news Image
2012.04.06
12:33
| A A A
Telekanallarda hələ də çözülməyən maarifçilik problemi
Qulu Məhərrəmli: «Telekanallar proqram siyasətini bəhanə gətirib müxtəlif səviyyəsiz verilişlər efirə verirlər»

Azərbaycanın əksər telekanallarında maarifləndirmə xarakterli verilişlərin sayının az olması, bəzi kanallarda isə ümumiyyətlə, olmaması ciddi narahatlıq doğurmaqdadır.  Dəfələrlə dövlət rəsmiləri, əsas etibarilə  özəl telekanalları bayağı, şit verilişlər hazırlayıb efirə verməkdə ittiham ediblər. 

Məsələ yüksək tribunalarda müzakirəyə çıxarılıb, telekanallara məsləhət xarakterli göstərişlər verilib. Amma hələ də biz qınaqların, məsləhətlərin nəticəsini görmürük. Əksinə bu sahədə vəziyyət daha da pisləşməkdədir. Niyə maarifçilik verilişlərinin sayı az, səviyyəsi isə aşağıdır? 

Mövzu ətrafında söhbətləşdiyimiz media üzrə ekspert, professor Qulu Məhərrəmli bildirdi ki, bütün dünyada 19-cu əsrdən bu yana ən aparıcı tendensiya maarifçilikdir: "Təəssüf ki, bizim telekanallar bu tendensiyanı görmürlər. Sovet dövründə telekanallar əsasən təbliğata və təşviqata üstünlük verirdilərsə, bu gün informasiya və əyləncəyə üstünlük verirlər.  Hər iki quruluşda maarifçilik məsələsi yaddan çıxıb. Hətta mədəniyyətlə bağlı da maarifləndirmə verilişləri aparmaq olar. Hansısa mahnının tarixçəsini araşdırmaq, musiqinin sirlərinin ictimaiyyətə çatdırmaq mümkündür.  Demək olmaz ki, bütün telekanallarda vəziyyət pisdir və ya maarifçilik istiqamətində heç bir iş aparmırlar. Cəhdlər zəif də olsa var, sadəcə buna təkan vermək lazımdır.  Bir maraqlı məqamı da diqqətinizə çatdırım ki, son vaxtlar bütün dünyada radioların və internet saytlarının telekanalları üstələmək prosesi gedir. Azərbaycanda hələ ki, internet saytları zəif də olsa inkişafa daha çox meyillidilər. Tarixi, ədəbi, elmi, ictimai-siyasi və s. yönümlü müxtəlif adda internet saytlarına rast gəlmək mümkündür. Bu olduqca maraqlıdır. İnsanların televiziyalara əlləri çatmayanda alternativ vasitələlərdən istifadə edirlər". 

Q.Məhərrəmli hesab edir ki, telekanallara yönəlmiş ittihamları qulaqardına vurmaq düzgün olmazdı: "Hər bir iradda yüz faiz olmasa da, müəyyən qədər həqiqət yükü var. Heç kəs boş-boşuna telekanalı tənqid etmir.  Bizim telekanallarda gedən əyləncəli, xüsusilə də son vaxtlar hər kəsin dartışdığı evlilik verilişləri bütün dünya ölkələrinin aparıcı telekanallarında verilir. Sadəcə, bizdə bu tip verilişlər nədənsə alınmır. Verilişin yaradıcı heyəti ilə yanaşı, aparıcıların, iştirakçıların və tamaşaçıların da bu kimi verilişlərin pis alınmasında rolu var. Türkiyə telekanallarına baxdıqda görürük ki, həqiqətən də iki gəncin qovuşması üçün aparıcıların məsələyə müdaxiləsinə, valideynləri razı salmalarına ehtiyac var. Bizdə isə həmin tip verilişlərə çıxanların məqsədləri, özlərini aparma səviyyələri verilişlərin uğurlu alınmasına imkan vermir".

"Maarifləndirici verilişlərin sayının artırılması üçün nə kimi işlər görülməlidir" sualına cavab olaraq Q.Məhərrəmli əlavə etdi ki, burada söhbət telekanalların səviyyəsinin artırılmasından gedir: "Telekanallar proqram siyasətini bəhanə gətirib müxtəlif səviyyəsiz verilişlər efirə verirlər. Əyləncəli verilişlərin içində də maarifçilik var. Verilişlərə dəvət olunan ekspertlər məsələ ilə bağlı fikirlərini söyləyirlər, psixoloqların, mütəxəssislərin, hüquqşünasların yanaşmaları var. Bunları yaddan çıxarmaq olmaz. Maarifçilik verilişi o demək deyil ki, tamaşaçılara tarixdən, ədəbiyyatdan dərs deyəsən". 

Q.Məhərrəmli hesab edir ki, telekanallarda peşəkarların sayını artırmaqla, rəqabət mühitini formalaşdırmaqla daha keyfiyyətli verilişləri hazırlayıb ortaya çıxarmaq mümkündür: "Telekanallar bəlli çərçivələrdə fəaliyyət göstərirlər. Sizin kimi mən də çox istəyərdim ki, hər axşam evə gedəndə xarici telekanallara deyil, öz telekanallarımıza baxım". 

Media eksperti Zeynal Məmmədli isə məsələ ilə bağlı bildirib ki, ümumiyyətlə televiziya tipli bir qurum həmişə cəmiyyətdən bir pillə öndə olmağı bacarmalıdır: "Ona görə ki, televiziyalara daima daha yaradıcı və qabiliyyətli insanlar toplanırlar. Əgər televiziya vasitəsilə cəmiyyətə örnəklər aşılanırsa, seyirici də təbii ki, özünü örnək gördüyü şeylərə bənzətməyə çalışır. Baş verənlər cəmiyyətin günahından daha çox, cəmiyyəti idarə edən və qərar verənlərin günahıdır. Yəni bunu cəmiyyətin üstünə atmaq olmaz. Cəmiyyət bu məsələlərə etirazını başqa televiziyalara baxmaqla bildirir. Seyiricilər əgər yerli televiziyalara baxmırsa, deməli, cəmiyyət fərqindədir ki, bu televiziyalar onların tələbatını ödəmir".

R. XƏLİLOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs