Yaponiyada hər bir vətəndaşın 12 rəqəmli şəxsi nömrəsi olacaq
Yaponiyada azyaşlılar da daxil olmaqla bütün
vətəndaşlar üçün 12 rəqəmli şəxsi dəyişməz nömrələrin tətbiqi
barədə qanun qüvvəyə minib. Onun istifadəsində məqsəd qeydiyyat və
uçot əməliyyatlarının sadələşdirilməsidir. Yeni sistem uzun müddət
Yaponiyada yaşayan əcnəbilər üçün də tətbiq
olunacaq.
Cari ilin oktyabr və noyabr ayları ərzində bütün
ölkə vətəndaşlarına həmin nömrə barədə şəxsi vərəqənin
göndəriləcəyi bildirilir. Gələn ilin yanvarından başlayaraq isə
həmin vərəqlər təbii fəlakətlər zamanı vergi və sosial sığorta ilə
əlaqədar istifadə olunacaq. Həmin vərəqələri foto və şəxsi nömrə
göstərilməklə də əldə etmək olar. Hökumət bu sistemin tətbiq
dairəsini getdikcə genişləndirmək niyyətindədir.
Yaponiyada şəxsi nömrələrin verilməsi sisteminin
tətbiqinə əvvəllər də cəhd göstərilib. Lakin əhalinin müqaviməti və
həmin sistemə inamsızlığı ondan istifadəyə imkan verməyib. Hazırda
da ölkədə bunun polis nəzarətinin güclənməsinə və müxtəlif mənfi
hallara yol açacağı barədə fikirlər dolaşır. Əhali sistemin şəxsi
məlumatların oğurlanmasından, haker hücumlarına şərait
yaradacağından ehtiyat edir. Bundan əlavə, bir çox yerli orqanlar
da şəxsi nömrələrin tətbiqindən səmərəli istifadəyə hələ hazır
deyil.