news Image
2013.02.28
07:48
| A A A
Prezident İlham Əliyev: "Azərbaycan üçün Gürcüstan qardaş dövlət və strateji tərəfdaş olmaqla yanaşı, həm də təbii müttəfiqdir"
AzərTAc xəbər verir ki, fevralın 27-də Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və xanımı Sandra Elizabet Rulofsun şərəfinə rəsmi ziyafət verilmişdir.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Gürcüstan Prezidentinin Azərbaycana səfəri bir daha ölkələrimiz arasında həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin davamlı xarakter aldığını göstərir.

Xalqlarımızın ortaq tarixə və mədəni dəyərlərə malik olduğunu deyən dövlətimizin başçısı hazırda ölkələrimizin strateji tərəfdaşlığa əsaslan əlaqələrinin uğurla davam etdiyini diqqətə çatdırdı. "Bu gün Gürcüstan və Azərbaycan təkcə özünü doğrultmuş müstəqil dövlətlər deyil, həm də dinamik inkişaf edən, öz seçimini qoruyan, öz müstəqil inkişaf yolunu, həm regional, həm də qlobal xarakterli məsələlərdə fəal iştirak edən dövlətlərdir", - deyən Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ərazi bütövlüyünün pozulması, separatizm halları ilə üzləşən ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini yüksək səviyyədə müdafiə etdiyini bildirdi.

İqtisadi sahədə əməkdaşlığın səmərəli olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında həyata keçirilən iri layihələrin əhəmiyyətindən danışaraq dedi:

- Ölkələrimizdə islahatların həyata keçirilməsində, yeniləşmədə, iqtisadi inkişafda ümumi və oxşar cəhətlər çoxdur. Bizi region çərçivəsindən kənara çıxan qlobal xarakterə malik layihələr də birləşdirir. Gürcüstan və Azərbaycan qlobal xarakter daşıyan enerji və nəqliyyat layihələrinin fəal iştirakçıları kimi qitənin enerji və nəqliyyat təhlükəsizliyi məsələlərində mühüm rol oynayırlar. Ölkələrimiz nə qədər yaxın olsalar, bu rol regionun ümumi inkişafına bir o qədər müsbət təsir göstərəcəkdir. Regionda təhlükəsizlik, sabitlik və əmin-amanlıq cəmiyyətlərin və ölkələrin rifahından daha çox asılıdır. Bu cəhətdən bizim təşəbbüs göstərdiyimiz və uğurla həyata keçirilən layihələr ölkələrimizin həqiqətən müstəqil dövlətlər kimi möhkəmlənməsində mühüm rola malikdir.

Prezident İlham Əliyev son illərdə Gürcüstanda həyata keçirilən islahatların əhəmiyyətinə toxundu. Ölkələrimiz arasında tarix boyu yaranıb formalaşan dostluq əlaqələrinin və səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edərək dedi:
- Azərbaycan üçün Gürcüstan qardaş dövlət və strateji tərəfdaş olmaqla yanaşı, həm də təbii müttəfiqdir. Bunu başa düşmək üçün xəritəyə baxmaq kifayətdir... Azərbaycan Gürcüstan üçün, həmçinin iqtisadi, investisiya və enerji layihələri nöqteyi-nəzərindən də böyük əhəmiyyət kəsb edir.

X X X

Çıxışına "Mənim üçün Bakıya hər səfər bayramdır" sözləri ilə başlayan PrezidentMixeilSaakaşviliqeyd etdi ki, Azərbaycan ilə Gürcüstan ortaq tarixi və dəyərləri olan ölkələrdir. Gürcüstan dövlətinin başçısı bir neçə il öncə soyuq qış günlərində qazsız və elektriksiz qalan ölkəsinə Azərbaycandan gələn dost yardımını xatırladı, bununla bağlı qərarına görə bir daha Prezidentİlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etdi. BMT Təhlükəsizik Şurasının üzvü olan Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu deyən Mixeil Saakaşvili bildirdi ki, Azərbaycan-Gürcüstan dostluğu dünyada qonşuluq münasibətlərinə bir nümunədir. Dövlət başçısı son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin böyük inkişaf yolu keçdiyini də diqqətə çatdıraraq dedi:

- Hətta böyük ehtiyatları olan heç bir ölkə Azərbaycanın elədikləri ilə müqayisəyə gələ bilməz. Niyə? Çünki Azərbaycanın dəqiq kursu, öz müstəqilliyinin dəqiq yolu, istiqaməti, aydın üfüqləri vardır. Düşünürəm ki, tarixi şəxsiyyətlərsiz tarixi qərarlar ola bilməz. Bunun ən gözəl nümunəsi də Azərbaycan dövlətidir.

Gürcüstan Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətinin yaranıb formalaşmasındakı müstəsna xidmətlərini xatırladı, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün ölkəmizdə həyata keçirilən quruculuq və inkişaf proseslərinin önəmini vurğulayaraq bildirdi:

- Fikrimcə, Azərbaycan Avrasiyanın mühüm dövlətlərindən və ən tanınmış ölkələrindən biri olacaqdır. Bakı şəhəri bunu aşkar sübut edir. Bakının nə qədər maraq doğurduğunu artıq hamı etiraf edir...

Sonda Gürcüstan Prezidenti bir daha yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

-----------------
27.02.2013
22:01


AzərTAc xəbər verir ki, fevralın 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidentiİlham Əliyevvə Gürcüstan PrezidentiMixeil Saakaşvilimətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyevin bəyanatı


- Hörmətli cənab Prezident, hörmətli qonaqlar!

Mən bir daha sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Siz Azərbaycanın böyük dostusunuz. Biz Sizinlə son 9 il ərzində dəfələrlə görüşmüşük – həm Gürcüstanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə. Bugünkü görüş və Sizin rəsmi səfəriniz əvvəlki görüşlərin məntiqi davamıdır.

Bu illər ərzində Gürcüstan-Azərbaycan əlaqələri böyük və uğurlu yol keçmişdir. Bu əlaqələr çox möhkəm təməl üzərində qurulubdur. Bizim xalqlarımız əsrlər boyu bir yerdə olmuşdur, bir-birinə arxa-dayaq olmuşdur və biz müasir münasibətləri bu möhkəm tarixi zəmin üzərində qururuq. Müstəqillik dövründə Gürcüstan və Azərbaycan strateji müttəfiqlər səviyyəsinə çatmışlar. Bu gün bu müttəfiqlik münasibətləri inkişaf edir və möhkəmlənir. Əminəm ki, bu əlaqələr gələcək illərdə də inkişafı həm Gürcüstan, həm Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan amil olacaqdır.

Çünki bizim uğurlu inkişafımız yalnız birlikdə mümkün ola bilər. Bu birliyi, əməkdaşlığı möhkəmləndirmək üçün son illər ərzində çox böyük işlər görülmüşdür. Bu gün biz bu barədə Sizinlə fikir mübadiləsi aparmışıq. Müxtəlif layihələr icra edilir. Energetika, nəqliyyat sektorlarında layihələr həm bizim ölkələri gücləndirir, xalqlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət göstərir, eyni zamanda, bölgədə gedən proseslərə müsbət təsir göstərir. Bölgədə sabitliyin, sülhün, əməkdaşlığın dərinləşməsi üçün bizim bərabər icra etdiyimiz layihələr xüsusi məna daşıyır. Bu gün bizim ölkələri və regionu, Avropa qitəsini bizim bərabər icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. Biz Sizinlə bərabər enerji məsələlərinin həlli üçün çox böyük səylər göstərmişik, böyük uğurlara nail olmuşuq. Neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi məsələlərinin həlli - bütün bunlar bizim birgə səylərimiz nəticəsində mümkün olan məsələlərdir.

