Əlaqə Arxiv
news Image
2014.03.12
09:29
| A A A
Aqroparkların yaradılması gecikir
Murtuzəli Hacıyev: "Aqroparkların yaradılması istiqamətində artıq təkliflər hazırlanıb yekunlaşmaq üzrədir" Vahid Məhərrəmov: "Kənd təsərrüfatını, bu sahə üzrə elmi inkişaf etdirmək istəyiriksə, öncə kadr hazırlığını həyata keçirməliyik" Xeyli müddətdir ki, ölkəmizdə aqroparkların yaradılması məsələsi gündəmdədir. Lakin müasir texnologiyanın tətbiqi ilə yüksək keyfiyyətli məhsul hazırlanmasına imkan verən aqroparkların nə vaxt ərsəyə gələcəyi hələ dəqiq məlum deyil. Aqroparklar kənd təsərrüfatının, emal və aqrar sənayenin tamamilə yenidən qurulmasını əhatə edir. Onların yaradılmasının əsas məqsədlərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin tətbiqinın həyata keçirilməsidir. Hazırda bu sahədə vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik.Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, hazırda aqroparkların yaradılması təklifləri üzərində iş gedir və proses yaxınlarda sona çatacaq: "Aqroparkların yaradılması barədə onu deyə bilərəm ki, artıq təkliflər hazırlanıb yekunlaşmaq üzrədir. Yekunlaşdıqdan sonra da həmin məsələ haqqında açıqlama veriləcək. Bu istiqamətdə hazırda da iş gedir, təkliflər hazırlanır. Zənnimcə, həmin proses bu günlərdə yekunlaşmalıdır".
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə qeyd etdi ki, aqroparkların yaradılması üçün kadr çatışmazlığı problemi də həll olunmalıdır: "Aqroparkların yaradılması hələ də baş tutmayıb. Haradasa il yarım bundan əvvəl aqroparkların yaradılması gündəmə gətirilib. Lakin sonradan sənaye sahəsində parkların yaradılması davam etdirilsə də, aqrar sahə ilə bağlı bu istiqamətdə hansısa fakt müşahidə edilmir. Bu da ilk növbədə onunla bağlıdır ki, prosesin həlli olduqca ciddi məsələdir. Aqropark böyük elmi institut nəzdində yaradılmalıdır. Azərbaycanda Kənd Təsərrüfatı Akademiyası Gəncə şəhərində fəaliyyət göstərir. Aqropark da bu akademiya nəzdində yaradıla bilər. Yaxud da aqrar sahə ilə məşğul olan hər hansı digər elmi-tədqiqat institutu nəzdində olmalıdır. Burada ciddi kapital qoyuluşuna da ehtiyac yaranır. Çünki burada texnologiyanın Azərbaycana gətirilməsi, onun öyrənilməsi, yeni texnologiyanın yaradılması məsələsindən söhbət gedir. Bu isə olduqca ciddi bir prosesdir. Sahəyə cəlb olunanlar kifayət qədər bilgi və təcrübəsi olan mütəxəssis və alimlər olmalıdır. Burada yaranan çətinlik kapital qoyuluşu ilə bağlı ola bilər. Digər tərəfdən, kadr məsələsi öz çözümünü tapmalıdır. Sovet dönəmində kadrların hazırlanması üçün onların bir qismini Rusiyaya göndərirdik. Son zamanlar isə aqrar sahə üzrə digər ölkələrdə təhsil alan mütəxəssislərimiz demək olar ki, yoxdur. Bu da həm də ondan xəbər verir ki, gələcəkdə həmin sahədə ciddi nailiyyət əldə etməyimiz çətin olacaq. Kənd təsərrüfatını, bu sahə üzrə elmi inkişaf etdirmək istəyiriksə, öncə ciddi kadr hazırlığını həyata keçirməliyik. Yəni, bu sahəni elmi əsasda irəli apara biləcək kadrlara böyük ehtiyac vardır. Hazırda isə bu sahədə vəziyyət ondan ibarətdir ki, ölkəmizdə hazırlıqlı kadr çatışmamazlığı var. Kadr olmadığı halda aqroparkların yaradılmasına da ehtiyac yoxdur. Ona görə ki, aqroparkların yaradılmasında məqsəd elmi bilgini fermerlərə, kəndlilərə ötürməkdən, yeni texnologiyanı tətbiq edib onları maarifləndirməkdən ibarətdir. Deməli, aqroparklar bir növ elmlə bağlı sahədir".
Sizin Reklam Yeriniz