələlik Azərbaycanın nəzarətindən kənarda qaldığından orada narkotiklərlə bağlı vəziyyət daha kritikdir. Görəsən, İranın ölkəmizə narkotik maddələr ötürməkdə konkret məqsədləri nədir? Azərbaycan bu halın qarşısını almaq üçün hansı tədbirlər həyata keçirməlidir?

"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin fikrincə, İrandakı bəzi dairələrin Azərbaycana narkotik daşınmasında məqsədləri varlanmaq ehtirasından doğan bir məqamdır. Digər bir məqam isə Ş. Əliyevə görə Azərbaycan əhalisini vahimə içərisində saxlamaq məqsədindən irəli gələ bilər: "Oradakı təxribatçı qüvvələr ölkəmizə narkotik gətirməklə qeyri-qanuni yollarla varlanmaq məqsədi güdürlər. Bu gün Azərbaycanın ərazisindən istifadə etməyə çalışmaqla İrandakı narkobaronlar özlərinin varlanmaq məqsədlərini həyata keçirirlər. Onu da qeyd edim ki, İrandakı narkotiklə bağlı dairələr öz fəaliyyətlərini əsasən də Azərbaycanın işğal altında olan ərazilərində həyata keçirirlər. Bu yerlərin nəzarətdən kənarda olması narkotik ticarətçilərinin ayaq açması üçün əlverişli məkan sayılır. Bu mənada da İrandakı narkotiklə bağlı bəzi dairələr öz fəaliyyətlərini işğal altında olan torpaqlarımızda daha geniş surətdə həyata keçirirlər. Ölkəmizin ərazisinə narkotik daşımaqla ola bilsin qonşu ölkədəki qüvvələr həm də Azərbaycan əhalisini qorxu altında saxlamaq, vahimə yaratmaq məqsədi də daşıyır". Həmsöhbətimiz bildirdi ki, İranın sözügedən fəaliyyətinin qarşısını almaq üçün ictimai və dövlət nəzarətinin gücləndirilməsini vacib bildi: "Birinci növbədə vətəndaşların ayıq-sayıq olmasına nail olmaq gərəkdir. Bunun üçün də vətəndaşlarımız arasında ciddi hüquqi maarifləndirmə işləri aparılmalıdır ki, onlar narkotik maddələrə aludə olmasın. Digər tərəfdən ictimai nəzarətlə yanaşı, dövlət nəzarəti daha da güclü olmalıdır ki, ölkəmizə narkotik gətirilməsi prosesləri minimuma ensin. Narkotiklərə qarşı mübarizə aparan müvafiq qurumların bu sahədə fəaliyyəti günü-gündən güclənir. Bunun nəticəsidir ki, narkotiklərlə bağlı aşkar olunan faktlar aydan-aya artır. Bu da müvafiq qurumların narkotiklərlə ciddi mübarizə apardığını göstərir. Amma bununla yanaşı insanların özündə də bir təpər, iradə, qınaq olmalıdır ki, narkotiklərə meyillənməsinlər".

Politoloq Elman Nəsirli isə qeyd etdi ki, ölkəmizə narkotik maddələr gətirməklə İrandakı dairələr bir tərəfdən qazanc əldə etməyi düşünürlərsə, digər tərəfdən də Dağlıq Qarabağdakı separatçılar və terrorçuların silahlanmasına rəvac verirlər: "Ölkəmizə gətirilən narkotik maddələrin mənbəyi beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunduğu kimi, Əfqanıstandan başlayıb İrana keçir. Buradan da nəzarətdən kənarda qalan Dağlıq Qarabağa gətirilir. Həmin yerdən də narkotiklər Ermənistan, Gürcüstan, Rusiya istiqamətləri üzrə Avropaya daşınır. Yəni narkotiklərin daşınması marşrutu bəllidir. Bu marşrutlar barədə yerli və xarici kütləvi informasiya vasitələri dəfələrlə yazıb. İrandakı bəzi dairələr Azərbaycana narkotik gətirməklə bir sıra məqsəd güdürlər. Narkotiklərin qeyri-qanuni dövriyyəsindən gələn gəlir faktiki olaraq dünyada ən çox qazanc verən üç sahədən biridir. Bu baxımdan İran ərazisindən narkotiklərin ölkəmizə keçirilməsinə şərait yaradan konkret qüvvələr həmin yolla külli miqdarda qazanc əldə edir. Digər tərəfdən İrandan işğalda olan Dağlıq Qarabağ və digər ərazilərimizə narkotiklərin daxil olması çox rahatdır. Çünki həmin ərazilər Azərbaycanın nəzarətindən kənarda qaldığından oradakı erməni narkobaronlar prosesdə fəal rol oynayır. Onların bu məsələdə İranlı həmkarları ilə güclü təmasları mövcuddur. Dağlıq Qarabağda qeyri-qanuni narkotik alverindən gələn gəlir isə separatçı rejimin silahlanmasına, mövqelərinin möhkəmlənməsi və onların torpaqlarımızın işğal altında saxlanılması siyasətini davam etdirmələrinə, xüsusən də terror aktlarını həyata keçirmək üçün istifadə edilir. Hesab edirəm ki, bu məsələ ilə bağlı İranda paradoksal vəziyyət yaranıb. Əslində İranda narkotikdən istifadəyə görə ən ağır cəza nəzərdə tutulur. Amma buna baxmayaraq İran ərazisində göz yumulduğuna görə narkotik tranziti rahat şəkildə həyata keçirilir. Halbuki İran istəsəydi həmin məsələni qısa zamanda həll edə bilər. Həll etmirlərsə, deməli, bunda maraqlı deyillər. Dağlıq Qarabağ istisna olmaqla digər ərazilərimizdən narkotiklər keçiriləndə Azərbaycanın müvafiq qurumları həmin qüvvələri zərərsizləşdirməyə nail olur. Problem yalnız işğal olunmuş ərazilər ətrafındadır. Orada da nəzarət olmadığından narkotik tranziti üçün əlverişli şərait yaranıb. Həmin ərazilərdə bu səbəbdən də Azərbaycan hüquq mühafizə orqanlarının prosesin qarşısını almaq imkanları yoxdur. Ona görə də İrandan ölkəmizə narkotik daşınması prosesi beləcə tüğyan etməkdədir".

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs