Əlaqə Arxiv
news Image
2013.04.01
11:00
| A A A
Azərbaycana qarşı radikal mövqedə dayananların kimliyi üzə çıxır
Araz Aslanlı: “Dünyada dolayı və ya açıq dini radikalizmə dəstək verən müxtəlif ölkələrin adları qeyd olunur” Əziz Əlibəyli: “Bu cür milli təhlükəsizliyə zidd halların qarşısı qətiyyətlə və dərhal alınmalıdır” "Bəzi dövlətlərin xüsusi xidmət orqanları və dini ekstremist dairələr ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar". Bu fikri Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı milli təhlükəsizlik naziri general – polkovnik Eldar Mahmudov bildirib. Nazir vurğulayıb ki, son dövrlər bəzi xarici dairələr tərəfindən təhdidlərin artması, anti-Azərbaycan fəaliyyətə müxtəlif pozucu elementlərin cəlb edilməsi müşahidə olunur: "Destruktiv qüvvələr tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi üçün səylər göstərilir. Azərbaycanın bütün nailiyyətlərin müəyyən pozucu qüvvələr və düşmən dairələr tərəfindən qısqanclıqla qarşılanır".
Nazir tərəfindən konkret ölkə adları vurğulanmasa da, belə cəhdlərin hansı ölkələr timsalında ola bilməsi hər kəsə məlum məsələdir. Azərbaycanın açıq düşmənin olması ilə yanaşı, ona dolayısı ilə bədnam xislət daşıyan qonşuları da az deyil. Çünki, milli təhlükəsizlik zəminində zərərsizləşdirilmiş qrup və şəxslərin daha çox hansı ölkələrdən olmasını hər dəfə aydın görürük. Dini müstəvidə isə burada məxsusi İranın adı vurğulanır. Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı bildirir ki, ümumiyyətlə, dünyada dolayı və ya açıq dini radikalizmə dəstək verən müxtəlif ölkələrin adları qeyd olunur: "Bunlar sadəcə müsəlman dövlətləri deyil. Dünyanın müxtəlif dövlətləri də vaxtaşırı digər dövlətlərə qarşı siyasət vasitəsi kimi dini radikalizmdən istifadə etmələrinə görə günahlandırılırlar. Bu, xüsusən də soyuq müharibə dövründə olub. Amma yaxın dövrdə Azərbaycanda təəssüf ki, bu problemi qonşularımızla - xüsusən də İranla yaşayırıq. Yəni, cənab nazir açıq şəkildə onlarını adını qeyd etməsə də, keçirilən əməliyyatlar barədə verilən açıqlamalardan bilirik ki, adətən Azərbaycanda İrana məxsus dini radikalizmlə məşğul olan qruplar aşkarlanır. Onları da dövlət olaraq birbaşa dəstəkləyən İranın adı çəkilir. Digər müsəlman ölkələrinin vətəndaşları ilə əlaqəli cinayətkar qruplar da aşkarlanır. Amma burada konkret, birmənalı olaraq həmişə İranın xüsusi xidmət orqanlarının adı çəkilir. Nazirin son açıqlamasında da nəzərdə tutulan ölkə məhz İran İslam Respublikasıdır".
Politoloq onu da əlavə etdi ki, şübhəsiz, dini radikalizm vacib bir siyasi, ictimai, hətta mədəni bir xarakterli hadisələrə müdaxilə etmək üçün vasitə rolunu oynaya bilir: "Bunu ölkəmizdə keçirilən "Eurovision" mahnı müsabiqəsində də, seçkilərdə və ya Qarabağa problemi ilə bağlı hadisələrdə də gördük. İran mətbuatında bunu asanlıqla görmək mümkündür. Dağlıq Qarabağla bağlı danışıqlar prosesi gedəndə burada İranın istəyinə uyğun addım atılma ehtimalı varsa, onunla bağlı aranı qarışdırmaq üçün, xüsusən dini radikalizm müstəvisində əllərindən gələni edirlər. İran mətbuatında bunun nümunələri çoxdur. Amma ümumi götürdükdə konkret hadisələr sadəcə, vasitə rolu oynayır. Ümumiyyətlə, bu, İranın Azərbaycana strateji yanaşmasından qaynaqlanın problemdir. Ancaq sadəcə, Azərbaycana yanaşmasında deyil, İranın ümumiyyətlə xarici siyasət konsepsiyasında dindən öz məqsədləri üçün istifadə etməsi ilə bağlı yazılı və yazılı olmayan, açıq və gizli məqamlar var. Bu məqamlar da özünü vaxtaşırı həmin xarici siyasətində göstərir. Hətta Türkiyə və digər müsəlman qonşuları ilə bağlı siyasətində də özünü göstərib".
Digər siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, tək seçki zamanı deyil, elə adi vaxtlarda da imkan yaranan kimi bəzi ölkələrin xüsusi xidmət orqanları fəallaşmağa başlayır: "Təbii ki, bu sırada dini ekstremist qüvvələr daha çox yer tutur. 2013-cü ilin prezident seçkilərinə təsadüf etməsi fonunda ölkəmizdə müəyyən radikal qüvvələrin fəallaşması mümkündür. Daha çox İran vasitəsilə ixrac edilərək din pərdəsi altında gizlənən qüvvələr və Rusiyadan koordinasiya edilən dəstələrin, ayrı-ayrı şəxslərin fəaliyyətlərinin artırdığını demək olar. Seçkilərlə bağlı dövlətin bütün diqqətinin prosesə cəmlənməsi bəzi qüvvələri arxayın sala bilər. Qarşıda - seçki ərəfəsində Azərbaycana düşmən qüvvələrin dostluğunda yer alan Ermənistanın da sərhəd rayonlarında fəallaşması baş verəcəkdir. Anti - Azərbaycan qüvvələrin əsas məqsədi, ölkəni daxilindən və ələ aldıqları vətəndaşlardan dəstək almaqla sarsıtmaqdır. Bu cür milli təhlükəsizliyə zidd halların qarşısı qətiyyətlə və dərhal alınmalıdır".
Sizin Reklam Yeriniz