news Image
2012.09.05
07:34
| A A A
Rusiya Xəzərdə hərbi gərginlik yaradır
Kremlin məhşur "Transxəzər” layihəsinə qarşı ata biləcəyi addım hərbi məqamları da özündə ehtiva edir

Məlum olduğu kimi Bakı və Moskva arasında Qəbələ RLS-in yeni icarə müqaviləsinin razılaşdırılmasına dair yaranan ziddiyyət hələ də çözülməyib. Belə bir vaxtda isə məhşur "Transxəzər" layihəsinin reallaşması istiqamətində atılan addımların Moskvanın daha çox qıcıqlanmasına səbəb olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, "Transxəzər"lə bağlı Türkmənistanda keçirilən danışıqların nəticəsi Bakı və Aşqabad arasında "Kəpəz" yatağı ziddiyyətinə baxmayaraq, sözügedən layihənin realaşma ehtimalının böyük olduğunu göstərir. Düzdür, bu danışıqlar "TransAnadolu" Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) genişləndirilməsinə dair olsa da, onun "Transxəzər"ə də birbaşa aidiyyatı var. Bu haqda danışmazdan öncə qeyd edək ki, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Türkmənistanda "TransAnadolu" Təbii Qaz Boru Xətti Layihəsinin genişləndirilməsinə dair dördtərəfli danışıqların məhsuldar olduğunu bildirib. Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistanın enerji sektorunun rəsmilərinin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin iştirakı ilə keçirilmiş görüşün yekunlarına dair jurnalistlərə məlumat verən türkiyəli nazir bildirib ki, TANAP-a Türkmənistanın da daxil olması, türkmən qazının Xəzər dənizindən çəkiləcək boru kəməri ilə Azərbaycana, Türkiyəyə və Avropaya nəqlinin detalları müzakirə edilib.

T.Yıldız vurğulayıb ki, TANAP-ın genişləndirilməsi məsələsinin Xəzərin statusu ilə əlaqədar danışıqlara heç bir maneçiliyi yoxdur. Dənizdən çəkiləcək boru xətti layihəsinə özəl şirkətlər böyük maraq göstərir. Azərbaycan ilə Türkmənistanın razılıq əldə edəcəyi halda bu şirkətlər layihənin həyata keçirilməsi işlərinə daxil edilə bilər.

Onu da bildirək ki, Azərbaycan Türkmənistan qazını Avropaya daşımaq üçün "Transxəzər" qaz kəmərinin tikintisində maraqlıdır. Sənaye və energetika naziri Natiq Əliyev də bildirib ki, Bakı Avropaya qaz çatdırılması üçün təşkilatçıları bütün lazımi icazə və infrastrukturla təmin etməyə hazırdır: "Biz Türkmənistanla "Transxəzər" boru kəmərinin tikintisi barədə razılıq əldə edəcəyimiz halda, Xəzər dənizinin statusu ilə bağlı problem yoxdur. Xəzərin statusu və "Transxəzər" kəmərinin tikilməsi arasında hər hansı bağlılıq və bir-birinə təsir imkanı yoxdur. Bu, iki dövlət arasında danışıqlar yolu ilə baş tuta bilər".

Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, Azərbaycan Türkmənistan üçün Qərbə açılan qapıdır: "Cənubda İran, şimalda Rusiyadır. Türkmənistan bilir ki, qazını yalnız Azərbaycan vasitəsilə Qərbə çıxara bilər". Hadisələrin bu səpkidə inkişafı isə daha çox şimal qonşumuzu qıcıqlandırır. Moskvanın "Transxəzər"ə qarşı ata biləcəyi növbəti addım isə Xəzərin ekologiyasını qabartmaqla yanaşı, dənizdə hərbi vəziyyəti gərginləşdirməkdir. İstisna olunmur ki, Rusiya "Transxəzər"in reallaşması istiqamətində konkret addımlar atılanda Xəzərdə hərbi gərginlik mənbəyi yaratsın.

Bundan öncə də rusiyalı ekspertlər analoji xəbərdarlıqlarla çıxış ediblər. Məsələn, MDB İnstitutunun şöbə müdiri Mixail Aleksandrov bildirib ki, o, Avropa İttifaqının yüksək rütbəli diplomatlarını hadisələrin güc tətbiqi ssenarisi üzrə davam edəcəyinə dair xəbərdarlıq edib: "Belə bir söhbət Almaniya səfirliyində verilən nahar zamanı Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi təmsilçisi Pyer Morellə də olub.

Mən ona başa salmaq istəyirdim ki, Qərb Moskvanın Xəzərdə kəmərlərin inşasına yol verməmək üçün güc tətbiq edə biləcəyi ilə bağlı qərarlığını qiymətləndirmir. Bu tək iqtisadi yox, həm də siyasi-hərbi səbəblərlə bağlıdır. Moskva həqiqətən də Xəzərdə İranla bağlanılmış müqavilələr əsasında yaradılan hüquqi rejimin dağılmasına yol verə bilməz. Çünki bu bölgədə anarxiyaya yol aça, hətta üçüncü dövlətlərin hərbi qüvvələrinin Xəzərdə peyda olmasına gətirib çıxarar, "Transxəzər" layihəsinin tikintisi isə Xəzərin milli sektorlara bölünməsinin de-fakto tanınması deməkdir. Bu, Rusiya üçün heç də qəbul edilən deyil. Moskva Gürcüstanı sülhə məcbur etmək üçün əl atdığı vasitəyə müraciət etməli olacaq. NATO-nun Yuqoslaviya, Əfqanıstan, Liviya və İraqda etdiklərindən sonra Rusiyanın Xəzərdə güc tətbiq etməsinin qarşısını alacaq hansısa mənəvi və hüquqi maneələr yoxdur".

Xatırladaq ki, daha əvvəl analoji fikirlər Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktoru Konstantin Simonov tərəfindəndə səsləndirilib. Onun sözlərinə görə, "Transxəzər" qaz kəmərinin Türkmənistanın icazəsi ilə tikintisi Xəzəryanı ölkələr arasında sazişlərə ziddir və Rusiyanın onun başlanğıcına reaksiyası çox sərt ola bilər. Ekspert hesab edir ki, Rusiyanın "Transxəzər" qaz kəmərinin tikintisinə reaksiyası Xəzərdə hansısa bir hərbi münaqişəyə qədər özünü ən sərt şəkildə göstərə bilər. İndiki halda konkret olaraq rəsmi Aşqabadı hədəfə alan ekspert bildirib ki, Türkmənistan Vaşinqton və Brüsselin dəstəyinə baxmayaraq, risk etməyə hazır deyil. "Mən görürəm ki, Avropa və Amerika məmurları, ekspertlər bu gün Türkmənistanı bu tikintiyə başlamağa razı salırlar. Mən həmçinin Türkmənistanın bunu sözdə etməyə hazır olduğunu görürəm, ancaq mən onu da görürəm ki, o, buna başlamır. Deməli, Aşqabad anlayır ki, vəziyyət eynilə 2008-ci ilin avqustunda Gürcüstanda olduğu kimi olacaq. O zaman Gürcüstanı da qoruyacaqlarına söz vermişdilər, hansısa zəmanətlər vəd etmişdilər. Sonda nə baş verdi? Heç kim müdafiə etmədi, Rusiya cavab verəndə isə Vaşinqton tərəfdaşları Saakaşvilini atdılar və iş az qala Tiflisin alınması ilə bitmişdi. Türkmənistan Xəzərdə vəziyyəti bu həddəmi çatdırmaq istəyir? Əgər belədirsə, gəlin "Transxəzər"in tikintisinə başlayaq və Rusiyanın hərbi cavabını gözləyək. Düşünürəm ki, o, özünü çox gözlətməyəcək".

"Transxəzər" qaz kəmərinin Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) Bakı (Azərbaycan) marşrutu ilə çəkilməsi və gələcəkdə Bakı-Tiflis-Ərzurum boru kəmərilə birləşdirilməsi planlaşdırılır. Kəmərin çəkilməsinin dəyəri 1,2 milyard avro məbləğində qiymətləndirilir. Qaz kəmərinin gücü 20-30 milyard kubmetr qaz təşkil edə bilər. Bu layihə Avropaya qaz tədarükünün diversifikasiyasına və onun Rusiya xammalından asılılığının azaldılmasına yönəlib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs