Son illər regionlarda meyvələrin qorunub saxlanması üçün çoxlu sayda soyuducu anbarlar tikilərək fermerlərin ixtiyarına verilib. Amma buna baxmayaraq, saxlanan bəzi meyvələr bu gün bazarda həddindən artıq baha qiymətə satılır. Bunlardan biri də bu gün pik qiymətə satılan alçadır. Belə ki, bir neçə bazar və marketlərdə aparılan araşdırma nəticəsində məlum olub ki, bu gün alçanın kilosu 900-1000 manata satılır. Normalda kiloqramla satılan alça indi dənə ilə, həm də 7-15 manata satılır.
Qiymətin bu həddə çatmasının səbəblərinə
gəlincə isə, Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin
rəisi Sabir Vəliyev bunu soyuducu anbarların qiymətinin çox baha
olması ilə əlaqələndirdi: "Soyuducu kameraların sahibkarları yüksək
qiymət qoyduqlarına görə, fermer də vəsait sərf edib saxladığı
məhsulunu baha qiymətə satmağa məcbur olur ki, sərf etdiyi pulu
geri götürsün və gəlir əldə etsin. Təəssüf ki, sahibkarlar bəzi
hallarda fermerləri istismar edirlər. Bunun qarşısını almaq
mümkün deyil. Çünki, bu, bazar iqtisadiyyatıdır. Rentabelliyi
gözləmək şərti ilə onlar istədiyi qiymətə sata bilərlər. Dövlət
buna qarışmır. Çünki, Azərbaycanda 1993-cü ildən bəri iqtisadiyyat
liberallaşıb. Bazar öz konyekturasını özü nizamlayır. Qiymətin
aşağı olması üçün gərək soyuducu kameraların sayı
çoxaldılsın. Soyuducu anbarlar arasında rəqabətlik mühiti yaransa,
bu zaman qiymətlər də normal dəyərdə ola bilər".
Kənd Təsərrüfatı üzrə ekspert Nizami
Qarayev isə alçanın qiymətinin bu həddə yüksək olmasını onun yerli
məhsul olmaması ilə bağlı olduğunu deyir: "Əslində, məhsullar bizim
məhsullar deyil. Bu cür meyvəni bizdə anbarlarda saxlamırlar. Bu
alçalar hamısı cənub yarımkürəsindən gəlir. Coğrafi cəhətdən uzaq
bir məsafədən gəldiyi üçün yol xərcləri, onların saxlanması, bura
gəlirilməsi çətin bir prosesdir. Qiymətin baha olması da məhz
bununla bağlıdır. Bizim saxlama kameralarında bu cür
məhsullar saxlanılmır. İndi heç kim bir mövsümdən digər mövsümə
meyvə dondurub saxlamağı təcrübədən keçirməyib hələ ki. Çünki, uzun
müddət saxlamaq üçün xüsusi texnologiya gərəkdir".
Ekspert Azərbaycanda saxlanma kameralarının fəaliyyətsiz qaldığını bildirir və buun səbəbini də qiymət yüksəkliyi ilə əlaqələndirir: "Düzdür, Azərbaycanda saxlama kameraları şəbəkəsi qurulub. Təxminən 27-dən çox saxlama kameralarının fəaliyyət göstərdiyi haqda məlumat verilir. Amma saxlama kameralarının fəaliyyətinə nəzər salsaq görərik ki, onların heç də hamısı işləmir. Onların bir hissəsi boş qalıb, bir hissəsi isə, sadəcə iri sahibkarlara xidmət edir. Onlar fermerlərdən məhsul ala bilmirlər. Bunun da bir çox səbəbləri var. Belə ki, saxlama kameralarına qoyulan məhsullar sonradan xarab olarsa, hər hansı bir xoşagəlməyən hadisə baş verərsə, məhsulu siğortalama prosesi yoxdur. Ona görə də, fermer zəmanət ala bilmir ki, saxlama kameralarına qoyulmuş məhsulu sonradan yüksək keyfiyyətdə geri ala biləcək. Azərbaycan miqyasında belə hallar olub ki, saxlama kameralarına qoyulan məhsullar saxlama zamanı xarab olub. Fermerlərə isə heç kim kompensasiya verməyib . Bu məsuliyyəti heç kim öz üzərinə götürməyib. Nəticədə fermerlər ciddi ziyan çəkib. Belə vəziyyətdə fermerlərin saxlama kameralarına maraq göstərməsi hər il azalır. Nəticədə fermerlər saxlama kameraları ilə əməkdaşlıq eləmir. Məsələnin digər tərəfi isə qiymətlə bağlıdır. Bu gün saxlama kameralarında ən ucuz saxlanan məhsul almadır ki, onun da tonu 40 manata saxlanılır. Əgər saxlama müddətini 5 ay götürsək, bu təxminən hər kiloqramda meyvənin 20 qəpik bahalaşmasına gətirib çıxarır. Çox zaman fermer proqnoz verə bilmir ki, o 5 ay saxladıqdan sonra məhsulunu həmin qiymətə sata biləcək, yoxsa yox. Bəzi yerlərdə elə vəziyyət yaranır ki, məhsulun bazarda satılma qiyməti ilə saxlama kamerasında saxlandıqdan sonra satıldığı qiymət arasında heç bir fərq olmur. Bəzən isə hətta adi halda satılma qiyməti daha yüksək olur. Bütün bunlar fermerlərin saxlama kameralarına marağını azaldır".