Əlaqə Arxiv
news Image
2021.05.09
15:31
| A A A
Faşizm üzərində Qələbənin 76-cü ildönümü ilə əlaqədar Bakıda tədbir keçirilib

Faşizm üzərində Qələbənin 76-cü ildönümü ilə əlaqədar mayın 9-da Bakının Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində tədbir keçirilib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə İkinci Dünya müharibəsinin veteranları, MDB ölkələrinin Azərbaycandakı səfirləri və akkreditə olunmuş digər nümayəndələri, hərbçilər, Nərimanov rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və İkinci Dünya müharibəsində, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov qeyd edib ki, 1941-1945-ci illər müharibəsində canlarını fəda etmiş qəhrəmanların xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Səfir vurğulayıb ki, həmin qəhrəmanlar bizi dünyanın ən təhlükəli bəlası olan faşizmdən xilas ediblər. Diplomat faşizm üzərində tarixi Qələbənin qazanılmasına Azərbaycan xalqının verdiyi töhfələri yüksək dəyərləndirib.

Səfir insanların faşizmə qarşı mübarizədə təkcə ön cəbhədə deyil, arxa cəbhədə, partizan müharibəsində fəal iştirak etdiklərini diqqətə çatdırıb. Bildirib ki, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi məhz Azərbaycanın payına düşüb, sovet ordusunun tank və təyyarələrini yanacaqla təmin edən əsasən Bakı nefti olub.

9 May - Qələbə Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, müharibəyə yollanan 600 mindən artıq həmvətənimizin yarısı döyüşlərdə həlak olub. Həmin qanlı-qadalı müharibədə göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Diqqət çatdırılıb ki, İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra özlərinə qaytarılıb və ölkəmizdə 9 May faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Müharibə veteranları dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunublar.

İkinci Dünya müharibəsi zamanı Bakıdakı hospitallarda vəfat etmiş, aralarında müxtəlif xalqların nümayəndələrinin də olduğu qəhrəman döyüşçülərin dəfn edildiyi “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin yaradılması da dövlətimizin başçısının onların xatirəsinə ehtiramının təzahürüdür.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək tarixi Zəfər qazanıb. Azərbaycan 30 ilə yaxın Ermənistanın əsarətində olan torpaqlarını öz gücünə düşməndən təmizləyərək ərazi bütövlüyünü bərpa edib. Vurğulanıb ki, Vətən üçün canından keçən qəhrəman övladlarımızın xatirəsi qəlbimizdə daim yaşayacaq.

Tədbirdə veteranlar onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, tər güllər düzülüb.

Sizin Reklam Yeriniz