news Image
2012.09.20
14:43
| A A A
Xaricdə ucuzlaşan avtomobil Azərbaycanda bahalaşır
Vüqar Bayramov: «Avtomobil gətirənlər bu dəfə bazarda süni şəkildə qiymətləri qoruyub saxlayırlar» Zahid Məmmədov: «Maşın xaricdə istehsal olunan, idxal olunan məhsuldursa, xaricdə qiymətlər düşürsə, bu Azərbaycanda da belə olmalıdır»

Son zamanlar ABŞ və Avropada mövcud böhranla bağlı avtomobillərin qiymətlərində enmələr müşahidə olunmaqdadır. Demək olar ki, dünya maşın bazarını "ələ almış" Almaniya və Yaponiya istehsalı olan avtomobillərin qiymətləri ötən dövrlərlə müqayisədə aşağı düşüb. Amma xaricdəki bu ucuzlaşma Azərbaycanda o qədər də hiss olunmur. Əksinə, deyə bilərik ki, Azərbaycan maşın bazarında xarici maşınların qiymətlərində bəzən artım da müşahidə olunur. Hətta vəziyyət rəsmi distribüterlərdə də eyni cürdür. Ekspertlər isə daxili bazarla, xarici bazar arasındakı tərs mütənasibliyi müxtəlif amillərlə izah edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri,iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, xaricdə avtomobillərin qiymətinin aşağı düşməsi yalnız böhranla bağlı deyil: "Bu, həmçinin avronun məzənnəsinin dollara nisbətən azalması ilə bağlıdır. Çünki, son aylar avronun məzənnəsində azalma müşahidə edilir. Avronun dollara nisbətən aşağı düşməsi və avtomobillərin avropada, xüsusən də Almaniyada avro ilə, Azərbaycanda isə dollarla satılması praktik olaraq avroyla satılan avtomobillərin ucuzlaşmasına gətirib çıxarıb. Əgər əvvəllər 10 min avroya alınan maşının xərci 15 min 500 dollar idisə, hazırda 10 min avroya alınan maşının xərci 13 min dollardır. Yəni, hər 10 min avroluq avtomobilin qiyməti təxminən 2000 dollar aşağı hesablanır. Bu fərq avtomobillərin qiymətinin aşağı düşməsinə gətirib çıxarır. Avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana gətirilən avtomobillərin qiymətinin aşağı düşməsinə səbəb olmalı idi. Bu ona görə baş vermədi ki, ilk növbədə gömrük rəsmiləşdirilmələrində qiymətlər aşağı endirilməyib. Bu qiymətlər hələ də əvvəlki kimi qalmaqdadır. Digər tərəfdən də avtomobil gətirənlər qiyməti aşağı salmırlar. Onlar razılaşdırma yolu ilə süni qiymət formalaşdırırlar. Bazar qanunlarına uyğun olaraq qiymətin aşağı düşməsi reallaşmadığı üçün, avtomobil gətirənlər bu dəfə bazarda süni şəkildə qiymətləri qoruyub saxlayırlar".

Ekspert bildirir ki, əsasən Yaponiyadan gətirilən avtomobillərin qiymətlərində artmalar müşahidə edilir: "Bu, xüsusən işlənməmiş, "sıfır kilometr" avtomobillərinə şamil edilir. Səbəb isə müəyyən marka avtomobillərə tələbatın artması ilə bağlıdır. Yaponiyada avtomobil istehsalı, tələbatın artması, Yaponiyadan gətirilən avtomobillərin qiymət artımına səbəb olub".

Vüqar Bayramov qeyd etdi ki, ölkəmizdə maşınlara qoyulan müəyyən qadağalardan sonra Avropada istehsal olunmuş ili köhnə avtomobillərə tələbat artdı: "Çünki, Sovet maşınları alanlar öz büdcələrinə uyğun olaraq bazarda avtomobillər axtarmağa başladılar. Təbii ki, onlar da ili köhnə və Sovet avtomobillərinin qiymətinə olan xarici maşınlara üstünlük verdilər. Bu fakt avtomobillərin qiymətinə təsir göstərib. Bu, da daha çox ucuz avtomobillərin qiymətlərinin suni şəkildə artmasına gətirib çıxarıb. Amma nəzərə almaq lazımdır ki, bahalı avtomobillərin qiymətlərində də artma baş verib".

İqtisad elmləri doktoru Zahid Məmmədov məsələ bağlı qeyd edir: "Maşın xaricdə istehsal olunan, idxal olunan məhsuldursa, xaricdə qiymətlər düşürsə, bu Azərbaycanda da belə olmalıdır. Amma belə olmaması bəzi amillərdən qaynaqlanır. Buna təsir edən birinci amil ictimai nəqliyyat faktorudur. Çünki, bizdə ictimai nəqliyyat zəif inkişaf edib. Dünyada toplu daşıma halları daha çox inkişaf edib. Bizdə isə hələ ki, bunu az görmək mümkündür. Qiymətlərin artımına ikinci səbəb isə vergi xərclərinin çox olamsıdır. Üçüncüsü isə, servislərdəki xərclərin çox olması ilə əlaqədardır. Digər amil isə onunla bağlıdır ki, əhali aşırı ehtiyacı olmadan da maşın alır. Xaricdə nadir hallarda 17 yaşında sənət, ixtisas sahibi olmayan bir insan maşına sahibi olur. Bizdə isə bunun əksini görmək üçün üçün universitetlərimizn qarşısına getmək kifayətdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs