news Image
2014.06.22
16:11
| A A A
“Xoca” filmi Kazanda (VİDEO)
"Xoca" filmi Kazanda nümayiş olunur.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Tatarıstanda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyəti bu ili "Xocalı ili" elan edib. Əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycanın tarixinə qara hərflərlə yazılan Xocalı faciəsi barədə bir neçə bədii və sənədli filmin nümayişi nəzərdə tutulur. 

Muxtariyyətin sədri Sübhan Əhədzadənin sözlərinə görə, faciə barədə nümayiş olunan filmlər arasında əsas yeri rejissor Vahid Mustafayevin "Xoca" filmi tutur. "Xoca filminin surəti çıxarılaraq Tatarıstanın bir neçə dövlət orqanına göndərilib. 

"Tariximizin unudulmaması üçün "Xoca" filmini onlara verdik. Onlar da bunu yaxşı qəbul etdilər, obyektiv yanaşdılar və bizə Xocalı soyqırımının açıq şəkildə keçirilməsinə razılıq verdilər", - deyə Sübhan Əhədzadə bildirib. 

Azərbaycan diasporunun ağsaqqalları filmin Tatarıstanın bütün televiziya kanallarında nümayişi ilə bağlı müraciət ediblər. "Xoca" filmi ilkin olaraq faciənin 22-ci ildönümündə nümayiş olunub. Bundan başqa "Xoca" filmi dünyanın bir neçə ölkəsində də nümayiş olunub. 

Bu il fevralın 26-da Tatarıstanın Kazan şəhərində "Mir" kinoteatrında nümayiş olunan film 300-ə yaxın tamaşaçı toplaya bilib. 

Film tamaşaçılar üçün pulsuz nümayiş etdirilir. Həmçinin, kinoteatrda filmi izləməyə gələnlərə əlavə olaraq "Xoca"nın 400-ə yaxın diski paylanılıb. Filmin nümayişindən əvvəl azərbaycanlı tələbələr tərəfindən tamaşaçılara faciə ilə bağlı bukletlər paylanılıb, soyqırım barədə geniş məlumat verilib. 

Kinoteatrın inzibatçısı İrina Korolyova bildirib ki, çox böyük izdiham vardı. Seans bir gün olduğuna görə kinoya baxa bilməyənlər də oldu. Filmə tamaşa edənlər isə razı qaldılar. 

Yazıçı-şair İsax Dağlı dedi ki, hamı zaldan böyük coşqu və göz yaşı ilə çıxdı, çünki bu elə bir faciədir ki, bunu rahat buraxıb getmək olmur.

"Mir" kinoteatrında oktyabrda keçirilməsi nəzərdə tutulan Azərbaycan filmləri həftəliyinə də "Xoca" bədii filminin adı salınıb. Filmə sadə insanlarla yanaşı rəsmi dairələrdən olanlar da baxacaqlar. 

Qeyd edək ki, "Xoca" Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında müstəsna rol oynayıb. Film Böyük Britaniya, Hollandiya və bir sıra digər Avropa ölkələrində, MDB dövlətlərində nümayiş etdirilib. Film bir neçə Beynəlxalq festivalda iştirak edib. 

"Xoca" Azərbaycanda son 20 ilin ən çox tamaşaçı toplayan filmi olub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs