Əlaqə Arxiv
news Image
2012.08.07
13:14
| A A A
Cibləri deşən kredit faizləri
Samir Əliyev: “Azərbaycanda çox az bank var ki, onların xarici bazarlara çıxışı var və həmin banklar xarici banklardan ucuz resurs cəlb edə bilirlər” Natiq Cəfərli: “Faizlərə yenidən baxılması ilə bağlı banklara dəfələrlə müraciətlər olsa da, onlar əks addım atdılar”

Müasir dövrdə kapitalizm cəmiyyətində insan həyatının ayrılmaz hissəsindən biri də kreditdir. Çünki  gündəlik şəxsi tələbatı ödəmək və ya hər hansı biznesi qurmaq üçün mütləq əlavə vəsaitə ehtiyac var. Bütün bu tələbatları qarşılamaq üçün isə kredit təşkilatlarına, xüsusən də banklara müraciət edirik. Əslində aldığımız kreditlər qeyd etdiyimiz bu dar çərçivədən də kənara çıxa bilir. Məsələn, ölkədə iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.

Amma bir çox hallarda aldığımız kreditlər işimizə yaramaq əvəzinə bizi yarı yolda da qoya bilir. Çünki banklar krediti yüksək faizlə verir. Ötən ilin statistik göstəricisi açıqlananda məlum oldu ki, Azərbaycan dünyanın ən yüksək faizlə kredit verən ölkələrindən biridir. Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda bank kreditlərinin orta faiz dərəcəsi milli valyutada 16%, xarici valyutada isə 17% təşkil edir.

Biznes kreditləri 20-25%, istehlak kreditləri isə 20-30% civarındadır. Xarici ölkələrin kredit bazarının təhlili ölkədəki faiz dərəcələrinin yüksək olduğunu sübut edir. Məsələn, Avropa Birliyi ölkələrində istehlak krediti orta hesabla 7-8%-ə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətində asılı olaraq 2-7% təşkil edir. ABŞ-da bu göstərici 5%-dən çox deyil.

Ekspertlər kredit faizlərinin bu qədər yüksək olmasının səbəblərini müxtəlif vasitələrdə görürlər. İqtisadçı ekspert Samir Əliyev də ölkəmizdə kredit faizlərinin yüksək olduğunu təsdiqləyir: "Doğrudur, dünynın inkişaf etmiş ölkələri ilə Azərbaycan arasında kredit faizlərinə görə böyük fərq var.  Bu fərq 4-5 dəfəyə yüksəlir. Rəsmi açıqlamalara görə illik kredit faizi 16-17 faizidir, amma reallıqda 22-24%-dən aşağı kredit götürmək iqtidarında deyilik. Bu rəqəm 30 % və daha böyük rəqəmlərə qədər yüksəlir."

Ekspertin fikrincə, bu problemin yaranmasına və hazırda mövcud olmasına bir çox amillər təsir edir: "Bunun birinci səbəbi ondan ibarətdir ki, ölkə iqtisadiyyatında risk səviyyəsinin yüksək olması faiz dərəcələrinin də yüksək olmasına təsir edir. Yəni, bu o deməkdir ki, banklar kredit verməkdə maraqlı olsalar da, həmin pulun geri qayıtmasına inanmırlar. Təsadüfi deyil ki, Azərbaycanda vaxtı keçmiş, problemli kreditlərin sayı artır. Digər səbəbi bankları rəsmi və qeyri-rəsmi xərclərində görmək olar. İlk baxışdan belə çıxır ki, banklar bir kreditə görə ortalama 25 faiz qazanır. Amma araşdırdıqda məlum olur ki, onların gəliri 4-6 fazidən çox deyil. Təsəvvür edin ki, banklar hər kreditdən 20-21 faiz itirir. Bu faizlər bankın xərcini təşkil edir. Bu xərclərə kredit resursunun dəyəri də daxildir. Hansı ki, banklar həmin kredit resursunu cəlb edir. Bankın əməliyyat xərclərinin dəyəri və onun əməliyyat xərcləri də bu xərclərə daxildir."

Samir Əliyevin fikrincə, kreditlərin faiz dərəcələrinə təsir edən amillərdən biri də əmanətlərdir: "Kreditlərin təxminən yarısı əmanətlər hesabına formalaşır. Əhalidən əmanət cəlb edən banklar onu kredit şəklində müştəriyə verirlər. Qeyd edim ki, əmanətlərin kredit faizi yüksək olduğundan bu da kredit faizinə təsir göstərir. Hazırda əmanətlərin faiz dərəcəsi 10-15 % arasında dəyişir."

Ekspert  hesab edir ki, bank kreditlərinin faiz dərəcələrinin yüksək olmasının ən böyük səbəblərindən biri banklarımızın xarici bazara çıxışının az olmasıdır: "Azərbaycanda çox az bank var ki, onların xarici bazarlara çıxışı var və həmin banklar xarici banklardan ucuz resurs cəlb edə bilirlər. Amma bu mümkün olmadığına görə banklar yerdə qalan iki əsas vasitədən istifadə edir. Birincisi əmanətlər digəri isə bankların özünün məcmu kapitalıdır. Bütün bu sadaladığım vasitələrə əlavə olaraq infilyasiyanı da göstərmək olar. Xüsusən də banklarımız rəsmi inflyasiyadan çox, qeyri-rəsmi infilyasiyanı əsas götürür. Çünki qeyri-rəsmi infilyasiya daha çoxdur" .

İqtisadçı eksper Natiq Cəfərli xatırladır  ki, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi cəmi 5,25 faizdir: "Dünya praktikasında mövcuddur ki, əgər Mərkəzi Bankın uçot dərəcəsi nə qədərdirsə maksumum ondan 20-30 faiz artığına kreditləşdirmə həyata keçirilir. İndi uçot dərəcəmiz 5,25 faizdirsə, maksimal kredit dərəcələrimiz 8 faizə yaxın olmalı idi. Amma nədənsə Mərkəzi Bankın pulu ucuz - 5,25 faizlə verməsinə baxmayaraq kredit dərəcələri hələ də yüksək olaraq qalır. Bunun səbəbi rəqabətli mühütin olmaması və bankalararası müəyyən sövdələşmə prinsipinin olmasıdır. Bankların Banklar Assosiasiyasi vasitəsi ilə və ya bankaların sahibləri vasitəsilə müəyyən sövdələşmələri olur ki, Azərbaycanda kredit dərəcələrini yüksək səviyyədə saxlasınlar. Bəzi banklarda istehak kreditləri ilə bağlı müəyyən dəyişikliklər olur. Məsələn, avtomobil krediti ilə bağlı bəzi banklar müəyyən addımlar atır. Bankaların atdığı addım həmin aşağı salma, endirim kampaniyasının şirkətlərə köməyi ilə olur. Məsələn, "Mazda" və "Honda" kimi avtomobil şirkətləti kampaniyalara başladı. Aşağı faizli kredit təklif edirlər, amma bankın itirdiyi faizi həmin şirkətlər öz büdcələrindən qarşılayırlar. Bir də bildiyiniz kimi "Şkoda"  bu kampaniyaya qoşulub. 9-11 faiz avtomobil kreditləri verirlər. Bu müəyyən dərəcədə bazarda rəqabəti yaratmağa kömək etdi. Amma banklar öz faiz dərəcələrini şirktlərdən almağa davam edirlər.

Kiçik istehlak kreditlərində vəziyyət ümumiyyətlə bərbaddır. Ən yaxşı halda 20 faizə kreditlər verilir. 24, 26 hətta 28 faiz kreditlər mövcuddur. İstehlak kreditlərinin digər növü indi aktual olan turizm kreditləridir. Turizm krediti ölkədə 24 faizdir. Bunlar  çox böyük rəqəmlərdir. Ölkə bazarında qiymət artımına təsir edən amillərdir. Faizlər yenidən baxılması ilə bağlı banklara dəfələrlə müraciətlər olsa da onlar əks addım atdılar. Əhalidən qəbul olunan əmanətlərin faizlərini aşağı saldılar. Halbuki əmanətlərin faizi aşağı düşdükdə avtomatik kreditlərin faizi də aşağı düşməli idi. Lakin bu baş vermədi".

"Royalbank"la bağlı olayı xatırladan Natiq Cəfərli hesab edir ki, bu hadisə Azərbaycan banklarına inamı azaldacaq: "Röyalbank"dakı vəsait Azərbaycan iqtisadiyyatının həcmi baxımından o qədər də böyük vəsait deyildi. Amma psixoloji baxımdan əlbəttə ki, bunun böyük təsir olacaq. Artıq var. "Röyalbank"la baş verən olay və bir neçə bankın lisenziyalarının əllərindən alınması ilə bağlı söz-söhbətlərin gəzməsi proseslərə öz təsirini göstərəcək. Səhv eləmirəmsə, həmin bankların sayı 4-dür. Bu barədə söhbətlər gedir yaxın vaxtlarda Mərkəzi Bank bu barədə açılamalar edəcək. Bu, əhalinin banklardan əmanətlərini kütləvi şəkildə geri çəkməsi ilə nəticələnə bilər. Hər hansı bir bank nə qədər güclü olursa-olsun əgər əmanətlərin çəkilməsi kütləvi şəkildə baş verərsə, o bankın çökmə ehtimalı yaranır. Bütün əmanətləri geri çəkməyə başlasalar heç bir bank buna  dözə bilməz və çökmə ilə üzləşə bilər. Guman edirəm ki, gələn ay statistik məlumatlara baxdıqda əmanətlərin banklarda azalması prosesini görəcəyik."

Sizin Reklam Yeriniz