news Image
2015.03.01
14:21
| A A A
Yunanıstanda hökumətə qarşı yeni aksiyalar
Yunanıstanın paytaxtı Afinada yeni hökumətə qarşı etiraz aksiyası başlayıb. Fevralın 26-da keçirilən aksiya radikal sol partiyası olan "Siriza"nın hakimiyyəti dövründə ilk belə ciddi qarşıdurmadır.

Movqe.az milli.az-a istinadən xəbər verir ki , aksiya iştirakçıları hökumətlə kreditorlar arasında əldə olunan razılaşmaya öz etirazlarını bildiriblər. Aksiyaya təxminən 450 nəfər sağçı qatılıb.

Afina Universitetinin qarşısında toplaşan qrup, buradan parlament binasının da yerləşdiyi "Sintaqma" meydanına doğru yürüş edib.

Yürüş vaxtı təhlükəsizlik tədbiri görən çevik qüvvət polisi ilə onlara daş və "Molotov kokteyli" atan aksiyaçılar arasında insident baş verib. Belə ki, çevik polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Daha sonra aksiyaçılar ətrafda olan ofislərin, bank şöbələrinin, avtobus dayanacaqlarının və telefon köşklərinin şüşələrini sındırıb, yolda olan avtomobillərə od vurublar.

İlkin məlumata görə, aksiyalar zamanı insan tələfatı və yaralanma hadisəsi qeydə alınmayıb.

Aksiya iştirakçılarının əsas etirazlarından biri də baş nazir Alexsis Tsipras hökuməti ilə Avropa Birliyi arasında əldə olunmuş razılıqla bağlıdır. Belə ki, Avropa Birliyi Yunanıstana edilən yardımların müddətini 4 ay da uzatdığını bəyan edib. Birliyə daxil olan bütün dövlətlərin parlamentlərinin razılığından sonra Avropa Birliyi Yunanıstana maliyyə yardımı göstərəcək. Lakin rəsmi Brüssel bu yardımlara görə Yunanıstan hökumətini islahatlara çağırır. Avropa Birliyi Yunanıstandan vergidən yayınmağa görə tədbirlərin gücləndirilməsi, yanacaq və tütün qaçaqmalçılığına qarşı mübarizə və vergilərin yığılması ilə bağlı sistemin təkmilləşdirilməsini tələb edir. Yunanıstanın daxili işlər naziri Nikos Vuçis qeyd edib ki, Avropa Birliyi ilə Yunanıstan arasında əldə edilən razılaşma, hökumətin sərt vergi siyasəti tətbiq etməyinə gətirib çıxarmayacaq.

Avropa Birliyi Yunanıstan ilə əldə olunmuş razılaşmadan çox razıdır. Lakin rəsmi Brüssel tələblərin dərhal yerinə yetirilməsinin vacib olduğunu bildirir. Avropa Birliyi ümid edir ki, bu tədbirlər Yunanıstan dövlətinin borclarının azalması istiqamətində mühüm addım olacaq. Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis qeyd edib ki, Yunanıstan hökuməti üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün ciddi addımlar atmalıdır: "Rəsmi Afina tərəfindən görülən tədbirlər iqtisadi sabitliyin yaradılmasına və ölkədən kapital axınının qarşısının alınmasına kömək edəcək". Qeyd edək ki, Yunanıstan dövləti borclarına görə təkcə fevral ayında təxminən 2 milyard dollar pul ödəməlidir. Mart ayında isə rəsmi Afina Beynəlxalq Valyuta Fonduna 1,5 milyard dollar verməlidir.

Artıq Almaniya Bundestaqı Avropa Birliyinin Yunanıstanla bağlı proqramına razılıq verib. Deputatların əksəriyyəti Yunanıstana yeni yardımlar paketinin verilməsinin lehinə səs verib. Almaniya xarici işlər naziri Volfranq Şoyble bildirib ki, rəsmi Berlin Avropa Birliyinin vahid qalması üçün əlindən gələni edəcək: "Lakin yeni layihəyə görə, Yunanıstana milyardlarla dollarlıq yardım edilməyəcək. Həmçinin Yunanıstan dövlətinin kredit borclarını qaytarmasında da heç bir dəyişiklik olmayacaq. Sadəcə olaraq, biz Yunanıstana borclarını qaytarmaq üçün bir zaman ayıracağıq". Qeyd edək ki, Almaniya Yunanıstana kömək edən əsas donor ölkədir.

Avropa Birliyi ilə Yunanıstan arasında əldə edilən razılaşma baş nazir Tsiprasın partiyasında da narazılıq yaradıb. İfrat solçular hökuməti seçki kampaniyası vədlərindən geri çəkilməkdə ittiham edib. Baş nazir seçkilərdən əvvəl qənaət tədbirlərinə son qoymağı, 240 milyard avroluq borc paketini də bitirməyi vəd edirdi. Amma hazırkı hökumətin seçkidən qabaq verdiyi vədlərə əməl edəcəyi gözlənilmir.