news Image
2012.11.21
10:34
| A A A
Bazarlarda hələ də kilometrajı geri çəkilən avtomobillər satılır
Ekspertlər bunu yalnız xüsusi kompüter texnologiyaları ilə aşkarlamağın mümkün olduğunu bildirirlər

Bu gün Azərbaycanda sayları sürətlə artmaqda olan avtomobillərin keyfiyyət məsələsi xüsusi müzakirə mövzusu olaraq qalır. Məsələni aktuallaşdıran daha bir səbəb isə 0 kilometrajli avtomobillərin əslində satışa qədər işlənməsi ilə bağlıdır. Məlumdur ki, avtomobil biznesi ilə məşğul olan əksər satıcılar onun kilometrajını geri çəkirlər.

Bu, ilk növbədə xaricdən Azərbaycana gətirilən işlənmiş maşınlara aiddir. Lakin belə bir əməlin yeni avtomobillər üzərində də edilməsi istisna sayılmır. Bəzi mütəxəssislər ölkəyə gətirilən, yeni maşınların yeni, yəni işlənmiş olmadıqlarına tam əmin deyil. Onlar ölkəyə idxal olunan yeni avtomobillərin nəzarət üçün xüsusi texnologiyalardan istifadə edilməklə, həyata keçirilməsini vacib hesab edir.

Azərbaycana gətirilən 0 kilometrajli avtomobillərin yoxlanması texniki vasitələrlə deyil, yalnız ötəri baxışla həyata keçirilir. Bu, ölkəyə yeni adı ilə gətirilən avtomobillərin bazara daxil olmasına imkan yarada bilər. Bu məsələ Türkiyəyə il ərzində 5 000 belə tipli avtomobilin idxal olunmasından sonra ölkəmizdə də aktuallaşıb. Azərbaycana isə avtomobillər ya iri avtokonsernlərin rəsmi nümayəndəliyi, ya da ayrı-ayrı şəxlər tərəfindən gətirilir. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı ANS-ə açıqlamasında ölkədə bu sahədə heç bir araşdırma aparılmadığından 0 kilometrajlı avtomobillərin əslində köhnə olub-olmaması ilə bağlı fakt olmadığını bildirir. Lakin bu cür avtomobillərin satışda olması istisna deyil.

Avtomobil satışı ilə məşğul şəxslər isə xaricdən gətirdikləri avtomobillərin yeniliyinə tam əmin olduqlarını bildirir. Avtomobilin köhnə olmasını adi göz yoxlaması ilə müəyyən etmək mümkün deyil. Bunu yalnız xüsusi kompüter texnologiyaları ilə aşkarlamaq mümkündür. Ölkəyə idxal olunan yeni avtomobillərə nəzarət üçün ekspertlər xüsusi texnologiyalardan istifadə edilməklə həyata keçirilməsini vacib hesab edir. Qeyd edək ki, 2012-ci ilin 8 ayında ölkəyə ümumilikdə 48 min avtomobil gətirilib.

Ekspertlər isə bildirir ki, bazara getməzdən əvvəl bu məsuliyyətli addıma ciddi hazırlaşmaq lazımdır. Qeyd olunur ki, ilk növbədə avtomobilin sənədlərində hər şeyin qaydasında olduğuna əmin olmaq üçün həmin sənədləri göstərməsini satıcıdan tələb etmək lazımdır. Sonra kuzovun və mühərrikin texpasportdakı nömrələrini həmin aqreqatların üzərindəki nömrələrlə tutuşdurub, diqqətlə yoxlamaq lazımdır. Eyni zamanda əmin olmaq lazımdır ki, nömrələrdə şübhəli heç nə yoxdur, onlar aydın oxunur və rəqəmlərin ətrafında heç bir deformasiya müşahidə olunmur. Əgər mühərrikin üzərindəki nömrə tozla və ya çirklə örtülübsə və onları silmək üçün satıcıda münasib heç nə yoxdursa, onda ehtiyatlı olmaq vacibdir. Nömrələrin yoxlanması prosedurunu bitirdikdən sonra kuzovu nəzərdən keçirmək olar. Əgər qapını hərəkət etdirərkən cırıltı səsi gəlirsə və ya qapı çətinliklə hərəkət edirsə, bu baş vermiş qəzanın nəticəsi ola bilər. Deyilənlər eyni ilə kapota və baqaj bölümünə də aiddir. Bundan başqa, avtomobilin sonradan rənglənib-rənglənmədiyini müəyyən etmək və əgər rənglənibsə, bunun səbəbini öyrənmək lazımdır. Kuzovun yenidən rənglənməsinin izlərini müəyyən etmək çətin deyil. Hətta lak-boya örtüyünün keyfiyyəti ideal olsa belə, arxayınlıq üçün sadəcə olaraq, qabaq və ya arxa şüşənin sıxıcısını aralaya bilərsiniz. Əgər onun altındakı boya kuzovun rəngi ilə eynidirsə, deməli, həmin rəng həqiqətən avtomobilin "öz rəngidir", yaxud avtomobili rəngləyərkən kuzov bütünlüklə sökülüb ki, bu da işə peşəkarcasına yanaşmaqdan və yaxşı keyfiyyətin təmin edilməsindən xəbər verir. Təkər qanadlarının, giriş kandarlarının, təkərüstü tağların və bilavasitə avtomobilin altının vəziyyətinə də yetərincə diqqət yetirmək lazımdır.

Kuzova baxıb qurtardıqdan sonra salonun müayinəsinə keçmək lazım gəlir, salonun vəziyyəti avtomobil haqqında çox şeylərdən xəbər verə bilər. Oturacaqların sürtünmüş örtükləri, yerə döşənmiş və bəzi yerlərdə tamamilə sürtülüb cırılmış yer örtükləri, lazımi qulluq görməyən cihazlar paneli və sürtülmədən şüşə kimi hamarlaşmış sükan avtomobilin intensiv istismar edilməsindən xəbər verir. Sükan çarxının vəziyyətinə, xüsusən onun üzərində dekorativ örtük olduqda, hökmən diqqət yetirmək lazımdır, belə ki, bu yolla çox vaxt sükan çarxının sınmış dairəsini bərkitməyə çalışırlar. Hərəkət zamanı bunun nə ilə nəticələnəcəyini hər kəs üçün təsəvvür etmək çətin deyil. Daha sonra salonda olan bütün idarəetmə avadanlıqlarının düymələrinin vəziyyətini yoxlamaq lazımdır.