Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Azərbaycan prezidenti: “ATƏT-in Minsk qrupu yaranandan ilk dəfədir, Dağlıq Qarabağ danışıqları dalana dirənib”
 
 
news Image
2012.09.12
12:02
| A A A
Azərbaycan prezidenti: “ATƏT-in Minsk qrupu yaranandan ilk dəfədir, Dağlıq Qarabağ danışıqları dalana dirənib”
"Təkcə bizim üçün deyil, həm də bütün dünya üçün əsas narahatlıq doğuran məsələ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsidir. Azərbaycan erməni təcavüzünün qurbanıdır. Bu, danılmaz faktdır. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir". APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə deyib. 

Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha vurğulayıb: "Tarixi nöqteyi-nəzərdən bu ərazidə azərbaycanlılar məskunlaşıblar. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Sovet vaxtı Dağlıq Qarabağ muxtar vilayət olub, hətta muxtar respublika belə olmayıb, o, Ermənistanla inzibati sərhədlərə belə malik deyil. Beləliklə, Dağlıq Qarabağ Azərbaycanın ərazisi daxilində yerləşir və münaqişə başladıqda orada yaşayan insanların etnik tərkibi 75-25 faiz nisbətində idi. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Ermənistan 7 ətraf rayonda etnik təmizləmə siyasəti aparıb. Halbuki orada heç bir zaman erməni əhalisi yaşamayıb. Nəticədə bizim Dağlıq Qarabağın ətrafındakı rayonlardan 750 mindən çox, Qarabağın özündən 40 min, Ermənistandan qovulan 200 mindən çox qaçqın və köçkün soydaşımız var. Bu rəqəmlər aydın məsələdir ki, münaqişənin başlandığı, etnik təmizləmə aparıldığı dövrə aiddir. Keçən dövr ərzində məcburi köçkün ailələrdə demoqrafik artım baş verdiyinə görə bu rəqəmlər də artmaqdadır".

Dağlıq Qarabağın ətraf rayonlarının dağıdıldığını deyən prezident ATƏT oraya iki missiya göndərdiyini diqqətə çatdırıb: "Birincisi faktaraşdırıcı, ikincisi isə qiymətləndirmə missiyasıdır. Onlar hər şeyin dağıdıldığını təsdiq ediblər. Bizim şəhərlər kimsənin yaşamadığı kabus şəhərlərinə çevrilib. Bütün infrastruktur darmadağın edilib, bütün qəbiristanlıqlar, məscidlər və tikililər yerlə-yeksan olunub. Bu, Ermənistan tərəfindən, gəlmələr tərəfindən törədilib. Bu, münaqişənin real mənzərəsidir. Beynəlxalq ictimaiyyət məsələnin həllində fəal iştirak edir. Bizim məsələni həll etmək üçün hərtərəfli hüquqi bazamız, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Onların heç biri yerinə yetirilməyib. ATƏT-in qərarları, Lissabon sammiti və digər qərarlar, hamımız bunları xatırlayırıq. Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda, NATO-nun Çikaqoda keçirilmiş sammitində də bu məsələyə baxılıb. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Ermənistan prezidentinin, mənim və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış Mayndorf bəyannaməsində də göstərilir ki, münaqişə beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həllini tapmalıdır. Bu qərar və qətnamələr birmənalıdır. Məsələnin həlli ilə bağlı Helsinki Yekun Aktına da istinad edilir. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi arasında balans açıq-aydın göstərilir. İnsanların öz müqəddəratını təyin etmək hüququ ərazi bütövlüyü prinsipinə xələl gətirməməlidir. Üstəlik, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyin ediblər, Ermənistan dövlətini yaradıblar və bu dövlət tarixən azərbaycanlılar tərəfindən məskunlaşmış ərazidə yerləşir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq vermişdi. Çoxları bundan xəbərsizdir, lakin bu, həqiqətdir. Biz daha bir erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik. Bu, qeyri-mümkündür. Ermənistan anlamalıdır ki, onların maksimalist yanaşması, Dağlıq Qarabağ üçün müstəqillik tələb etmələri mümkünsüzdür. Bunu heç kim dəstəkləməyəcək. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb, Dağlıq Qarabağı heç kim tanımır. Azərbaycan Dağlıq Qarabağı heç vaxt tanımayacaq. Buna görə də Ermənistanın irəliləyiş əldə etmək üçün ən yaxşı variantı 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupunun təqdim etdiyi təkliflərə qayıtmaqdır. Azərbaycan bunları dəstəkləyir. Siz bu təkliflərin nədən ibarət olduğunu bilirsiniz: işğal olunmuş bütün ərazilər Azərbaycana qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, təhlükəsizlik təmin edilməlidir. Yalnız bundan sonra Ermənistan ilə əlaqələr təmin olunacaq, Dağlıq Qarabağın gələcək statusu hər iki tərəf hazır olduqda müəyyənləşdiriləcək. Ermənistanın rədd etdiyi formulanı biz qəbul etmişik. Bundan sonra danışıqlar prosesi bir ildən çoxdur ki, durğunluq mərhələsinə daxil olub. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin, xüsusən də, onların "status-kvo"nun qəbuledilməz olması barədə bəyanatı bizi çox ruhlandırdı. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin Ermənistan "status-kvo"nu saxlamağa çalışır, danışıqlar masasında oturmaq istəmir. Onların bütün təxribatçı əməlləri və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin həllinin uzadılmasıdır. Onlar bir şeyi başa düşməlidirlər ki, "status-kvo"nu bu neçə illər ərzində saxladıqları kimi davam etdirə bilməyəcəklər. Qüvvələr və güc balansı dəyişir, Azərbaycan 20 il bundan əvvəlki ölkə deyil. Azərbaycan özünü qorumaq iqtidarında olan ölkədir. Ermənistan üçün ən yaxşı çıxış yolu onun gələcəyinin regionun inkişafından asılı olduğunu anlamasıdır. Qonşular birgə yaşamağa öyrənməli və işğala son qoymalıdırlar. Hər şey işğalla əlaqəlidir. Bəzən Ermənistan liderləri deyirlər ki, Azərbaycan bu ölkə ilə bütün əlaqələrə son qoyub. Axı, siz torpaqlarımızı işğal edən ölkə ilə əməkdaşlığımızı necə gözləyə bilərsiniz?! Siz, öz ölkələrinizin bütün tarixi abidələrini darmadağın etmiş, ərazilərinizi işğal etmiş və bu işğalı davam etdirmək niyyətində olan işğalçı bir ölkə ilə əməkdaşlığı necə təsəvvür edə bilərsiniz? Bu, mümkün deyil. İşğala son qoyulmalıdır. Ərazilərin işğaldan azad olunması prosesi mümkün qədər tez başlamalıdır. İşğaldan azad olunma prosesi başlayan kimi, biz münasibətlərin normallaşdırılması, gərginliyin kəskin dərəcədə azaldılması istiqamətində mühüm addımlar atmaq məsələsini nəzərdən keçirməyə hazırıq. Amma əvvəlcə bu proses başlanmalıdır. Sözdən əmələ keçmək lazımdır. Bu, bütün ölkələrin, eləcə də bizim, əminəm ki, Ermənistanın da marağındadır. Bütün insanlar sülh və əmin-amanlıq şəraitində yaşamalı və beynəlxalq hüquq mümkün qədər tez bərpa edilməlidir.

Mən bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh prosesi üçün də bir o qədər faydalı olar". 

Ramil Səfərovun ekstradisiyası və əfvi məsələsinə toxunan dövlət başçısı Azərbaycanın beynəlxalq təcrübəyə, öhdəliklərə zidd ola biləcək heç bir addım atmadığını vurğulayıb: "Biz bilirik ki, Ermənistanda Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı hay-küy yaranıb. Mən bununla bağlı münasibətimi artıq bildirmişəm. Bir daha bildirirəm ki, Səfərovun ekstradisiyasından tutmuş əfvinə qədər hər şey Avropa Konvensiyasına, o cümlədən Azərbaycan Konstitusiyasına uyğun həyata keçirilib. O, həbsxanada təxminən 9 il cəza çəkib. Buna görə də, Ermənistan bu vəziyyətdən sülh danışıqlarını pozmaq üçün bəhanə kimi istifadə etməməlidir.

Qeyd etdiyim ki, 2011-ci ilin iyununda Kazanda keçirilən son görüşdən sonra danışıqlar prosesi durğunluq mərhələsindədir. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlər edir, lakin bizim hazırda müzakirələrimizin əsas mövzusu danışıqlar prosesinin mahiyyətinə deyil, gərginliyin, potensial təhlükənin azaldılmasına yönəlib. ATƏT-in Minsk qrupu yaranandan bəri ilk dəfədir ki, danışıqlar prosesinin dalana dirəndiyinin şahidiyik. Ötən illərdə danışıqlar prosesinin bir neçə mərhələsi, bir sıra təkliflər nəticəsiz olub. Praqa prosesindən başlayıb Madrid prinsipləri ilə tamamlanan, Azərbaycanın imtina etmədiyi sonuncu təkliflər paketi bəzi ermənilərin bunun əksini söyləməsinə baxmayaraq, mən deyərdim ki, həll üçün bəlkə də son təklif və son imkan idi. Ermənistan hazırda bu epizoddan bəhanə kimi istifadə edir. Onlar bacardıqları qədər "status-kvo"nu saxlamaq istəyirlər. Onlar həmişə məsələnin sülh yolu ilə həllini istədiklərini bildirirlər. Biz də problemin sülh yolu ilə həllini istəyirik. İyirmi il ATƏT-in Minsk qrupunda olmağımız aydın şəkildə göstərir ki, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Sülh yolu ilə həldən başqa biz, eyni zamanda, torpaqlarımızın da azad olunmasını istəyirik. Lakin Ermənistan yalnız sülh yolu ilə həll istəyir, onlar yalnız sülh istəyirlər. Biz də sülh istəyirik, həm də torpaqlarımızı istəyirik. Bu torpaqlar tarixən, siyasi baxımdan və hüquqi baza nöqteyi-nəzərindən bizimdir. Buna görə də onlar Ramil Səfərov məsələsini qabartmağa çalışırlar. Onlar ölkədaxili lazımsız hay-küy yaradırlar. Mən əfv sərəncamımla bağlı Ermənistan prezidentinin daxili problemlərini başa düşürəm. Lakin bu onun problemidir, bu, regionun problemi deyil. Hər bir prezidentin ölkədaxili problemləri ola bilər. Lakin bu, heç də qeyri-etik davranaraq sülh prosesini zədələmək üçün səbəb ola bilməz. Ona görə də onlar bir az təmkinli olmalı, reallığı olduğu kimi qəbul etməlidirlər.

Mən paralellik aparmadan sadəcə bir tarixi məqamı xatırlatmaq istərdim. 2001-ci ildə Ermənistan prezidenti Fransanın Orli hava limanında Türk Hava Yollarına məxsus zolaqda bir neçə nəfərin, səhv etmirəmsə 1 amerikalı, 4 fransız, digərləri türk olmaqla 8 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədən Karapetyan adlı terrorçunu əfv edib. Karapetyan Ermənistan vətəndaşı deyildi, lakin bir neçə il həbs cəzası çəkdikdən sonra o Ermənistana ekstradisiya olundu və Sarkisyanın xələfi və yaxın tərəfdaşı Koçaryan onu dərhal əfv etdi. Həmin vaxt biz beynəlxalq təşkilatlardan, siyasətçilərdən bu məsələ ilə bağlı heç bir açıqlamanın şahidi olmadıq. Mən 8 nəfərin qatili, 50 nəfərin yaralanmasına səbəb olan terrorçu ilə zabitimiz arasında paralellik aparmıram. Lakin bu, bir həqiqətdir. İndi ermənilərin özlərini təhqir olunmuş kimi qələmə verməyə haqları yoxdur. Mənə elə gəlir ki, buna bütün məqamlardan yanaşdıqda bu, doğru qərar idi. İndi Ermənistanın özünə ismarış göndərilməlidir: bundan danışıqlar prosesini pozmaq üçün bəhanə kimi istifadə etməyin, bundan gərginlik yaratmaq üçün istifadə etməyin! Gərginliyi yaradan Azərbaycan deyil, onlardır. Onlar sakitləşməli, danışıqlar masasına qayıtmalı və münaqişənin mümkün qədər tez həlli yolunu tapmağa çalışmalıdırlar".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs