news Image
2014.02.08
11:04
| A A A
Soçi Olimpiadasının açılışında problem
Rusiyanın Soçi şəhərində gerçəkləşdirilən 22-ci Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində səhvə yol verilib. 2014-cü ilin rəmzi olan saat 20:14-də başlayan mərasim zamanı işıq şousunda xəta baş verib. Ssenariyə görə, meydana tavandan enən 5 qar dənəsi şəklini dəyişərək olimpiya oyunlarının rəmzi 5 halqaya dönməli idi. Amma qar dənələrinin 4-ü halqaya döndüyü halda, biri dönə bilməyib. Nəticədə olimpiya rəmzi 4 halqa və 1 qar dənəsi kimi görünüb. Xatırladaq ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər. BMT-nin baş katibi Pan Gi Mun 2014-cü ilin Olimpiya Oyunlarının rəsmi açılışına on dəqiqə qalmış Soçi Olimpiadasının iştirakçılarını və tamaşaçılarını salamlayıb. XXII Qış Olimpiya Oyunlarının açılışı mərasiminin əvvəlində Rusiya Federasiyasının bayrağı qaldırılıb. Sonra iştirakçı ölkələrin ənənəvi paradı başlanıb. Azərbaycan komandası dördüncü keçib. Ölkəmizin bayrağını Patrik Braxner aparıb. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Mehriban xanım Əliyeva fəxri qonaqlar üçün tribunadan idmançılarımızı salamlamışlar. XXII Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord olacaq. Belə ki, Soçidə 88 ölkənin nümayəndələri çıxış edəcəklər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. Ümumiyyətlə, 98 mükafat dəsti uğrunda mübarizə gedəcək. Bu, 2010-cu ildəkindən 12 dəst çoxdur. İndiki Qış Olimpiadası Azərbaycan yığması üçün beşinci olimpiadadır. Soçidə ölkəmizi idmanın iki növündə yarışacaq 4 idmançı təmsil edir. Belə ki, kişilər arasında dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik Hots təmsil edəcəklər. Bundan başqa Soçidə fiqurlu konkisürmə yarışlarında idman rəqslərində Yuliya Zlobina və Aleksey Sitnikov Azərbaycan bayrağı altında çıxış edəcəklər. (ANS)