news Image
2014.09.23
14:43
| A A A
Yeni xəstəxana açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub. 

Movqe.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına burada görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, 1978-ci ildə tikilən binada indiyədək əsaslı təmir işləri aparılmayıb. Səhiyyə Nazirliyinin sifarişi əsasında aparılan təmir işlərinə 2012-ci ilin avqustunda başlanılıb. Əsaslı təmir işləri "İnam YR İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanıb. Yaşıllıq sahəsi salınıb. Bina su anbarı, elektrik yarımstansiyası və generatorla təchiz edilib.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyə sisteminin inkişafına göstərdikləri diqqəti əks etdirən fotostend yaradılıb. Xəstəxananın 105 çarpayılıq ikimərtəbəli binası 2,4 hektar ərazidə yerləşir. Binadakı iş otaqları və palatalar bütün zəruri avadanlıqla təchiz olunub. Xəstəxanada təcili yardım, qəbul, laboratoriya, funksional diaqnostika, cərrahiyyə, terapiya, pediatriya, mama-ginekoloji, reanimasiya, yoluxucu xəstəliklər, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Tibb ocağının fizioterapiya, rentgen-flüoqrafiya, ultrasəs müayinəsi, elektro-kardioqramma və digər kabinetləri də müasir avadanlıqla təchiz edilib.

Xəstəxanada aparılan əsaslı yenidənqurma işlərilə tanışlıqdan sonra dövlət başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.