Əlaqə Arxiv
news Image
2013.02.21
10:20
| A A A
İqlim dəyişikliyi Azərbaycana da təsir göstərməyə başlayır
Gülmalı Süleymanov: “Günəşin 11 illik aktivliyi ilə əlaqədar ola bilər” Telman Zeynalov: “İqlim dəyişikliyi ilə bərabər, müəyyən süni müdaxilələr də var” Məlumdur ki, bu il təbiətimiz soyuq fəslin sərt üzünü görə bilmədi. Artıq qışın ən şaxtalı günləri olan "kiçik çillə" dövrü başa çatsa da, ümumilikdə, ölkə üzrə düşən qarın miqdarı ötən illərə nisbətən çox az oldu. Amma mülayim qış tək Azərbaycanda yox, bütövlükdə Qafqazda hiss olunmaqdadır. Halbuki, cari ilin müvafiq dövrləri üçün Qərb ölkələrində, xüsusən də ABŞ – da havanın kəskin şaxtalı keçməsi nəticəsində insan tələfatı da oldu. Ölkəmizdə sonuncu dəfə bu cür sakit qış 1955 – ci ildə (+27 dərəcə) qeydə alınıb. Lakin bu qışın mülayim keçəcəyini əvvəlcədən proqnozlaşdıranlar da olmuşdu. Belə ki, Ümumdünya Meteorologiya Təşkilatı Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin 2013-ci il qış mövsümü üçün proqnozunda havanın temperaturunun iqlim norması daxilində və iqlim normasından bir qədər yüksək olacağı ehtimalını irəli sürmüşdülər. Qışın belə mülayim keçməsini isə əsasən iqlim dəyişmələri və digər amillərlə əlaqələndirirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov "Mövqe"yə açıqlamasında bildirir ki, bu cür qış Günəşin 11 illik aktivliyi ilə əlaqədar ola bilər: "Bundan başqa da faktorlar var. Burada iqlim dəyişikliyi də müəyyən rol oyanır. Əvvəllər də belə isti qışlar olub. Sadəcə, iqlim dəyişmələri özünü daha çox mülayim qış olanda göstərir. Son 20 – 30 ildə bəzi yerləri nəzərə almamaqla qış ayları mülayim keçib".
Gülmalı Süleymanovun sözlərinə görə, qışın mülayim keçməsinin yay aylarına birbaşa təsir edəcəyini demək olmaz: "Qış soyuq keçəndə yay isti olur və ya əksinə olur fikri düzgün deyil. Artıq Şərqi Avropa və Şimali Asiya İqlim Mərkəzləri mövsümlər üzrə proqnozlar verirlər. Onlar qış mövsümü üçün proqnoz vermişdilər ki, Şimal küləyi nəticəsində bəzi günlərində soyuq olsa da, ümumilikdə qış ayları mülayim keçəcək. Proqnoz özünü doğruldub. Mart ayında isə yazın və yayın proqnozunu verəcəklər. Həmin proqnozdan sonra biz də məlumat verəcəyik".
Mərkəz rəhbəri bildirir ki, qışın belə mülayim keçməsi insan səhhətində problemlər yarada bilir: "Soyuqdəymə, qrip kimi xəstəliklərinin sayı artır. Bu da əsasən mikrobların yayılmasından irəli gəlir. Yəni, qış soyuq olmalıdır. Qış nə qədər qarlı olarsa, o qədər mikroblar az olar. Amma ümumilikdə, iqlimlə səhhətin bağlılığı özünü temperaturda kəskin dəyişiklər olanda təsir göstərir. Hava şəraiti uzun müddət eyni olanda o qədər də təsiri olmur. İnsan ona uyğunlaşır və elə də diskomfort yaratmır".
Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovun sözlərinə görə isə, burada iqlim dəyişikliyi ilə bərabər, müəyyən süni müdaxilələr də var: "BMT dünyada su qıtlığının əmələ gələcəyi barədə informasiya yayırdı. İnformasiya yayılmasının səbəblərindən biri də yağıntıların miqdarını azaldıb su qıtlığı yaratmaq idi. Bu da ğz növbəsində ərzaq qıtlığı yaradır, miqrasiyanı çoxaldır, müharibələrə imkan yaradır. Bu, yağıntı ilə əlaqədar olan problemlərdir. Ancaq Azərbaycanda belə qış hər 40 – 50 ildən bir olur".
Ekoloqun fikrincə, qışa baxıb yayı necə keçəcəyini demək olmaz: "Ancaq şəxsi müşahidəm odur ki, qış nə qədər sərt keçirsə, yay o qədər isti keçir. Qış nə qədər mülayim olursa, yay o qədər sərin keçir. Amma burada meterioloji silahlardan da istifadə ediblər. Qışda yağıntıların miqdarını minimuma endirirlər, yayda quraqlıq yarada bilərlər. Havada təyyarələrin buraxdığı izlər də həmin silahın nəticəsidir".
Ekspert əlavə etdi ki, "kiçik çillə"dən sonra mart gəlir: "Ola bilər ki, belə bir mülayim qışdan sonra mart ayında - şaxta çiçəklənməni məhv etsin. Yəni, mülayim qış imkan verir ki, ağaclar vaxtından tez çiçəklənsin, torpaq tez dirçəlsin. Onda da şaxta onları məhv edir. 7 il əvvəl bizdə limon və naringi qıtlığı oldu. Mart ayında ağaclar çiçəklənmişdi. Şaxta Astara və Lənkaranda onları məhv etmişdi".
Sizin Reklam Yeriniz