Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban Əliyeva Bakının Binə, Türkan, Şüvəlan və
Buzovna qəsəbələrində olub. Movqe.az-ın
xəbərinə görə, Binə qəsəbəsindəki İmam Rza məscidində olan M.
Əliyeva burada sakinlərlə görüşüb. Birinci xanım sakinləri
dinləyib, məsələlərin həlli istiqamətində tövsiyələrini verib. M.
Əliyeva Binədə yeni məktəblərin tikildiyini, mədəniyyət evinin,
kitabxananın yenidən qurulduğunu, işıq və qaz xətlərinin
çəkildiyini qeyd edib. M. Əliyeva qəsəbədəki məscidin yenidənqurma
işləri ilə tanış olub. Məlumat verilib ki, 2012-ci ilin
sentyabrından yenidənqurma işlərinə başlanılmış məscid binası bu
ilin birinci yarısında təhvil veriləcək. Birinci xanım daha sonra
Binə qəsəbəsindəki 285 nömrəli körpələr evi-uşaq bağçasında olub.
1986-cı ildə tikilən bağçada indiyə qədər heç vaxt əsaslı təmir
işləri aparılmayıb. 1993-cü ildən bağçada məskunlaşmış qaçqın və
məcburi köçkünlər bu il yeni mənzillərlə təmin ediliblər. 285
nömrəli bağça ərazidə yeganə məktəbəqədər uşaq müəssisəsi olduğu və
tələbat artdığı üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada
uşaq bağçası üçün yeni binanın inşası nəzərdə tutulub. Rürkan
qəsəbəsində də sakinlərlə görüşən birinci xanım burada artıq ikinci
bağça binasının inşasına başlanıldığını deyib. M. Əliyeva bildirib
ki, Xəzər rayonunun bütün məktəbləri yeni, müasir standartlara
uyğun qurulub. Gələcək illərdə sahibkarlığın inkişaf etdirilməsi
ilə bağlı zəruri addımların atılacağını qeyd edən Heydər Əliyev
Fondunun prezidenti vurğulayıb ki, bununla da qəsəbədə yeni iş
yerlərinin açılmasına nail olunacaq. Daha sonra M. Əliyeva qəsəbədə
tikilməkdə olan yeni uşaq bağçasında inşaat işlərinin gedişi ilə
tanış olub. Ona məlumat verilib ki, ötən ilin sonunda inşasına
başlanan müasir tipli 200 yerlik uşaq bağçasının bu ilin
sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub. Şüvəlan
qəsəbəsindəki zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün 2
nömrəli xüsusi internat məktəbinə də baş çəkən birinci xanıma
məktəbin 1963-cü ildə inşa olunduğu, hazırda burada 130 şagirdin
təhsil aldığı, binanın əsaslı təmirə ehtiyacı olduğu bildirilib. M.
Əliyeva internat məktəbinin yenidən qurulması ilə bağlı
tövsiyələrini verib. Daha sonra birinci xanım qəsəbə sakinləri ilə
görüşüb, Şüvəlanda həyata keçirilən layihələrin uğurla davam
etdirildiyini deyib. O qeyd edib ki, sosial problemlər həllini
tapmaqla yanaşı, təhsil ocaqları, məktəbəqədər müəssisələr,
mədəniyyət mərkəzləri təmir olunur və yenidən qurulur. Heydər
Əliyev Fondunun prezidenti Şüvəlandakı sağlamlıq imkanları məhdud
və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli
Respublika Xüsusi İnternat məktəbinə də gedib. 1964-cü ildə inşa
olunan internatda 136 şagird təhsil alır. Bu müəssisə də yararsız
vəziyyətə düşüb, binanın əsaslı yenidənqurma işlərinə ciddi ehtiyac
var. M. Əliyeva bu internat məktəbinin də yenidən qurulacağını
bildirib. M. Əliyeva internat məktəbində təhsil alan uşaqlara da
baş çəkib, onların əl işləri ilə tanış olub. Birinci xanım Buzovna
qəsəbəsindəki 246 nömrəli körpələr evi-uşaq bağçasına da baş çəkib.
1985-ci ildə inşa edilən və indiyədək əsaslı təmir işləri
görülməyən bağça Azərbaycan və rus bölmələri daxil olmaqla 2-6
yaşlı uşaqlar üçün ixtisaslaşıb. Uşaq bağçası istifadə üçün
yararsız vəziyyətdədir, istilik sistemi yoxdur. M. Əliyeva bildirib
ki, Heydər Əliyev Fondu bu uşaq bağçasının da yenidən qurulmasını
nəzərdə tutur.