Əlaqə Arxiv
news Image
2013.04.10
21:21
| A A A
Mehriban Əliyeva körpələr evində oldu
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış olub. Azərbaycanın birinci xanımı əvvəlcə 60 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə, daha sonra isə bağçadakı şəraitlə tanış olub. Məlumat verilib ki, 1961-ci ildə inşa edilmiş binada indiyədək heç vaxt bu cür təmir işləri aparılmayıb. Qeyd edilib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılıb. Bağçada 2-6 yaş arası 75 uşağın təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 1 musiqi müəllimi məşğul olur. Müəssisədəki 4 yataq otağı, 4 qrup otağı, musiqi və idman zalı, mətbəx tamamilə yenilənib. Otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla təchiz olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından bağçaya mebel, soyuducu, televizor, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilib.
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 77 nömrəli körpələr evi-uşaq bağçasına gəlib. Bu məktəbəqədər təhsil müəssisəsi də əsaslı təmirdən sonra öz qapılarını balacaların üzünə açıb. Müəssisənin əvvəlki vəziyyətinin əks etdirən fotolara baxan Mehriban xanım Əliyevaya məlumat verilib ki, bu bina 1963-cü ildə inşa olunub, ötən illər ərzində tam yararsız vəziyyətə düşüb. Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq 2012-ci ildən burada aparılan yenidənqurma işlərindən sonra bağça yeni və müasir görkəm alıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verilib ki, ikimərtəbəli binada 5 qrup, 5 yataq, həkim otaqları, musiqi və idman zalları, mətbəx yenilənib. Burada 2-6 yaş arası 95 uşaq tərbiyə alır. Balacaların təlim-tərbiyəsi ilə ümumilikdə 26 nəfər məşğul olur. Bu məktəbəqədər təhsil ocağına da bütün avadanlıq Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub. Mehriban xanım Əliyeva hər iki bağçada yaradılmış şəraitdən razılığını bildirib.
Sizin Reklam Yeriniz