news Image
2014.02.02
20:59
| A A A
Məkkəni vandalizmə çevirən kimlərdi?
İslamın müqəddəs şəhəri olan Məkkə Veqasa çevrilir. Böyük Britaniyanın "The İndependent"-in müxbiri Cerom Teylor yazır: "Tarixi və mədəni cəhətdən əhəmiyyətli məkanlar lüks hotellər və ticarət mərkəzləri inşa etmək məqsədilə məhv edilir". Məkkə sakinləri öz aralarında yaşadıqları şəhəri "Las Veqas" adlandırır və onlar bunu heç də sevə-sevə demirlər. Son 10 il ərzində İslamın bu müqəddəs şəhəri böyük dəyişikliklərə uğrayıb. Bu isə bütün dünyadan olan müsəlmanlar arasında fikir ayrılığına səbəb olub. Bir zamanlar tozlu-torpaqlı, bəyaz səhranın qoynuna sığınan Məkkəyə hər il Həcc ziyarətinə milyonlarla zəvvar gəlir və qonaqları layiqincə qəbul etmək məqsədilə burada genişlənmə işləri aparılır, yeni göydələnlər, bənzərsiz ticarət mərkəzləri və lüks hotellər inşa olunur.
Əl-Səud sülaləsi üçün Məkkə neftdən əldə olunmuş böyük gəlirlər hesabına inşa edilmiş polad və beton meqopolisdir. Məkkə və Mədinə kimi iki müqəddəs şəhərdə yaşayan vətəndaşlar inşaat işləri zamanı milli arxeoloji irsin dağılmasını ürək ağrısı ilə izləyir. Tənqidçilər qeyd edirlər ki, bir zamanlar Məhəmməd peyğəmbərin (s.a.s) "bütün müsəlmanlar birdir" dediyi Məkkə indi zənginlər üçün nəhəng tikinti sahəsinə çevrilir.
Avtoritar krallığın yürütdüyü rəsmi siyasəti tənqid etmək risk olduğundan bu mövzu barədə danışmağa hər adam cürət etmir. Bundan başqa, Türkiyə və İran istisna olmaqla, digər müsəlman ölkələri Səudiyyə Ərəbistanı ilə diplomatik gərginlikdən və vətəndaşlarına zəvvar vizalarının verilməsinə məhdudiyyət qoyulacağından ehtiyat edir və bu səbəbdən də onlar da baş verənləri səssiz izləmək məcburiyyətindədir.
Ərəb arxeoloqları və tarixçiləri iddia edir ki, Səudiyyə Ərəbistanının tarixi məkanları bu gün xilas edilməsə, yaxın gələcəkdə bütün irs əldən çıxa bilər. "Heç kim ayağa qalxıb bu mədəni vandalizmi qınaya bilmir " deyən İslam İrsinin Araşdırılması Fondunun icraçı direktoru İrfan əl-Əlavi çox narahatdır. Ölkəsinin tarixi məkanlarının qorunması üçün mübarizə aparmış İ.Ələvi bildirir ki, bu zamana kimi artıq 400-500 belə tarixi məkan məhv edilib. O, həmçinin baş verənlərin qarşısını almağın gec olmamasına ümid etdiyini deyir.
Araşdırmaçını ən çox narahat edən məsələ İbrahim peyğəmbərin inşa etdiyi Qara daşın da içərisində yer aldığı Böyük Məscidin 690 milyon funt sterlinq dəyərində genişləndirilməsi layihəsidir. Tikinti işlərinə rəsmi start verilib. Ədliyyə Naziri Məhəmməd əl-Eissa iddia edir ki, tikinti işləri aparılan zaman Kəbəyə heç bir ziyan vurulmayacaq və oranın müqəddəsliyinə hörmət ediləcək. İslam memarlığı üzrə məşhur ekspert Sami Angavi hesab edir ki, həm Məkkədə, həm də Mədinədə demək olar ki, tarixi heç nə qalmayıb və göydələnlər bütün şəhəri basıb. Qeyd edək ki, hər il 12 milyon zəvvar Məkkə və Mədinəyə ziyarətə gəlir və onların 2025-ci ildə sayının 17 milyona çatacağı gözlənilir.