Əlaqə Arxiv
news Image
2013.04.08
15:57
| A A A
Yeniyetmə qızlar arasında narkomanların sayı artır
Məzahir Əfəndiyev:" Yeniyetmə qızlar cinsi əlaqə zamanı isə narkotikanın müxtəlif növlərindən sayılan həblərdən istifadə edirlər" "Azərbaycanda narkotik istifadəçisi olan qadınların sayı rəsmi statistikada 600 nəfər göstərilsə də, reallıqda bu rəqəm bir neçə dəfə çoxdur. Ən təhlükəli məqam isə narkotik istifadəçisinə çevrilən qadınların arasında yeniyetmə qızların sayının artmasıdır. Bu gün yüngül həyat tərzi keçirən qadınların çoxu narkomaniyaya düçar olur".
Bu sözləri Movqe.az-a açıqlamasında  Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev söyləyib. M. Əfəndiyevin sözlərinə görə, bəzən yeniyetmə qızlar əhatə dairələrinin təsirinə düşərək narkotik aludəçisinə çevrilirlər: "Yeniyetmə qızlar kafe, barlarda əsasən narkomaniyaya qurşanırlar. Bar və bu kimi əyləncə məkanlarında yeniyetmə qızlar əvvəlcə siqaret, daha sonra alkoqollu içki qəbul etməyə başlayırlar. Yeniyetmə qızlar cinsi əlaqə zamanı isə narkotikanın müxtəlif növlərindən sayılan həblərdən istifadə edirlər. Bu həblərdən istifadə etdikcə, onlarda narkotikaya asılılıq yaranır. Beləcə yeniyetmə qızlar arasında narkomanların sayı günü-gündən artır".
M. Əfəndiyev Azərbaycandan xaricə iş adı ilə aldadılıb aparılan insan alveri qurbanları arasında da narkomanların olduğunu söyləyir. Onun sözlərinə görə, ölkə daxilində də yüngül həyat tərzi keçirən qadınlar da əks cins tərəfindən cinsi əlaqə zamanı narkotik maddələr qəbul etməyə təhrik edilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, 2012-ci il ərzində 1878 nəfər narkotik istifadəçisi qeydə alınıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının "Narkotiklərə nəzarət sahəsində 2012-ci il üçün ölkə məruzəsi" adlı hesabatında qeyd edilir. Sənədə əsasən, bununla da ölkədə rəsmi olaraq narkotik istifadəçisi olan xəstələrin sayı 27 910 nəfərə çatıb. Onlardan 21 999 nəfəri dispanser, 5 991-i profilaktik, 567-i anonim qeydiyyatda olanlardır. Narkotik istifadəçilərindən 4 nəfəri 18 yaşa qədər, 528-i qadın, 362-i dispanser, 166-ı profilaktik, 134 nəfəri isə toksikomanlar olub. Qeydiyyatdan çıxanların ümumi sayı 430 (3,1%) (236 dispanser, 194 profilaktik) nəfərdir.


Sizin Reklam Yeriniz