Lənkəranda iki il öncə baş verən dəhşətli qətlin üstü açılıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 2 il əvvəl bir
bacını öldürən, digər bacını da öldürəcəyilə hədələyən şəxsin doğma
ataları olduğu məlum olub. Belə ki, 2012-ci ilin dekabr ayının
26-dan itkin düşən Lənkəranın Sərinbulaq kənd sakini 18 yaşlı
Əfsanə Cavadova bu il avqustun 5-də Səbail rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb. Saxlanılan Əfsanə
Cavadova hüquq-mühafizə orqanlarına verdiyi ilkin izahatda atası
İsrafil Cavadovun 2011-ci ilin iyun ayında Sərinbulaq kəndinin
ərazisindəki pay torpaq sahəsində bacısı Rəqsanəni qətlə
yetirdiyini, onu da öldürəcəyilə hədələdiyi üçün evdən qaçdığını
bildirib. Baş Cinayət Axtarış İdarəsi, Səbail rayon Polis İdarəsi
və Lənkəran şəhər polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri
əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli
bilinən İsrafil Cavadov saxlanlınıb. Həmçinin Əfsanə Cavadovanın
izahatı əsasında araşdırma aparan hüquq-mühafizə orqanlarının
əməkdaşları İsrafil Cavadova məxsus pay torpaq sahəsində qızı
Rəqsanənin meyiti qeyd edilən ərazidə aşkar edib. Meyid ekshumasiya
edilərək kənd qəbristanlığında dəfn olunub. Saxlanılan İsrafil
Cavadovun ailə üzvlərinin verdiyi məlumata görə, hadisə namus
üstündə baş verib. Onun oğlanları 26 yaşlı Amid və 20 yaşlı Ramidin
sözlərinə görə, ataları bacılarını namus üstündə qətlə yetirib.
Amma bu barədə onlar heç nə bilməyiblər. Bacısı saxlanılandan sonra
bu məsələ aydın olub. Belə ki, qətlə yetirilən Rəqsanə Astarada
Ramiq adlı bir oğlanla tanış olub. Həmin oğlan Rəqsanəni sevdiyini
bildirərək onu qaçırdıb. Hətta 2 gün evində saxlayıb. 2 gündən
sonra onu evindən qovub. Bir müddətdən sonra Rəqsanənin hamilə
qaldığı məlum olub. Bunu bilən ata qızını pay torpağında və bacının
gözləri qarşısında qətlə yetirib.