Hazırda biz yeni böyük layihənin icrası ilə məşğul olmağa başlamışıq. Əminəm ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa üçün yeni böyük imkanlar açacaqdır. Eyni zamanda, nəqliyyat məsələlərinin həllində də böyük işlər görülmüşdür. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu uğurla başa çatdırılacaq və həm Gürcüstan, Azərbaycan üçün, həm də bölgə və dünya üçün böyük əhəmiyyətə malik bir məsələ olacaqdır.

Beynəlxalq əməkdaşlığımız da artır. Biz bir-birimizi beynəlxalq təşkilatlarda daim dəstəkləyirik. Xarici siyasət məsələləri ilə bağlı daim müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır və bu da çox uğurlu təşəbbüsdür. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Onlar ondan ibarətdir ki, bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi daim dəstəkləyirik və müdafiə edirik. Bu da ölkələr arasındakı əlaqələrə çox müsbət təsir göstərir.

Bütün digər məsələlərlə bərabər, bu gün bir daha biz bu məsələləri nəzərdən keçirdik. Görürük ki, Gürcüstan və Azərbaycan iki dost, qardaş və tərəfdaş ölkələr kimi irəliyə uğurla gedirlər. Gürcüstanda son illər ərzində Sizin rəhbərliyinizlə çox böyük işlər və islahatlar aparılmışdır. Gürcüstan böyük dərəcədə inkişaf etmişdir. Həm siyasi proseslər müsbət istiqamətdə gedir, həm də infrastruktur layihələrinin icrası ilə bağlı Sizin çox böyük uğurlarınız vardır. Tbilisi şəhəri gündən-günə gözəlləşir. Batumi də, həmçinin gündən-günə gözəlləşir. Bu gün mənə göstərdiyiniz yeni layihələrin fotoşəkilləri bir daha onu göstərir ki, nə qədər böyük işlər görülmüşdür. Son illər ərzində Gürcüstanda müxtəlif istiqamətlərdə aparılan islahatlar nəinki MDB məkanında, eyni zamanda, digər bölgələrdə də öyrənilir və bu islahatların həyata keçirilməsində Sizin xüsusi əməyiniz, zəhmətiniz olubdur. Bu islahatlar Sizin təşəbbüsünüzlə irəliyə aparılıbdır. Əlbəttə ki, bu islahatlar gələcəkdə Gürcüstanın inkişaf etmiş ölkəyə çevrilməsində də öz rolunu oynayacaqdır.

Bir daha demək istəyirəm ki, son illər ərzində biz Sizinlə dəfələrlə görüşmüşük və həmişə çox səmimi fikir mübadiləsi aparılmışdır. Bu görüşlər zamanı qəbul edilmiş qərarlar nəticə etibarilə həm Gürcüstanı, həm Azərbaycanı böyük dərəcədə gücləndirmişdir. Əminəm ki, bu müsbət meyillər gələcək illərdə də davam edəcək, iki dost və qardaş ölkə - Gürcüstan və Azərbaycan həmişə olduğu kimi, bir yerdə olacaqlar və bir istiqamətdə inkişaf edəcəklər və ölkə daxilində olan bütün prosesləri, bütün məsələləri uğurla həll edəcəklər.

Bir daha xoş gəlmisiniz, bir daha bütün qonaqları səmimiyyətlə salamlayıram.

Prezident Mixeil Saakaşvilinin bəyanatı


- Çox təşəkkür edirəm cənab Prezident! Mənim üçün böyük şərəfdir ki, yenidən Bakıya səfər edirəm. Gürcüstana dost ölkədə səfərdə olmaq mənim üçün çox əhəmiyyətlidir. Cənab İlham Əliyev bu gün mənə çox maraqlı söhbətlər etdi. Hesab edirəm ki, atasının layiqli davamçısı olan Azərbaycan dövlətinin başçısı öz fəaliyyətini uğurla həyata keçirir. Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məhz Sizin fəaliyyətiniz nəticəsində Azərbaycan dövlətçiliyi gücləndirilmişdir. Bu isə ən başlıca amildir.

