Qeydə alınmış toqquşmaların və bəzi rəsmi şəxslərin bəyanatlarının xarakteri son illərdə görünməmiş gərginləşmənin olduğuna işarə edir.
APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun bülletenində bildirilir.
Qeyd olunur ki, yanvarın 20-dən başlamış gərginləşmə nəticəsində münaqişə tərəfləri istər vəzifəli şəxslər, istər də KİV tərəfindən düşmənçilik ritorikasına qaydıb. Bununla yanaşı tərəflər bir-birini zorakılıqda ittiham edir.
Təşkilat qeyd edir ki, təmas xəttindəki toqquşmaların detalları hələ də aydın deyil.
Beynəlxalq Böhran Qrupu xatırladır ki, bu məsələ yanvarın 24-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşündə müzakirə olunub. Həmin görüşdə vasitəçilər öz narahatlığını ifadə edib və tərəfləri hərbi əməliyyatlara son qoymağı çağırıb.