news Image
2012.04.13
11:34
| A A A
Yol qıraqlarında kəsilib satılan ətlər...
Sağlamlığımızı böyük təhlükə altında qoyuruq Eyyub Hüseynov: «Ümumiyyətlə, bizdə bu sahəyə hansı qurumun nəzarət etməli olduğu məlum deyil» İmran Abdullayev: "Təəssüflər olsun ki, bu sahədə sürətli irəliləyiş əldə olunmayıb"
Bakı şəhərində havaların soyuması ilə yanaşı, qızması da müxtəlif problemlər yaradır. Havaların isinməsi daha çox istehlak bazarında fəsadlar törədir. Söhbət qida məhsullarının, xüsusilə də, ət və ət məhsullarının satışından gedir. Hər gün işə gələndə yol kənarında açıq havada kəsilən heyvan başlarını görəndə insanı dəhşət bürüyür.
Axı yüzlərlə, minlərlə insanın gözü qarşısında heyvan kəsmək, qanını axıtmaq nə dərəcədə düzgündür? Bütün bunlar təkcə yaşlı insanların deyil, azyaşlıların da gözü qarşısında baş verir.
Əsas məsələ yol kənarında aparılan kəsim işlərinin gigiyena və sanitar normalara cavab verməməsidir. Açıq şəraitdə, vitrindən asılan ətlər havaların qızması səbəbindən daha tez infeksiyaya yoluxurlar. Milçək, ağcaqanad, toz ətlərin üzərinə hopur. Çirkab ətlərin kütləvi satılması yüzlərlə, minlərlə istehlakçının həyatını təhlükə altına qoyur.
Hazırda paytaxtın demək olar ki, bütün rayonlarında, qəsəbələrində sanitar-gigiyenik normalara cavab verməyən sallaqxanalar var ki, orada hər gün heyvan kəsilib, əti satılır. Kəsilən heyvanın nə dərəcədə sağlam olması bir yana, kəsilmiş heyvanın əti saatlarla isti havada saxlanılır. Bəzi sallaqxanalarda ümumiyyətlə soyuducu yoxdur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə bütün dünyada ət və ət məhsullarının satışı xüsusi nəzarət altında həyata keçirilir: "Heç bir Avropa ölkəsində insanların gözü qarşısında heyvan kəsilmir. İctimai yerlərdə heyvan başı kəsmək ədəbsizlik kimi qəbul olunur. Bir neçə il bundan öncə Türkiyədə yol kənarında heyvan kəsiminə qadağa qoyuldu. Xüsusi sallaqxanalar var ki, heyvan orada kəsilir, dərisi soyulur, əti hissələrə bölünüb mağazalara paylanılır. Azərbaycanda neçə illərdir ki, bəyan edilir ki, heyvanların kəsilməsi üçün hər rayonda xüsusi sallaqxanalar yaradılacaq, heyanlar orada kəsilib mağazalara paylanacaq. Amma ortada real iş yoxdur. Ümumiyyətlə, bizdə bu sahəyə hansı qurumun nəzarət etməli olduğu məlum deyil. Baytarlıq Xidməti, Gigiyena və Epidemiologiya Mərkəzi, rayon icra hakimiyyətləri, bələdiyyələr, İstehlakçı Hüquqlarının Müdafiəsi Departamenti və s. qurumlar yeri gəldi-gəlmədi sallaqxanalarla bağlı açıqlamalar verirlər, onların bağlanılmasını vacib məsələ kimi qaldırırlar. Amma son işin hansı qurumun görməli olduğu aydın deyil. Ya bununla bağlı xüsusi komissiya yaradılmalıdır, dövlət qurumlarının fəaliyyəti koordinasiya edilməli, ya da vəzifə konkret dövlət qurumunun üzərinə qoyulmalıdır".
E.Hüseynov bildirir ki, isti havalarda yol kənarında kəsilən heyvanların ətləri bir saatdan sonra qurd, bakteriya yığını olur: "Milçək ətə qurd salır. Milçəyin ifraz etdiyi peyin və ayağındakı mikroblar ət üzərində sürətlə artır, genişlənir və canlı zərərverici bakteriyaya çevrilir. Ona görə də bəzi yerlərdə əti tənziflə örtürlər ki, üzərinə milçək qonmasın".
E.Hüseynov qəzetimiz vasitəsilə bir daha dövlət qurumlarını natəmiz yerlərdə salınan sallaqxanaları ləğv etməyə və ət kəsimini nəzarətə götürməyə çağırdı.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bizimlə söbətində qeyd etdi ki, təmsil etdiyi qurum mütəmadi şəkildə məsələ ilə bağlı monitorinqlər aparır: "Bilirsiniz ki, qanunsuz sallaqxanaların ləğv olunması və heyvanların standartlara uyğun, təmiz yerlərdə kəsilməsilə bağlı tərəfimizdən bir neçə il öncə Sanitar, Gigiyena və Epidemiologiya Mərkəzinin rayon icra hakimiyyətlərinə müraciət edərək qanunsuz fəaliyyət göstərən sallaqxanaların ləğv edilməsi və standartlara uyğun kəsim məntəqələrinin tikilməsi üçün yer ayrılması məqsədilə dəfələrlə müraciət edib. Təəssüflər olsun ki, bu sahədə sürətli irəliləyiş əldə olunmayıb. Ümidvarıq ki, bu il qanunsuz sallaqxanaların fəaliyyətinə son qoyulacaq və yüksək səviyyəli özəl kəsim məntəqələri inşa olunacaq".
R.XƏLİLOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs