Əlaqə Arxiv
news Image
2011.11.23
19:53
| A A A
"Həyatımı Əvəz Zeynallıya həsr etmək fikrim yoxdur"

"Mənim Əvəz Zeynallı ilə aşıq kimi deyişmək fikrim yoxdur. Söyləmək istədiklərimi demişəm. Bundan sonra lazım olan sözü istintaq deyəcək". Deputat Gülər Əhmədova noyabrın 22-də "Media forum" saytına belə deyib.

Gülər Əhmədova qeyd edib ki, məsələ haqda geniş danışmaq istəməməsi istintaqın başa çatmaması ilə bağlıdır: "Mən ona görə sizə açıqlama verdim ki, qarşı tərəf və insanlar fikirləşməsinlər, görəsən, Gülər Əhmədova niyə susur? Çox adam bilmirdi ki, mən niyə susuram. Mən istəyirdim ki, bunlar danışsınlar görək nə danışırlar. Onlar qoyduqları suallarla əvvəllər dediklərini təkzib edirlər. Mən deputatam, o qədər işim-gücüm var ki. Elmi, pedaqoji fəaliyyətlə məşğulam, siyasətlə məşğulam, beynəlxalq görüşlərdə iştirak edirəm. Həyatımı Əvəz Zeynallıya həsr etmək fikrim yoxdur. Sadəcə, həyatıma, iş-gücümə narahatlıq yaratmasın deyə, nəhayət, bu addımı atmışam".

Deputat bildirib ki, Əvəz Zeynallının həbsxanadan göndərdiyi yazılara və "Xural" qəzetinin əməkdaşlarının ona ünvanladıqları suallara köməkçiləri cavab verəcək: "Köməkçim onlara lazım olan cavabları verəcək. Bizdə elə bir problem yoxdur ki, nəyisə gizlədək. Bizdə hər şey açıq-aydındır. Əslində şantaj etmək üçün heç nə yox idi. Özləri də deyirlər ki, heç nə yox idi".

"Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Sonra daha üç nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Əvəz Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Sizin Reklam Yeriniz