news Image
2013.03.20
13:12
| A A A
ATƏT-in Minsk Qrupu həmsədrləri Xocalı aeroportu ilə bağlı konkret təkliflərinin olduğunu açıqlayıblar
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrləri Yan Kelli (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) regiona səfəri başlayıb.

Movqe.az-ın verdiyi məlumata görə, vasitəçilər martın 19-da Xankəndinə səfər edərək separatçı rejimin rəhbərləri ilə görüşüblər.

Separatçıların lideri Bakı Saakyan görüşdə bildirib ki, Bakı destruktiv siyasətini davam etdirir, bu isə sülh prosesinə təhlükə törədir.

Öz növbəsində, amerikalı həmsədr Y. Kelli ilk dəfədir, Dağlıq Qarabağa səfər etdiyini deyib. "Mən ona görə buradayam ki, bu prosesə hansı şəkildə faydalı ola biləyimizə dair sizin fikirlərinizi eşidək", - deyə diplomat bildirib.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran həmsədrlər Xocalı aeroportu ətrafında yaranmış məsələyə toxunublar. Aeroportla bağlı məsələnin hansı mərhələdə olmasına dair suala cavabında Y. Kelli bildirib ki, sülh prosesinə töhfə vermək niyyətindədirlər.

Fransalı həmsədr J. For isə deyib ki, aeroport ətrafında proses davam edir və detallar barədə danışmaq hələlik tezdir: "Lakin əmin olun ki, biz daim bu istiqamətdə işləyirik və bizim konkret təkliflərimiz var. Biz bu təklifləri tərəflərlə müzakirə edirik".

Rusiyalı həmsədr İqor Popov isə qeyd edib ki, regiona səfərin yekunlarına dair ənənəvi bəyanatla çıxış edəcəklər: "Həmin bəyanatda bəzi suallara cavab veriləcək".

Qeyd edək ki, həmsədrlər martın 20-də İrəvana səfər edərək, Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

Vasitəçilərin Azərbaycana səfərləri isə aprel ayının əvvəllərinə nəzərdə tutulur.

money.az currency