Əlaqə Arxiv
news Image
2012.04.11
11:48
| A A A
Azərbaycanda vətəndaş siqaretin alınmasına 22 min manat xərcləyir
Siqaret çəkənlərin orta illik xərci isə 548 manat təşkil edir


İnsan orqanizmi üçün ən böyük zərərli məhsullar sırasına daxil olan siqaretin aludəçiləri getdikcə artmaqdadır. Bu problem indi bütün dünya dövlətləri, o cümlədən Azərbaycan üçün də aktualdır. Dünya Səhiyyə Təşkilatı (DST) bəyan edir ki, "siqaret çəkmək sağlamlığınız üçün zərərlidir" sözləri artıq öz effektini itirib. 

Siqaretlə mübarizə üçün daha təsirli metodlara əl atmaq lazımdır. Lakin belə metodlar hələ ki, işlənib hazırlanmayıb. Elə bu səbəbdən siqaretin qiyməti artsa belə yenə ondan istifadəçilərin sayı çoxalmaqda davam edir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə siqaret məhsullarının qiymətində artımlar müşahidə edilməkdədir. Belə ki, paytaxtın dükanlarında siqaret çeşidləri 10-15 qəpik baha satılır.  İqtisadçı-ekspert Vüqar Bayramova görə, bu artımlar dünya bazarında qiymətlərin bahalaşması ilə bağlıdır: "Azərbaycanda siqaret istehlakı idxaldan asılıdır. Belə ki, son illər daxildə siqaret istehsalı da azalıb.Nəticədə siqaretin idxaldan asılılığı artıb. 2010-cu ildə ölkəyə 228 min ABŞ dolları həcmində tütün və tütünün sənaye əvəzediciləri idxal olunub. Bu isə ümumi idxalın 3.4%-ni təşkil edib".

V.Bayramovun sözlərindən bəlli olur ki, siqaretin qiyməti dünya bazarında siqaret məhsullarının qiymətindən asılı olaraq dəyişir: "Son günlər  müşahidə olunan bahalaşma da məhz bu səbəbdəndir. Mart ayının yekunlarına əsasən, Avropa ölkələrində siqaret məhsulları 7,6 faiz bahalaşıb. Fransada bu rəqəm 8,4 faiz, Böyük Britaniyada 5,2 faiz, Belçikada 7 faiz təşkil edib.  Aparılan təhlillər qonşu ölkələrdə də siqaretin qiymətinin artdığını göstərir. Bu artımlar 2011-ci ildə dünyada tütün və siqaret  istehsalının azalması  ilə bağlıdır. 2011-ci ilin yekunlarına görə,  dünyada tütün istehsalı 6,5 faiz aşağı düşüb. Ümumiyyətlə, ötən ilə görə, tütün istehsalı böhran keçirən sektor hesab edilib".

Azərbaycanda təxminən hər 3 nəfərdən birinin siqaret çəkdiyini deyən mütəxəssis hesab edir ki,  bahalaşma siqaret çəkənlərin maliyyə durumuna mənfi təsir göstərir: "Qiymətləndirmələrə əsasən  ölkədə siqaret çəkənlər orta hesabla gün ərzində siqaretə 1,5 manat xərcləyirlər. Bu da siqaret çəkən vətəndaşın il ərzində siqaretə 548 manat xərcləməsi deməkdir. Orta siqaret çəkmə müddətini 40 il götürsək deməli, vətəndaş həyatı boyu siqaretin alınmasına 22 min manat xərcləyir. Bu da kifayət qədər böyük rəqəmdir. Siqaretin qiymətinin artmasının iqtisadi tərəflərini nəzərə alaraq siqaret təklifində idxaldan asılılığın aradan qaldırılmasına zərurət var. Tütün sektorunun inkişafı ilə bağlı addımlar atılmalıdır. Xatırladım ki, 2000-ci ilin sonlarında   hökumət  tütün sektorunun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirdi. Lakin  bu addımlar sonradan davamlı olmadı".

Xatırladaq ki, cari ilin fevralında   Azərbaycanda üzümçülük, pambıqçılıq, çayçılıq və tütün istehsalının inkişafı ilə bağlı müvafiq dövlət proqramları qəbul olunub. Hələlik isə həqiqətdir ki, günümüzdə tütünçülük isə aqrar sektorun bir qolu kimi artıq yox olub. İqtisadçı ekspertlərin fikrincə, bu sahənin tənəzzülünün obyektiv və subyektiv səbəbləri var. Bunlardan biri istehsal olunan məhsulların bazarlarının itirilməsi və hazırda bu məhsulların reallaşdırılmasının olduqca çətin olmasıdır. Bildirək ki, hazırda bu sahənin məhsullarına olan tələbat xaricdən idxal hesabına ödənilir. Tütündə bu göstərici 90% təşkil edir. Mütəxəssislər bildirir ki, bu sahələrin inkişafı ölkənin idxaldan asılılığını ləğv edə bilər. 

Lakin istənilən halda tütündən istifadənin məhdudlaşması üçün maarifçilik işlərinin genişləndirilməsinə xüsusi ehtiyac var. Çünki Azərbaycanda da siqaret çəkənlərin sayı artan templə gedir. Hətta son illər gənclər və qızlar arasında bu hala yoluxanlara daha tez-tez rast gəlinir. Bu vərdişə qarşı bir sıra mübarizə tədbirləri həyata keçirilir. Məsələn, dünyanın sivil ölkələrinin əksəriyyətində ictimai yerlərdə siqaret çəkmək qadağan olunub. Azərbaycanda da artıq bu istiqamətdə iş gedir. Lakin hələ də ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun Milli Məclisin müzakirəsinə çıxarılmır. Xatırladaq ki, Azərbaycan hələ 4 il əvvəl DST-nın "Siqaretlə mübarizə konvensiyası"na qoşulub. Konvensiyanın tələblərindən biri də budur ki, məsələ yerli qanunvericilikdə öz əksini tapmalıdır. 

Hələlik, bununla bağlı yerli qanunvericilik layihə şəklində işlənib hazırlansa da, qəbul edilməyib.   Layihəyə əsasən, ölkədə televiziya və radio yayımçıları, təhsil və səhiyyə nazirliklərilə birgə siqaret çəkmənin zərərli tərəfləri haqqında proqram hazırlanacaq. Bu proqram bir ay ərzində 90 dəqiqədən az olmayaraq yayımlanmalıdır.

Siqaret çəkilməyən yerlərin siyahısı da müəyyənləşib. Layihə qəbul olunsa, səhiyyə, elm və təhsil müəssisələrində, muzey, kitabxana, kinoteatr, ictimai nəqliyyat, avtovağzal və s. yerlərdə siqaret çəkən şəxslər cərimələnəcək.  Statistikaya görə, hər il dünyada 5 milyon adam siqaretdən dünyasını dəyişir. Dünyada yoluxucu xəstəliklərin qarşısının alınması üçün xərclənən vəsait qeyri-infeksion xəstəliklərin lokallaşdırılmasına ayrılan pullardan 20-30 dəfə çoxdur. 

Statistika göstərir ki, ölüm hallarının səbəblərinə görə birinci yerdə ürək və qan-damar xəstəlikləri dayanır. Bu xəstəliklərin də əsas törədicisi siqaretə və alkoqola aludəçilikdir. Ona görə də dünyanın əksər ölkələrində bu kimi ziyanlı vərdişlərə qarşı ciddi mübarizə aparılır. 

Əsgər CAVADOV

Sizin Reklam Yeriniz