news Image
2012.05.22
15:14
| A A A
Fərdi evlərin inşasına çəkilən xərclər artır
Ekspertlər bunu daha çox mövsümi amillərlə izah edirlər

Mövsümlə əlaqədar olaraq ölkədə fərdi evlərin tikintisində yenidən artım müşahidə olunur. Çoxmərtəbəli binalardan fərqli olaraq indi fərdi evlərin tikintisində bir dinamiklik müşahidə olunur. Lakin məsələnin maraqlı tərəflərindən biri odur ki, əvvəlki illərlə müqayisədə fərdi evlərin inşası da indi baha başa gəlir. Əsas səbəb isə tikinti materiallarının bahalaşmasıdır.

Bununla belə qeyd olunduğu kimi ölkədə fərdi ev tikintisinə maraq artmaqdadır. Mütəxəssislər tikinti materiallarının bahalaşmasını müxtəlif amillərlə izah edirlər. Belə ki, dünya bazarında yanacağın qiymətinin artması xaricdə istehsal olunan malların maya dəyərinin çoxalmasına səbəb olur. Buna görə də, ölkəyə idxal olunan tikinti materialları bahalaşır. Amma daxili bazarda qiymət artımı təkcə xaricdən asılı deyil. Avtomobillərin yükgötürmə imkanlarının məhdudlaşdırılması, daha doğrusu, onların normadan artıq yüklənməsinə yol verilməməsi də qiymətləri artırıb.

Bütün bunlar son nəticədə fərdi evlərin maya dəyərini artırıb. Nəticədə, fərdi evlərin inşasına çəkilən xərclər orta hesabla 7-10 faiz artıb. Məsələn, əvvəllər fərdi evlərdə mənzillərin bir kvadratmetrinə çəkilən minimum xərc 200 manat idisə, indi bu rəqəm 230-250 manata çatıb. Daşınmaz əmlak bazarını araşdıran mütəxəssislər hesab edir ki, yeni binaların dövlət tərəfindən təhvil alınmaması, belə binalarda qaz xəttinin olmaması da vəziyyətə təsir edir. Bundan başqa, gələcək ev sahibi mənzili istədiyi formada inşa edə bilir. Fərdi ev inşasına marağın çox olması hündür mərtəbəli binalarda mənzillərin baha olmasından irəli gəlir. Məsələn, ev almaq istəyən şəxs 25 min manata birotaqlı mənzil almaqdansa, elə bu qiymətə şəhərdən kənar olsa da, ev tikməyə üstünlük verir.

Mütəxəssislərin hesablamalarına görə, fərdi evin inşası üçün çəkilən xərclərin 45-47 faizi tikinti materialları, 14 faizi torpağın alınması, 23-25 faizi ustanın əmək haqqına yönəldilir. Yerdə qalan vəsait isə digər xərclərə sərf edilir.

İnşaat materialları bazarında çalışan satıcılar isə son günlərdəki bahalaşmanı, əsasən, mövsümi amillərlə izah edir. Qiymət dəyişikliyi əsasən, idxal məhsullarında daha tez-tez müşahidə olunur. Buna səbəb kimi, idxal qiymətlərinin süni və qeyri-süni şəkildə artıb-azalması göstərilir. Ümumiyyətlə, inşaat materialları bazarında inhisarçılıq, süni qiymətləndirmə, mövcud tikinti sahəsindəki durğunluq, maliyyə böhranı mənzil bazarındakı dinamikaya və qiymətləndirməyə təsir göstərən əsas amillər hesab olunur. Maraq doğuran məsələlərdən biri tikinti materiallarının bahalaşmasının mənzil qiymətinə nə dərəcədə təsir göstərəcəyi, bunu bahalaşdırıb-bahalaşdırmayacağı ilə bağlıdır. Bu xüsusda ekspertlər arasında fərqli fikirlər hökm sürür. Məsələn, bəzi ekspertlərin fikrincə, baş verənlərin mənzil bazarına hər hansı təsiri gözlənilmir. Bildirilir ki, indiki mərhələdə tikinti materiallarının qiymət artımı və ya azalmasının mənzil bazarına heç bir formada təsiri yoxdur və olmayacaq da. Bildirilir ki, son ayların müşahidələri tikinti-inşaat işləri tempinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü göstərir. Bunun nəticəsində də artıq investorların qiyməti tikinti materiallarının qiymətinə uyğun deyil. Onlar qiyməti real bazarın tələblərinə uyğunlaşdırmağa çalışır. Qeyd edilir ki, mövsümlə bağlı olaraq topdansatışla məşğul olan fiziki və hüquqi şəxslər bəzi psixoloji amillərdən dolayı tikinti materiallarının qiymətini artırıb. Bildirilir ki, burada başqa heç bir səbəb yoxdur. Pərakəndə satışla məşğul olan insanlar isə tələblə təklif arasında hər hansı bir ciddi dəyişikliyin olmadığını iddia edir.

Bəzi iqtisadçı ekspertlər isə vurğulayır ki, tikinti materiallarının bahalaşmasının mənzil bazarına təsiri gözləniləndir. Belə ki, daşınmaz əmlak bazarında əvvəlki həcmdə olan ciddi durğunluq halı cüzi şəkildə olsa da aradan qalxmaqdadır, satış həcmində az da olsa canlanma müşahidə olunur. Bütün hallarda, tikinti materiallarının qiymətinin qalxması isə mənzil bazarında qiymətləri bahalaşdıra bilər. Çünki tikinti bazarının canlanması çox həssas məsələdir. Ona görə də həmin qiymətin birbaşa olaraq daşınmaz əmlak bazarında qiymətlərin qalxmasına səbəb olacağı qaçılmazdır. Digər tərəfdən, bazar iştirakçıları gələcəkdəki xərcləri üstələmək üçün qiymət artımına gedə bilər. Amma onlar qiymət artımının yeni durğunluğa səbəb olacağından da ehtiyatlanır. Bu səbəbdən də sözügedən hadisə mənzil bazarında qiymət artımına birbaşa təsir edir. Həmin qiymət artımı davamlı şəkil alsa, ekspertlər onun daşınmaz əmlak bazarına təsirinin daha pis olacağını bildirir.

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs