Əlaqə Arxiv
news Image
2021.05.06
22:00
| A A A
Şamaxı Astrofizika Rəsədxanasının Vətən müharibəsində iştirak etmiş əməkdaşları təltif edilib

Mayın 6-da Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) müəssisənin Həmkarlar Komitəsinin və rəsədxana rəhbərliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş rəsədxana əməkdaşlarının mükafatlandırılmasına həsr edilmiş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, tədbirdə rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov 44 günlük Vətən müharibəsi dövründə bütövlükdə xalq olaraq birliyimizin bütün dünya üçün vətənpərvərlik nümunəsi olmasından danışıb. Qeyd edib ki, cəmiyyətdə tutduğu mövqedən, peşəsindən asılı olmayaraq hər kəs sülh dövründə adi həkim, müəllim, mühəndis, lakin müharibə vaxtı Vətənin çağırışında isə müsəlləh əsgər olduğunu əyani şəkildə göstərdi. Şamaxı Astrofizika Rəsədxanası olaraq müharibə dövründə Silahlı Qüvvələr Fonduna ianə edilib, ordumuza daşınmalarda nəqliyyat dəstəyi göstərilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya elm ictimaiyyətinə çatdırılması üçün bütün beynəlxalq əlaqələr səfərbər edilərək 200-dən çox beynəlxalq təşkilata, 700-dən çox xarici elmi əməkdaşlara rəsmi müraciət ünvanlanaraq, münaqişənin real aspektləri onların diqqətinə çatdırılıb.

Namiq Cəlilov bildirib ki, mübarizənin bütün aspektlərində ordumuza tam dəstək olan Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları cəbhədə də düşmənlə mübarizədən kənarda qalmayıb. Belə ki, ŞAR əməkdaşları və övladları Vətən müharibəsində iştirak ediblər. ŞAR rəhbərliyi və Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə səfərbərliyə cəlb edilmiş rəsədxana əməkdaşlarının ailələrinə yardım edilib.

Sonra tədbirdə Həmkarlar Komitəsinin sədri Famil Mustafa çıxış edib. O, Ermənistanın hərbi təcavüzünə cavab olaraq ordumuz tərəfindən aparılan genişmiqyaslı əks-hücum əməliyyatları zamanı xalqımızın dövlət başçısının ətrafında həmrəylik nümayiş etdirməsindən və bu birlikdə gənclərin rolundan danışıb. Bildirib ki, müharibə cəbhədə getsə də mübarizə hər sahədə aparılır ki, həmin sahələrdən ən mühümü informasiya mübarizəsidir. İnformasiya mübarizəsində isə gənclərin rolu danılmazdır.

Famil Mustafa ŞAR Həmkarlar Təşkilatının müharibə dövründəki fəaliyyətindən danışıb. Bildirib ki, müharibə dövründə cəbhəyə yollanan rəsədxana əməkdaşlarının ailələri ziyarət edilib, onların problemləri ilə maraqlanılıb və maddi-mənəvi dəstək göstərilib.

Tədbirin sonunda Vətən müharibəsində iştirak etmiş rəsədxana əməkdaşlarına AMEA Azad Həmkarlar İttifaqının “Fəxri Fərman”ı və rəsədxana kollektivi adından üzərində zəfər tarixi həkk olunmuş qol saatı təqdim edilib.

Sizin Reklam Yeriniz