news Image
2012.09.27
11:17
| A A A
Bakıda “Diplomatik təlim üzrə beynəlxalq forum” keçirilir

Bakıda Diplomatik Akademiyalar və Beynəlxalq Münasibətlər İnstitutlarının rektor və dekanlarının 40-cı ümumdünya toplantısı keçirilir

Bu gün Bakıda Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni kompleksində "Diplomatik təlim üzrə beynəlxalq forum" adlı Diplomatik Akademiyalar və Beynəlxalq Münasibətlər İnstitutlarının rektor və dekanlarının 40-cı ümumdünya toplantısı işə başlayıb.

APA-nın xəbərinə görə, sentyabrın 30-dək davam edəcək forumda 60 ölkənin 90-dan artıq rektor və dekanları diplomatik təlim, qlobal siyasi məsələlər və onların müasir təhsilə təsirini müzakirə edəcəklər.

Forumun açılışında ADA-nın rektoru Hafiz Paşayev və forumun həmsədri olan ABŞ-ın Corctaun Universitetinin Diplomatiya Araşdırmaları İnstitutunun direktoru Paula Nyunberq çıxış ediblər.

H.Paşayev çıxışında qonaqları salamlayaraq, ADA-nın yeni kompleksi barədə məlumat verib. Onun sözlərinə görə, bu kompleksdə təhsilin yeni stili tətbiq olunur: "Regionda ilk dəfə olaraq kompleksin tikintisində alternativ enerji mənbələri quraşdırılıb. Azərbaycan neft və qazla zəngin ölkə olsa da, biz alternativ energetikanı da inkişaf etdirmək niyyətindəyik. Çünki bu, gələcəyə bir töhfədir. Yeni kompleksdə xüsusi energetika və ətraf mühitlə bağlı yeni mərkəz açılıb".

H.Paşayev ADA-nın dünyanın başqa diplomatik akademiyaları ilə alternativ enerji sahəsində aktiv əməkdaşlıq etdiyini vurğulayıb.

Qeyd edək ki, forum 1972-ci ildə təsis olunub. Forumda Vyana Diplomatik Akademiyası və Corctaun Universiteti həmsədrlik edirlər. Ötən il forum Boston (ABŞ) şəhərində keçirilib. Növbəti forumun isə Belqrad (Serbiya) şəhərində keçirilməsi planlaşdırılır. ADA bu forumda 2007-ci ildən iştirak edir. Toplantı "Kiçik ölkələrin diplomatiyası", "Qlobal siyasi dəyişikliklər", "Regional təşkilatların inkişafı", "Ekoloji məsələlər" mövzularında panellər üzrə davam edəcək. Forum çərçivəsində qonaqlar Şəki və Qəbələyə də səfər edəcəklər. Forumun yekununda ADA ilə Peru, Qətər, Cənubi Koreya, Mərakeş, Macarıstan və Serbiya Diplomatik Akademiyaları arasında əməkdaşlıq sazişləri imzalanacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs