news Image
2012.04.20
10:54
| A A A
"Əl-Qaidə" Azərbaycandan qisas almağa çalışır?!
Elşən Manafov: “Əl-Qaidə”nin ölkəmizdə həyata keçirmək istədiyi terror aksiyaları Azərbaycana münasibətdə onun qisas aksiyası kimi də qiymətləndirilə bilər” İlham Məmmədov: «Terror şəbəkəsinin Azərbaycana marağı, onun Əfqanıstanda həyata keçirilən antiterror əməliyyatlarında mühüm rolu ilə bağlı ola bilər» Məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycanda həyata keçirilən antiterror əməliyyatları barədə növbəti məlumatını yayaraq ölkədə terror aksiyalarını planlaşdıran qrupun arxasında "Əl-Qaidə" təşkilatının dayandığını bildirib.
Qeyd edək ki, bir müddət bundan öncə MTN-in keçirdiyi xüsusi əməliyyat nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmə zərərsizləşdirilmişdi.
Müəyyən edilib ki, ölkə vətəndaşı Vüqar Padarov Azərbaycanda təxribat-pozuculuq və terrorçuluq aksiyalarına hazırlıq görülməsi məqsədilə silahlı birləşmə yaratmış, onun üzvlərini silah, döyüş sursatı, partlayıcı maddələrlə təchiz edib. Məlum olub ki, silahlı birləşmənin bəzi üzvləri "Əl-Qaidə" beynəlxalq terror təşkilatı nümayəndələrinin köməyilə Suriyadakı mədrəsədə cihada hazırlıq məqsədilə dini-psixoloji təlimə cəlb olunublar. Sonra onlardan bəziləri Pakistanın Vəziristan əyalətində "Əl-Qaidə"nin "İslami-cihad" terrorçu qrupunun tərkibində hərbi təlimlər keçib. Ardınca bu qüvvələr Əfqanıstanın bir sıra əyalətlərində beynəlxalq antiterror koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlara qoşulublar. Açıqlamadan göründüyü kimi, zərərsizləşdirilən həmin qrupun "Əl-Qaidə" terrorçuları ilə bağlı olduğu üzə çıxıb. İndiyə kimi, Azərbaycan ərazisində məhv edilən terrorçu dəstələrin adları əsasən vəhhabilərlə bağlı olaraq hallanırdı. İndi isə açıqlamadan da göründüyü kimi, artıq onların yerini deyəsən "Əl-Qaidə"çilər tutmağa başlayıb. Bu vəziyyət onu göstərir ki, artıq "Əl-Qaidə" terror şəbəkəsi Azərbaycanı da öz təsir dairəsinə qatmağa çalışır.
Politoloq Elşən Manafovun fikrincə, ilk əvvəl nəzərə alınmalıdır ki, "Əl-Qaidə"nin özünün istinad etdiyi təriqət vəhhabilikdir: "Dünyanın bir nömrəli terrorçusu olan Üsamə Bin Laden də vəhhabi idi. Azərbaycanda "Əl-Qaidə" ilə bağlı terrorçu qrupların əl-qol açmasına gəldikdə, ölkəmiz enerji resursları ilə zəngin olduğundan bura digər dövlətlər kimi həmin terrorçu təşkilatın da maraq göstərdiyini istisna etmək olmaz. Zamanında Çeçenistan müharibəsinin arxasında ABŞ və Səudiyyə Ərəbistanının bu və ya digər mənada barmağı vardı. Məqsəd də o idi ki, Azərbaycan enerji resurslarını məhz Amerikanın məsləhət bildiyi konkret marşrutlar üzrə Qərbə çıxarsın. Həmin Çeçen müharibəsi nəticəsində Azərbaycan iqtidarı haqlı olaraq Rusiyaya bəyan etdi ki, neft kəmərinin Şimali Qafqaz ərazisilə Avropaya nəqli təhlükəsizlik baxımından mümkün deyil. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan dövlətlərdən biridir. Hətta Transxəzər qaz kəməri məsələsi də gündəmə gəlib. Hərçənd Azərbaycan bəyan edir ki, o bu kəmərin çəkilişində təşəbbüskar deyil, tranzit ölkə kimi çıxış edir. Amma bütün bunlarla yanaşı Azərbaycanın enerji resursları və tranzit ölkə kimi imkanları ölkəmizə təzyiq vasitələrinin artacağını deməyə əsas verir. İstisna deyil ki, "Əl-Qaidə" tərəfindən Azərbaycana münasibətdə tətbiq edilən bu əməliyyatlar məhz Səudiyyə Ərəbistanı və onunla bağlı qruplar tərəfindən həyata keçirilə bilər. Çünki "Əl-Qaidə"nin arxasında İranın durduğunu güman etmirəm. İran bu terror təşkilatı ilə bağlı olmadığını dəfələrlə bəyan edib.
Hər halda güman etmirəm ki, sözügedən terror qrupunun Azərbaycanda həyata keçirmək istədiyi terror aksiyalarının arxasında regional ölkələr olan Rusiya və İran faktoru dayansın. Fikrimcə, həmin hadisələr daha çox Qərbin bölgəmizdə gərginliyi artırmaq vasitəsidir. Qərb nəyin bahasına olursa-olsun ölkəmizi anti-İran koalisiyasına cəlb etmək üçün bu kimi addımları ata bilər. Digər tərəfdən Azərbaycanın Rusiya və İranla münasibətlərində müəyyən məqamlar Qərbi narahat etdiyindən belə yollarla ölkəmizin Qərbin təhlükəsizlik sisteminə inteqrasiyasını sürətləndirmək istəyirlər. Eyni zamanda "Əl-Qaidə"nin ölkəmizdə həyata keçirmək istədiyi terror aksiyaları həm də Azərbaycana münasibətdə onun qisas aksiyası kimi də qiymətləndirilə bilər. Çünki Azərbaycan "Əl-Qaidə"yə qarşı antiterror koalisiyasına qoşulan dövlətlərdən biridir və Əfqanıstanda məhdud kontingentdə bizim hərbi qüvvələrimiz yerləşdirilib".
Politoloq İlham Məmmədov məsələ ilə bağlı bildirib: "Əl-Qaidə" terror şəbəkəsinin Azərbaycana marağı, onun Əfqanıstanda həyata keçirilən antiterror əməliyyatlarında mühüm rolu ilə bağlı ola bilər".
Məmmədov deyir ki, həmçinin Rusiya ilə sərhəddə Çeçenistan və Dağıstanda ara-sıra vəziyyət gərginliyi Azərbaycana da təsirini göstərə bilər.
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs