Əlaqə Arxiv
news Image
2013.05.07
08:15
| A A A
Müxalifət dialoqdan yayınır

Məlumdur ki, mart ayında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu il ərzində yenidən müxalifətlə dialoq aparılacağını bildirmişdi. Amma hadisələrin inkişafı göstərir ki, radikal cəbhə belə dialoqa heç bir cəhd göstərmir. Müxtəlif addımlarla dialoqun baş tutmasında maraqlı olmadığını aydın göstərir, məsələn, Azərbaycan əleyhinə olan bəzi xarici qüvvələrlə açıq işbirliyinə gedir. Beləliklə də bəzi əcnəbi anti - Azərbaycan təşkilatları ilə əməkdaşlığı iqtidarla olacaq dialoqdan ön plana çəkir.


"Müxalifət xarici qurumlarla əlaqələri hakimiyyətlə münasibətlərdən daha vacib sayır"

Milli Məclisin deputatı Zahid Orucun sözlərinə görə, ümumiyyətlə, dialoq mühiti ona görə formalaşmadı ki, 1990 - cı illərin əvvəlində hakimiyyətdə təmsil olunub, sonradan iflasa uğrayan qüvvələr növbəti iqtidarı tanımadılar: "Bu qarşılıqlı inkarçılıq prosesi də daha sərt münasibətlərin əsasını qoydu. O dövrdə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ümumi siyasi münasibətlər sistemi üçün yalnız müsbət hadisələri vəd edirdi. Amma təəssüf ki, zamanında xalqın böyük etimadını üzərində daşıyan qüvvələr sonrakı dövrdə bu siyasi "kredit"i xərclədilər. Artıq nəyin bahasına olursa-olsun, münasibətləri barrikada və səngər psixologiyasında saxlamağa meyləndilər. Beləliklə də tərəflər hər zaman danışanda sanki atəş açmış oldular və illər ərzində dövlət başçısına prezident deməmək, mətbuatda kimisə tanımamaq xəbərləri dərc etmək və s. kimi mövqeləri gördük. Əlbəttə, adekvat olaraq, hakimiyyət də bir sıra hallarda eyni sərtliyi sərgiləmiş oldu. Amma bütövlükdə götürdükdə, dialoq hər zaman gərəkli olub. Çünki, milli məsələlərdə bir masa arxasında olmaq, problemləri diskusiya etmək, ictimai mənafelərə bağlı əsas məsələləri ayırmaq və burada Azərbaycan əleyhinə cəbhə açmamaq daha önəmli idi. Qeyd etdiyiniz kimi, müxalifət xarici qurumlarla əlaqələri hakimiyyətlə münasibətlərdən daha vacib sayır. Bu da başadüşləndir. Çünki, belə hesab edirlər ki, əgər beynəlxalq təşkilatlar hakimiyyəti daha çox sıxsalar, bu, avtomatik onlara siyasi dəstək anlamına gələcək. Halbuki, bəzi carici qüvvələrin fəaliyyəti bir hakim partiyaya deyil, bütövlükdə ölkəyə qarşı savaşdır. Hörmətli Əli Həsənov da dialoqla bağlı son fikirlərində bir daha açıqladı ki, belə bir danışıqlar bütün qüvvələrlə həyata keçiriləcək. Çox arzulayıram ki, burada ön şərt, kimisə tanıyıb - tanımamaq məsələsini qoymadan daha realist bir müstəvi tapılsın. O yer ki, həqiqətən də həmin siyasi sistemdə daimi dialoqların normal həzm edilməsini görək. Necə ki, Türkiyə, Rusiya nümunələri son zamanlar çox geniş yayılmaqdadır. Bunu Azərbaycanda da bərqərar olmasının işlərə yalnız faydası var".


 "Azərbaycan müxalifəti dialoq istəmir"

Digər politoloq Cümşüd Nuriyevin sözlərinə görə, müxalifətin cığallığı ondan ibarətdir ki, onlar partiya sədri səviyyəsində dialoq tələb etməklə, özlərini böyütməyə çalışırlar: "Əgər iqtidar partiyasının sədri prezidentdirsə, onun hansısa müxalifət partiyasının sədri ilə sədr səviyyəsində görüşməsi anlaşılmaz olardı. İqtidar bu görüşləri sədr müavinləri, siyasi şuranın üzvləri səviyyəsində keçirə bilər. Azərbaycan müxalifəti dialoq istəmir. Onlar dialoq görüntüsü yaratmaqla iqtidarı öz aləmlərində beynəlxaq güclərlə üz-üzə qoymaq istəyirlər. Bu tapşırığın da xaricdən gəlməsi birmənalıdır. Çünki, xarici qüvvələrə Azərbaycan daxilində sülhün olması sərf etmir. Azərbaycandakı əks qüvvələrin bəzi məsələlərdə bir araya gələbilmə gücü onları narahat edir. Çünki belə olarsa, onların planları baş tutmaz. Hazırda ABŞ "Putinin gücü" adında sənədli film çəkib. Həmin filmin gündəmə gəlməsinin əsas səbəbi ABŞ-ın Ukraynada, Gürcüstanda, Qırğızıstanda rəngli inqilablar həyata keçirməsi, amma uduzmasıdır. İndi isə yeni inqilab forması fikirləşirlər. Bu inqilab forması əvvəlkilərdən fərqli olaraq açıq müdaxilə etməmək şərti ilə daxili qarşıdurma yaratmaq və həmin qarşıdurmadan hansı tərəf ABŞ maraqlarına yaxınlıq göstərirsə, onu qəbul etməkdir. ABŞ-ın yeni siyasi texnologiyası budur. Düzdür, bu texnologiyanın Azərbaycanda tətbiqi mümkün deyil. Çünki xalq və hakimiyyət arasında birlik var.

Müxalifətin əlində isə hazırda hansısa iqtisadi, siyasi, hərbi rıçaq yoxdur. Bu rıçaqların hamısı iqtidardadır. Müxalifət dialoqa hazır deyil. Onlara xarici ağalarından əmr gəlsə, dialoqa hazırlıq baş tutacaq. Həmin əmr də yəqin ki, sentyabr ayında olar".

Sizin Reklam Yeriniz