Əlaqə Arxiv
news Image
2012.08.08
14:51
| A A A
Azərbaycanın bölgələrində fəaliyyət göstərən mehmanxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə monitorinq nazirlik və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduğu Monitorinq Qrupu tərəfindən aparılıb. 

Monitorinq Qrupu Gəncə, Naftalan, Mingəçevir, Şəki, Lənkəran şəhərləri və Gədəbəy, Balakən, Zaqatala, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Xaçmaz, Qusar, Quba, Lerik, Masallı rayonlarında turizm xidməti göstərən 137 obyektə baxış keçirib. Monitorinq üzvləri tərəfindən obyektlərdə otaqların (kotteclərin) və çarpayıların sayı, xidmət haqqının maksimum və minimum hədləri, təklif olunmuş paketə daxil olan xidmətlərin çeşidi və keyfiyyəti, menecerlərin bu sahədəki bacarıqlarına və sairə baxılıb. 

Aparılan monitorinqlər zamanı bütün bölgələr üzrə yerləşdirmə obyektlərində bir nəfər üçün yataq yerinin qiymətinin ötən illə müqayisədə 10-20 faiz arasında aşağı düşməsi, mehmanxana və mehmanxana tipli obyektlərdə turistlərə göstərilən əlavə xidmətlərin sayının 20-25, bölgələrdə turizm xidmətlərinin çeşidinin əvvəlki illərdən fərqli olaraq 10-15 faiz artması və əhalinin bütün təbəqələrinin ödəniş qabiliyyətinə uyğun yataq yerlərinin təklif olunması müşahidə edilib. Monitorinq Qrupu bölgələrdə turizm xidməti sahəsində müsbət irəliləyişlərin olması qənaətinə gəlib. Məlumatda bildirilir ki, müəyyən faiz dərəcələrində qiymətlər ucuzlaşıb, hər il yeni əyləncə növləri yaradılıb, bölgələrdə bir çox istirahət mərkəzi artıq turizm şirkətləri ilə əməkdaşlıq edir. 

Monitorinq Qrupu tərəfindən baxış keçirilən bölgələrdə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən turizm obyektlərinin qısa zamanda lisenziya almalarına dair müvafiq aktlar tərtib olunub. Nöqsanlar aşkar edilən obyektlərin sahiblərinə isə çatışmazlıqların tezliklə aradan qaldırılması istiqamətində tövsiyələr verilib.
 
Sizin Reklam Yeriniz