news Image
2012.09.08
12:29
| A A A
Azərbaycan prezidenti: “Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır”
"NATO ilə Azərbaycan arasında fəal dialoq regional sabitlik və əməkdaşlıq üçün olduqca vacibdir. Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır".

APA-nın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu bu gün NATO-nun baş katibi baş katib Anders Foq Rasmussenlə görüşdən sonra mətbuat üçün bəyanatında Azərbaycan prezidenti İlham Əliyev deyib. 

Prezident bildirib ki, Azərbaycanla NATO-ya üzv dövlətlər arasında olan münasibətlər çox geniş, proqnozlaşdırılan və dostluq xarakteri daşıyan münasibətlərdir: "Bu isə öz növbəsində NATO ilə Azərbaycan arasında mövcud əlaqələri daha da gücləndirir. Biz bir çox məsələlər üzərində çalışırıq. O məsələlərdən biri Əfqanıstandakı vəziyyətdir. İlk günlərdən Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak edib və beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin apardığı əməliyyatlara töhfə verib. Əfqanıstandakı hərbçilərimizin sayını 2 dəfə artırmışıq. Biz yerləşdirmə, tranzit, logistika, o cümlədən hava məkanından istifadə dəstəyi ilə töhfəmizi də veririk. Bu gün Əfqanıstana göndərilən qeyri-hərbi yüklərin 30 faizindən çox hissəsi Azərbaycan ərazisi ilə daşınır. Biz fəaliyyətimizi davam etdirməyə hazırıq".

Prezident qeyd edib ki, Azərbaycan 2014-cü ildən sonra da proseslərin inkişafında iştirak etməyə hazırdır: "Biz, həmçinin təlim proqramlarında, qeyri-hərbi yardım proqramlarında iştirak edirik. Biz əfqan milli ordusunun qəyyumluq fonduna yardım etmişik və əlavə yardımların göstərilməsi ilə bağlı bəyanat vermişik. Başqa sözlə desək, bu əməkdaşlıq çox səmimi və açıqdır, ortaq dəyərlərə əsaslanır. Biz əlimizdən gələni edəcəyik ki, əfqan dostlarımız qarşılaşdıqları çətinlikləri aradan qaldıra bilsinlər".

Prezident qeyd edib ki, NATO baş katibi ilə regiondakı vəziyyəti, regional təhlükəsizliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: "Azərbaycan münaqişənin tezliklə, beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında həllinə çalışır. Ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə NATO-ya çox minnətdarıq. Bu, Çikaqo sammitinin, o cümlədən əvvəlki Lissabon və Buxarest sammitlərinin sənədlərində əks olunub. Azərbaycan torpaqları demək olar ki, 20 ildir işğal altındadır. Biz bu ədalətsizliyə son qoymalıyıq, bu regional təhlükəni aradan qaldırmalıyıq".

Prezident görüşdə enerji təhlükəsizliyi mövzusunun da müzakirə edildiyini bildirib: "Azərbaycan bu məsələ ilə bağlı NATO-nun üzv dövlətləri ilə sıx işləyir. Biz nəhəng enerji ehtiyatları aşkar etmişik. Çox müasir daşıma infrastrukturuna, boru kəmərlərinə malikik. Yeni TANAP boru kəmərinin tikintisini planlaşdırırıq. Bu boru kəməri ilə resurslarımızı Avropa bazarlarına nəql edə biləcəyik. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan öz səylərini davam etdirməyə, tərəfdaşlığın gücləndirilməsinə hazırdır. Əminəm ki, bu tərəfdaşlıq davam edəcək, xüsusən də nəzərə alsaq ki, biz enerji təhlükəsizliyi məsələləri üzrə üzv dövlətlərlə artıq iş aparırıq, uğurlu olacaq. Bəzi üzv ölkələrin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Əminəm ki, vaxt gələcək bizim qazımız da Avropadakı dostlarımızın və qonşularımızın qaz istehlakında mühüm yer tutacaq".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs