news Image
2013.01.10
07:39
| A A A
Xarici məhsulları Azərbaycanda göstərməyə heç bir ehtiyac yoxdur
"Təəssüf ki, bəzi televiziya kanallarındakı insanlar özləri film çəkməyə, rejissor olmağa başlayıblar" "Ümumiyyətlə, 2012-ci ildə teleradio yayımı sahəsində vəziyyəti bütövlükdə qənaətbəxş saymaq olar". Bunu Trend-ə müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. "Təbii ki, tək Azərbaycanla bağlı deyil, bütün dünyada olan prosesləri bura əlavə etsək, teleradio yayımı sahəsində reytinq dalınca qaçma xəstəliyinə uyğun olaraq verilişlərin keyfiyyətinin aşağı düşmə prosesi gedir. İntellektual oyunlara, intellektual xarakterli verilişlərə yox, daha çox şou-biznes xarakterli verilişlərə üstünlük verilir", - Məhərrəmli əlavə edib. MTRŞ sədri bildirib ki, əhalinin böyük əksəriyyəti daha çox əyləncə xarakterli verilişlərə üstünlük verir, yəni düşündürücü, maarifləndirici verilişlərin sayı azdır və özəl kanallar bunun da əsas səbəbi kimi bu verilişlərin reytinqlərinin az olmasını göstərirlər.
"Biz Azərbaycanda ilk regional radionun açılması üçün müsabiqə elan etdik və Gəncə şəhərində regional radionun açılmasına icazə verdik. Bu, kəmiyyət baxımından müəyyən dəyişiklikdir. Ümumiyyətlə, 2012-ci ildə rəqəmsal yayıma keçid üçün Azərbaycanda xeyli işlər görüldü və artıq Azərbaycan ərazisinin 85 faizi rəqəmsal yayımla əhatə olunub, bu gün Azərbaycanda həm analoq, həm də rəqəmsal yayım həyata keçirilir. 2013-cü ilin sonuna qədər Azərbaycan tam rəqəmsal yayımla əhatə olunacaq və analoq yayım dayandırılacaq. Biz bu işdə tələsmirik. MDB ölkələri rəqəmsal yayıma tam keçid üçün daha çox 2015-ci ili özləri üçün hədd götürüblər, Azərbaycanda isə bu iş bir az öncə həyata keçiriləcək", - Məhərrəmli əlavə edib.
Onun sözlərinə görə, MTRŞ daim çalışır ki, Azərbaycan televiziya və radio kanallarında gedən verilişlər Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olsun, Azərbaycanın tarixi və ədəbiyyatı ilə bağlı olsun, daha çox ölkədə istehsal olunan verilişlər göstərilsin, yəni milli yayımçı xarakterinə uyğun olaraq milli istehsal ilə məşğul olsunlar.
"Bizim efirimizin böyük bir hissəsi Azərbaycan xalqına xidmət etməlidir. Yəni xarici məhsulları Azərbaycanda göstərməyə heç bir ehtiyac yoxdur, informasiya texnologiyalarının inkişafı nəticəsində insanların istənilən ölkənin televiziyasına baxmaq imkanı var, istənilən xarici ölkənin filmlərini, televiziya verilişlərini izləyə bilirlər. Bu baxımdan artıq biz insanlara seçim vermişik, insanlar özü seçir, ancaq biz eyni zamanda insanlarımıza seçim verməliyik ki, bizim yerli televiziya kanallarında olan məhsullara da baxsınlar. Əgər bizim yerli məhsullarımız olmasa, insanların o seçimi yoxdursa, biz nə etməliyik? O baxımdan biz bu məsələyə xüsusi diqqət ilə yanaşırıq və çalışırıq ki, Azərbaycanda bu sahədə televiziya kanalları öz üzərlərinə düşən məsuliyyəti dərk etsinlər. Uşaqlarla bağlı verilişlərin, cizgi filmlərinin sayını artırsınlar. Şou xarakterli verilişlər elə keyfiyyətlə hazırlanmalıdır ki, insanlarda ikrah hissi doğurmasın. MTRŞ-nin televizya və radio kanallarında yaradıcılıq işlərinə qarışmaq hüququ yoxdur. Bəzən milli-mənəvi dəyərlərimizə uyğun olmayan verilişlər yayımlanır və biz bundan çox narahat oluruq. Ancaq o verilişləri dayandırmaq, başqa yolla onları məhdudlaşdırmaq hüququ bizdə yoxdur. Təbii ki, bu işdə bir tənzimləyici yol tapılmalıdır. Bu baxımdan ictimaiyyət də bu işdə bizə kömək etməlidir, yəni ictimai qınağın özünün də əhəmiyyəti böyükdür", - Şura sədri deyib.
MTRŞ-nin səlahiyyətlərinin artırılmasına gəlincə, Məhərrəmli bildirib ki, bununla bağlı təkliflər edilib.
"Təbii ki, biz heç istəmirik ki, yaradıcılıq işləri hamısı müəyyən bir çərçivədə olsun. Biz bu işlərə qarışmaq istəmirik, amma çox təəssüf ki, son zamanlar Azərbaycan teleməkanında arzu olunmayan verilişlərə çox üstünlük verildi və onların da sayı artdıqca ictimaiyyətin haqlı narazılığına səbəb oldu. MTRŞ-nin da əsas işlərindən biri ictimaiyyətin maraqlarını qorumaqdır. Bir halda ki ictimaiyyənt bundan narahatdır, bunun hər hansı bir yolunu tapmaq lazımdır. Təbii ki, o yolu tapmaq üçün də MTRŞ-nin müəyyən səlahiyyətləri olmalıdır. Ən azından ictimaiyyətin haqlı narazılığına səbəb olan verilişlərin qısa müddətdə dayandırılması məsələsi qoyulmalıdır. Biz belə bir təklif vermişdik, ancaq çox təəsüf ki, hələ o təklif keçməyib", - Məhərrəmli bildirib.
Azərbaycanda yayımlanan teleseriallarda pis vərdişlərin göstərildiyi barədə sualı cavablandırarkən o, deyib ki, Azərbaycanda televiziya seriallarında çoxlu problemlər var.
"Serialların keyfiyyəti bizi qane etmir. Bunu bütün seriallara aid etmək olmaz, ancaq hələ ki, bu sahədə ciddi dönüş yaranmayıb. Biz birdən-birə keyfiyyətli seriallar gözləmirdik. Ancaq müəyyən uğurlar var, eyni zamanda da narazılıq doğuran çoxlu məqamlar var. Bu, televiziya kanallarında çalışanların hələ keyfiyyətli bir mərhələyə gəlib çatmamasını göstərir, müəyyən qədər də maliyyə imkanları ilə bağlı olan məsələdir", - Məhərrəmli qeyd edib.
Onun sözlərinə görə, MTRŞ-nin teleserialların çəkilişləri ilə hər hansı bir bağlılığı yoxdur. "Bu, bizim üçün əlavə bir iş oldu. Biz kino sahəsində mütəxəssislər deyilik. Bu sahə ilə daha çox Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı, kinostudiyalar məşğul olmalıdırlar. Ancaq biz o zaman xarici serialları dayandırandan sonra bizim qarşımızda efiri doldurma məsələsi durdu. Ona görə biz bu məsələni birbaşa televiziya kanalları ilə görmək məcburiyyətində qaldıq. Ancaq çox təəssüf ki, bizim bəzi televiziya kanallarımızdakı insanlar özləri film çəkməyə, rejissor olmağa başladılar. Bu, doğru deyil, hər kəs öz işi ilə məşğul olsa, daha gözəl olar", - Məhərrəmli deyib.
money.az currency