Bu gün Bakının inkişafı, ölkədə həyata keçirilən infrastruktur layihələri, eyni zamanda, Azərbaycan xalqının rifahının artırılması çox vacibdir. Çünki Azərbaycan həm regionda, həm qlobal müstəvidə vacib bir dövlətdir və bir sıra strateji təşəbbüslərin müəllifidir. İstər regionda, istər geniş Avrasiya məkanında müsbət ab-havanın yaranmasında Azərbaycanın müstəsna xidmətləri vardır. Eyni zamanda, Azərbaycan bizim müstəqilliyimizin, inkişafımızın təminatçısıdır və hər birinizə öz təşəkkürümü bildirirəm, xüsusilə də cənab Prezident, Sizə. Gürcüstanda həyata keçirilmiş islahatlar barədə söylədikləriniz məni çox təsirləndirdi.

Biz öz səfərlərimizi çox gözəl xatırlayırıq, Bakının küçələrini dəfələrlə gəzmişik. Bir sıra ideyalar və fikirlər məhz Azərbaycandakı səfərlərimiz nəticəsində meydana gəlmişdir. Mən ümid edirəm ki, bir gün bizim də ölkəmizdə Sizin inkişaf öz əksini tapacaqdır. Təbii ki, bu rəqabətdə biz bir balaca zəif tərəf kimi çıxış edirik. Amma mən yenə də ümid edirəm ki, inkişaf davam etdiriləcəkdir.

Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq əminəm ki, Azərbaycanın bizim ölkə ilə dostluğu davam edəcəkdir. Gürcüstana Azərbaycandan yaxın olan dövlət tapmaq mümkün deyildir. Bu, sadəcə bəyanat, sadəcə sözlər deyildir. Son 10 il ərzində dünyada heç bir ölkə Gürcüstan üçün Azərbaycanın etdiyini etməmişdir, bizə bu qədər dəstək verməmişdir. Bizim çoxsaylı tərəfdaşlarımız, dostlarımız vardır. Ancaq heç bir ölkə Gürcüstana Azərbaycan qədər yardım etməmişdir. Bu isə, cənab Prezident, bilavasitə Sizin xidmətinizdir. Mən çox şadam ki, Gürcüstanın da Baş naziri Azərbaycana səfər etmişdir və öz gözü ilə buradakı inkişafın şahidi olmuşdur. Bu da bizə imkan verir ki, bu dostluq bundan sonra da davam etsin.

İnqilabi layihə olan Bakı-Tbilisi-Qars layihəsinin də başa çatdırılması çox vacibdir. Mən ümid edirəm ki, ilin sonunadək bu layihə başa çatdırılacaqdır. Bu, hər iki ölkə üçün tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa qitəsinə çıxışımızdır. Ona görə də mən ümid edirəm ki, bu layihənin həyata keçirilməsinə istənilən maneələrin törədilməsi bizim milli maraqlarımıza ziddir. Bu, bir fəlakət ola bilər. Ona görə də bu layihənin sual altına alınması bir cinayətdir.

Ona görə mən hesab edirəm ki, bu layihənin heç bir alternativi yoxdur. Bunun əksi bizim milli maraqlarımıza xəyanət ola bilər. Ona görə də mən şübhə etmirəm ki, bu layihə bizim Avropaya, NATO-ya istiqamətlənmiş yolumuzdur və bu layihə sıx əməkdaşlıq şəraitində başa çatdırılacaqdır. Eyni zamanda, bizim tərəfdaşımıza və dostumuz olan Türkiyə də burada mühüm rol oynayır. Mən şübhə etmirəm ki, bu layihənin icrası başa çatdırılacaqdır.

Bu gün Gürcüstanın iqtisadi təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilmişdir. Bu soyuq qış aylarında Azərbaycanın fədakarlığı bizi xilas etmişdir və bu, gürcü millətinin, Gürcüstan dövlətçiliyinin bir növ xilas edilməsi olmuşdur. Bir daha vurğulamaq istərdim ki, Gürcüstanın ərazi bütövlüyü də Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməmişdir. Ərazi bütövlüyü məsələsi çox mühüm bir məsələdir. Bütün Qafqaz haqqında danışanda ərazi bütövlüyü fundamental prinsipdir və bu, başlıca əhəmiyyət daşımalıdır. Bizim bu istiqamətdə siyasətimiz aydındır.

Neft və qaz kəmərləri sayəsində Gürcüstanın strateji, iqtisadi əhəmiyyəti vardır və bir daha onu vurğulamaq istəyirəm ki, bu, bilavasitə Azərbaycanın sayəsində baş tutmuşdur.
Təbii ki, hazırda Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Lakin bir daha qeyd etmək istəyirəm ki, heç bir amil Gürcüstan-Azərbaycan dostluğuna mane ola bilməz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycansız Gürcüstanın gələcəyi, Gürcüstan dövlətçiliyinin inkişafı mümkün deyildir. Bunu bir daha xüsusi vurğulamaq istəyirəm.

Məhz keçmişdə müstəqilliyimizi o səbəbdən itirmişdik ki, biz yaxından əməkdaşlıq edə bilməmişdik. Lakin son illərdə biz dostluğumuzu o qədər gücləndirmişik, o qədər güclü təməl üzərində qurmuşuq ki, artıq bu dostluq sarsılmazdır və əbədidir. Cənab Prezident, bir daha xüsusilə Sizin rolunuzu qeyd etmək istərdim. Sizin sayənizdə biz bu haqda danışa bilirik və əminəm ki, gələcək nəsillər də buna layiqli qiymət verəcəkdir. Mən buna şübhə etmirəm.

Bir daha, cənab Prezident, Sizə və Azərbaycan xalqına təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun.

---------
19:53

AzərTAc xəbər verir ki, fevralın 27-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Gürcüstan PrezidentiMixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidentiİlham Əliyevgörüş iştirakçılarını salamlayaraq dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda görməyə şadam. Xoş gəlmisiniz! Biz indicə ikitərəfli münasibətlərin mühüm məsələləri və regional problemlər barədə fikir mübadiləsi apardıq. İndi müzakirələrimizi geniş tərkibdə davam etdirəcəyik.

Əvvələn, demək istəyirəm ki, Sizi ölkəmizdə yenidən görməyə çox şadam. Sizin Azərbaycana rəsmi səfəriniz münasibətlərimizin inkişafında çox mühüm mərhələdir. Son doqquz ildə biz Bakıda, Tbilisidə, Batumidə və başqa şəhərlərdə tez-tez görüşmüşük.
Şadam ki, bu əlaqələrimiz davam edir və bizim münasibətlərin indiki mərhələsində Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın tam varisliyini təmin etmək zəruridir. Şadam ki, Siz səfərə bu cür nüfuzlu nümayəndə heyəti ilə gəlmisiniz. Onların əksəriyyətini çoxdan tanıyıram. Əminəm ki, sizin Bakıda olmağınız həmkarlar arasında əlaqələr baxımından da faydalı olacaqdır.

Bizim münasibətlər çox sınaqlardan keçmiş, ən yüksək səviyyəyə çatmışdır, bundan yüksəyini təsəvvür etmək yəqin ki, çətindir. Konkret layihələr həyata keçirilir, onlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Gələcək üçün də yaxşı perspektivlər vardır.
Bunu təmin etmək üçün inamlı inteqrasiya kursunu, beynəlxalq sahədə səylərimizin əlaqələndirilməsini davam etdirmək lazımdır. Sizinlə başladığımız konkret iqtisadi və infrastruktur layihələrinin uğurla başa çatdırılması da regionda sabitliyə və xalqlarımızın rifahına şərait yaradacaqdır.

Gündəliyimiz həmişəki kimi, çox genişdir. Bizim gündəlikdə müxtəlif xarakterli çoxlu məsələlər vardır. Vacibdir ki, onların hamısı müsbət və səmərəli həll edilir. Güman edirəm ki, Sizin budəfəki səfərinizin yekunlarına əsasən, biz əməkdaşlığın daha da möhkəmləndirilməsinin konkret yollarını da müəyyən edəcəyik.

Bir daha xoş gəlmisiniz.

X X X

Azərbaycana yenidən gəlişindən və Prezidentİlham Əliyevilə görüşündən məmnunluq duyduğunu bildirən Gürcüstan PrezidentiMixeil Saakaşvilidedi:

- Çox sağ olun, cənab Prezident! Əvvələn, bizim üçün doğma olan Bakıya gəlmək, əlbəttə, böyük şərəf və həmişə sevindiricidir. Həqiqətən, Bakı regionun ən mühüm mərkəzi olmaqla bərabər, həm də dünyanın ən məftunedici və maraqlı şəhərlərindən biridir. Mən ilk dəfə prezidentlik müddətimin başlanğıcında Sizin andiçmə mərasiminə gəlişimdən sonra Bakının necə tərəqqi etdiyini gördüm. O vaxt Bakı yenicə inkişaf etməyə başlayırdı. Mən dünyada Azərbaycan kimi sürətlə inkişaf edən başqa ölkə tanımıram, ola bilsin ki, bir-iki daha zəngin və daha böyük ölkə vardır. Zənnimcə, bu, həm Sizin, həm də xalqınızın xidmətidir.

Bizim münasibətlərimiz də inkişaf edir. Bu münasibətlərin təməli ulu öndər Heydər Əliyevin uzaqgörən strateji siyasəti nəticəsində qoyulmuşdur. O, Azərbaycanın hansı istiqamətdə irəliləməli olması barədə tam qəti kurs müəyyən etmişdir. Məhz bu qətiyyət, strateji uzaqgörənlik, bütün bu tədbirlərin həyata keçirilməsində dəqiq ardıcıllıq Sizin siyasətinizdə də davam etmiş və Azərbaycanı bugünkü səviyyəyə çatdırmışdır. Mənim bütün həmvətənlərim və güman edirəm ki, dünyanın, ən azı bu regionun bütün düşünən, məlumatlı adamları Sizə heyrandır, vurğundur. Ona görə bu mənada biz bu əməkdaşlığın nəticələrinə bir növ yekun vururuq. Şadam ki, Gürcüstanın Baş naziri də hökumət nümayəndə heyəti ilə burada olmuşdur. Mən başa düşürəm, Gürcüstanda hakimiyyətdə kim olur-olsun, onlar Azərbaycanın əhəmiyyətini bilirlər, onlar başlanmış fəaliyyət kursunu davam etdirməyə bilməzlər. Bu kurs Gürcüstanda icra hakimiyyətinin başında kimin dayanmasından asılı deyildir. Çünki bu, iki xalq arasındakı kursdur. Bu kursun alternativi yoxdur. Ölkələrimiz arasında sadə vətəndaşlar, biznes, hökumətlər, prezidentlər, baş nazirlər səviyyəsində çox dərin strateji tərəfdaşlığın inkişaf etdirilməsindən fərqli heç bir inkişaf variantı yoxdur. Ona görə bu mənada biz Sizə çox minnətdarıq.

----------
17:37

AzərTAc xəbər verir ki, fevralın 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidentiİlham Əliyevvə Gürcüstan PrezidentiMixeil Saakaşvilimətbuata bəyanatlarla çıxış etmişlər.

---------
17:02


AzərTAc xəbər verir ki, fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Gürcüstan PrezidentiMixeil Saakaşvilinin təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirildi. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

X X X

AzərTAc xəbər verir ki, fevralın 27-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Gürcüstan PrezidentiMixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

---------
16:05

Fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan PrezidentiMixeilSaakaşvilinin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezidentİlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımıMehriban ƏliyevaGürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımıSandra Elizabet Rulofsu qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verdi.

Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Mixeil Saakaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər