news Image
2012.09.06
07:15
| A A A
19 bankın taleyi sual altına düşür
“RoyalBank”ın taleyini təkrar edən bankların sayının artması istisna edilmir

Ölkənin bank sektorunda cərəyan edən hadisələr hələ də xüsusi diqqət mərkəzində yer almaqdadır. Buna əsas səbəb isə qarşıdakı bir il üç ay ərzində bağlana biləcək bankların sayının artması ilə bağlı edilən xəbərdarlıqlar və hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyinə dair beynəlxalq maliyyə institutları tərəfindən olunan xəbərdarlıqlardır. Xatırladaq ki, "RoyalBank"ın bağlanması ilə bu məsələ gündəmin əsas mövzularından birinə çevrilib.

Xüsusən də həmin banka əmanət yatıran şəxslərin bir qisminin hələ də pullarını geri almaqda çətinlik çəkməsi məsələni daha da aktuallaşdırıb.

İndi proqonozlaşdırılır ki, "RoyalBank"ın taleyini təkrar edən bankların sayı arta bilər. Çünki ölkədə bankların yalnız yarısı belə demək mümkünsə, normal qaydada işləyir. Bank sisteminin ən azı 90 faizi bu bankların payına düşür. Bu fonda Mərkəzi Bankın bankların nizamnamə kapitalının artırılması ilə bağlı qərarı müsbət qarşılanır.

Məcmü kapitalın minimal ölçüsünə qoyulan yeni normativ tələb 1 yanvar 2014-cü il tarixdən qüvvəyə minir. Ekspert araşdırmalarına görə, həmin tarixdə 19-a yaxın Azərbaycan bankı üçün bağlanmaqdan başqa yol qalmayacaq. Bunu "Moody's" beynəlxalq reytinq agentliyi vurğulayır. 2011-ci ilin sonlarına aid materiallara əsaslanan agentliyin araşdırmasına görə, fəaliyyətdə olan 43 bankdan yalnız 11-i yeni tələblərə uyğun gələn kapitala malikdir. Həmin banklar toplam bank sektorunun aktivlərini 70%-nə sahibdirlər. "Moody's"in fikrincə, məcmu kapitalları 50 milyon manatdan az olan 32 bankdan yalnız 13 bank məcmu kapitalını yeni tələblər səviyyəsinə çıxara bilər. Bunun üçün daxili vəsaitlərdən və kənar səhmdarların maliyyə axınlarından istifadə edə bilərlər. Ya da ki, birləşərək kapitallarını yeni tələb səviyyəsinə qədər qaldıra bilərlər. Agentliyin hesablamasına görə, həmin banklar bank sektorunda 21% paya malikdirlər. "Moody's" düşünür ki, bank sektorunun yalnız 6%-nə sahib olan 19 kiçik bankın bağlanmaqdan yaxa qurtarması çox çətin olacaq. Agentlik düşünür ki, bu banklar daha böyük banklar tərəfindən satın alınmazlarsa, onların bağlanması gözlənilir. Lakin bununla belə, "Moody's" Azərbaycanın kiçik banklarının bağlanmasını bank sektoru üçün müsbət addım sayır. Agentliyin fikrincə, bu banklar zəif maliyyə əsaslı və böyük risklərə malik qurumlardır. Həm də banklara sıx bağlılığı olan subyektlər onların kreditləşdirməsində böyük paya malikdirlər. Yəni bu banklar kimlər üçünsə mənşəyi naməlum pullarının kredit kimi bazara yerləşdirilməsində vasitəçidir və ona görə agentlik belə bankları qeyri-şəffaf maliyyə institutları sayır.

Ekspert araşdırmalarına görə, hazırda 1,6 milyard manatdan çox əmanət qorunmur. Bu o deməkdir ki, həmin əmanətlərin müəyyən hissəsini təhlükə gözləyir. Ona görə də əhali diqqətlə olmalı və əmanətlərini diversifikasiya etməlidirlər. Ekspertlər yaranmış vəziyyəti əhalinin məlumatlılıq səviyyəsinin az olması və bəzi bankların resurs qıtlığı ilə əlaqələndirir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini 12%-ə salmasına baxmayaraq, bir sıra banklar böyük həvəslə yüksək faizlə əmanət cəlbini davam etdirir. Bu banklar xaricdən ucuz resurs cəlb edə bilmədiklərindən kredit vermək üçün əhalinin əmanətinə ümid bəsləyirlər. Əmanət cəlb etmək üçünsə böyük banklarla rəqabətə ancaq yüksək faiz təklif etməklə davam gətirmək olar. Ona görə getdikcə bazarda əmanətlər üzrə faiz dərəcəsi hətta 15% həddini də ötür. Məlumatsız əhali isə yüksək faizə şirnikləşərək pullarının gələcək taleyini diqqətdən qaçırırlar. Çünki əmanətçilər hər hansı bankın Sığortalanma Fondunun üzvü olması ilə əmanətlərin sığortalanması məsələsini qarışdırır. Bir sıra hallarda əmanətçilər hesab edirlər ki, əgər bank Fondun üzvüdürsə, deməli, onun yatıracağı vəsait də sığortalanır. Təsadüfi deyil ki, sığortalanmayan əmanətlərin həcmi getdikcə artır. Hazırda belə əmanətlərin payı 40%-ə çatıb. "Royalbank" təcrübəsi göstərdi ki, bir sıra banklarda, xüsusilə kiçik banklarda bu göstərici daha çoxdur.

Yüksək faizlə əmanət götürən bankların kredit potfelində də əsasən depozitlər dayanır. Yəni bu bankların bağlanması zamanı vəsaitlərin əksəriyyəti kreditlərdə olduğundan Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlərdən kənar bütün depozitlərin taleyi qaranlıq olacaq. Nəticədə, ölkənin iqtisadi həyatında əmanətləri batmış yeni fiziki şəxslər ordusu yarana bilər ki, bu da bütünlükdə əhalinin Azərbaycanın bank sisteminə olan inamına zərbə vura bilər.

Onu da bildirək ki, "Əmanətlərin sığortalanması haqqında" qanuna görə, əmanət cəlb edən bütün banklar Fondun üzvü olmalıdır. İkincisi, əmanətçilər çalışmalıdır ki, yatırdıqları əmanətlərin illik faiz dərəcəsi 12%-dən yüksək olmasın. Yəni 12% və ondan aşağı olmalıdır. Üçüncüsü, bir banka yatırdıqları əmanətin həcmi 30 min manatdan çox olmamalıdır. Daha doğrusu sığorta hadisəsi baş verən ana əmanətin məbləği və faizlər kompensasiya məbləğini ötməməlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs