Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi Suriyada həbs olunan türkiyəli fotomüxbir (TRT) Cüneyt Ünalın dərhal azad buraxılması çağırışı ilə bağlı bəyanat verib. Bu barədə məlumatı təşkilatdan veriblər.
Bəyanatda bildirilir ki, təxminən on gün
müddətində Cüneyt Ünaldan heç bir xəbər olmayıb, bunun ardından isə
jurnalist telekanallara çıxarılaraq danışdırılıb. Bu zaman onun
təzyiq altında olduğu, ciddi işgəncələrə məruz qaldığı açıq hiss
edilib: "Suriyada jurnalistlərə qarşı bu şəkildə davranış davam
edir. Halbuki jurnalistlər Suriyaya Bəşər Əsədlə müharibəyə
getmirlər, onlar öz peşə borclarını yerinə yetirirlər".
Bəyanatda qeyd edilir ki, Cüneyt Ünala verilən işgəncəyə dünyada
heç bir jurnalist biganə qalmamalıdır: "Türkiyədən aldığımız
məlumata görə, Suriyanın Hələb şəhərində atışma zamanı yaponiyalı
jurnalist Mika Yamamoto həyatının itirib, Cüneyt Ünal isə orada
əsir götürülüb".
Təşkilat Suriyada jurnalistlərə qarşı baş verən olaylardan üzüntü
keçirdiyini və beynəlxalq jurnalist təşkilatlarını, dünyanın
nüfuzlu təşkilatlarını bu məsələyə son qoyulması üçün fəal olmağa
çağırıb. "Dünyada jurnalistləri biri-birlərinə sahib
çıxmalıdırlar".