Əlaqə Arxiv
news Image
2012.04.03
19:51
| A A A
Azərbaycanın ABŞ-dakı səfirliyi ermənilərin növbəti yalanını təkzib etdi
"Öz gələcəyi naminə Ermənistan rəhbərliyinin müdriklik nümayiş etdirməsinin və Azərbaycanla sülh danışıqlarında ciddi və konstruktiv iştirakının vaxtı çatıb" Martın 24-də "Macəra və səyahət: unudulmuş Müqəddəs Torpağın kəşfi" ("Adventure & Travel: Discovering the Forgotten Holy Land," Off Duty) jurnalında haqqında danışıldığı kimi Azərbaycan Ermənistan ərazilərinə iddia etmir. Əksinə, Ermənistan Azərbaycanın torpaqlarını işğal etməkdə davam edir. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nəsimi Ağayevin "The Wall Street Journal"da dərc edilən məktubunda deyilir.

"1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla, beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal edib. İşğalın qanunsuz xarakteri və Azərbaycan vətəndaşlarının işğal olunmuş ərazilərdən qovulması beynəlxaql birlik, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilib", - Ağayev yazır. Onun sözlərinə görə, turistlərin cəlb edilməsi və Ermənistanda ümumi iqtisadi durğunluqla bağlı problemlərə gəlincə, əlbəttə ki, həlli yubanan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizama salınması Ermənistana öz qonşuları ilə bütün kommunikasiyaları açmaq, regional inteqrasiyaya qoşulmaq, öz iqtisadiyyatını inkişaf etdirmək və tam ölçüdə öz turizm potensialından istifadə etmək imkanı verəcək.

Beləliklə, münaqişənin həlli Ermənistan əhalisinə uzun müddətdən bəri gözlənilən firavanlıq gətirəcək. "Öz gələcəyi naminə Ermənistan rəhbərliyinin müdriklik nümayiş etdirməsinin və Azərbaycanla sülh danışıqlarında ciddi və konstruktiv iştirakının vaxtı çatıb", - Ağayev yazır.
Sizin Reklam Yeriniz