Əlaqə Arxiv
news Image
2014.11.14
08:15
| A A A
Azərbaycan İranın əsas ümid yerinə çevrilir

Cənub qonşumuz Qərblə münasibətlərinin inkiaşfında və daha yüksək səviyyəyə gəlməsində Azərbaycanı əsas vasitəçilərdən biri qismində gördüyünü açıq etiraf edir. Öncə bu mövzuyu toxunan İran parlamentinin Tədqiqat Mərkəzinin üzvü Cəlil Cəfəri Azərbaycanın İran və Qərb arasında həm siyasi, həm də nüvə danışıqlarının səmərəliliyini artırmaq, eləcə də enerji sahəsində körpü ola biləcəyini dilə gətirib: "Azərbaycanın həm İran, həm də Qərblə yaxşı münasibətləri var. Hazırda İran və ABŞ arasında nüvə məsələsi üzrə müzakirələr gedir və Azərbaycan tərəflərin mövqelərinin yaxınlaşmasında müstəsna rol oynaya bilər. Çünki bu potensiala malikdir. Bu, həm İrana, həm Azərbaycana, həm də beynəlxalq ictimaiyyətə öz töhfəsini verəcək. Azərbaycanın həm enerji, həm xarici siyasət baxımından, həm də coğrafi baxımdan yerləşdiyi ərazi çox önəmlidir, yalnız İran üçün deyil, Qərb üçün də önəmlidir. Azərbaycan elektrik enerjisi, neft, qaz tranziti baxımından da İran və Qərb ölkələri arasında körpü rolunu oynaya bilər".

Bunun ardınca analoji mövqe İran prezidenti Həsən Ruhani tərəfindən sərgiləndi. O bildirib ki, ölkələrimiz elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər: "Biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik. Biz Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilərik. Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz gərək bu dəhlizdən çox yaxşı istifadə edək, bundan faydalanaq və bunu daha da genişləndirək və çalışaq ki, bir-birimizə kömək etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və birləşməsinə nail olaq".


Əfşar Süleymani: "İran Azərbacan vasitəsi ilə Avropaya çıxışını təmin edə bilər"


Məsələni şərh edən İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani bildirdi ki, tək İran Azərbaycandan yox, Azərbaycan da İrandan faydalan bilər: "Həsən Ruhanı Azərbaycanın da cənuba – Fars körfəzinə, Hind okeanına birləşə biləcəyini vurğuladı. İran Azərbacan vasitəsi ilə Bakı-Ceyhan-Ərzurum və yeni başlayan TANAP layihəsi ilə Avropaya çıxışını təmin edə bilər. Eyni zamanda uzun müddətdir gündəmdə olan dəmiryolu məsələsi də var. Rəşt-Ərzurum istiqamətində işlər gedir. Yaxın zamanlarda həmin işlərin bitməsi gözlənilir. Yəni, bizim su, dəmiryolu və quru yollar vasitəsi ilə şimal-cənub dəhlizi kimi imkanlarımız var. Bunların hamısı sözdə yox, əməldə həyata keçirilməlidir. İqtisadi məsələlər işin bir tərəfidir. Burada başqa məsələlər də - regionda sabitliyin və təhlükəsizliyin güclənməsi amili də var. Orta Şərqdə gedən proseslərin bizim regionda da baş verəməməsi üçün birləşməyimiz labüddür. Bizlər arasında həmçinin mədəniyyət telləri də var. Mədəniyyət telləri əsas yaradır ki, yuxarıda söylənilən işləri görək. Məsələn, İran Türkiyəyə qaz satır. Bu məsələdə də Azərbaycan vasitəçi ola bilər. müvafiq kəmər Azərbaycanda keçə bilər. Rusiyanın son zamanlar regionda aktivləşməsi qarşısında da birləşmə çox vacibdir. Qərbin də siyasi təsirinin altında qalmamaq şərti ilə əməkdaşlığı genişləndirmək lazımdır".


Məhəmməd Talıblı: "Geosiyasi baxımdan yerləşdiyimiz məkan tranzit üçün belə bir əməkdaşlığı həyata keçirməyə imkan verir"


İqtisadçı-ekspert Məhəmməd Talıblı isə bildirdi ki, ilk növbədə Azərbaycanın özünün Qərblə strateji əməkdaşlığı yükək səviyyədə qalmalıdır: "Yalnız enerji sahəsində əməkdaşlıq və ya konkret halda neft satışı hələ strateji müttəfiqlik münasibətlərini özündə ehtiva etmir. Amma geosiyasi baxımdan yerləşdiyimiz məkan tranzit üçün belə bir əməkdaşlığı həyata keçirməyə imkan verir. Əgər belə bir münasibət olarsa, İranın öncə özünün Ermənistanla münasibətlərinə yenidən baxmağa dəvət etmək lazımdır. Ermənistanı "oksigenlə" təmin edən İran Qərb tərəfindən izolyasiyaya salınmasını hiss etdiyi üçün preventiv tədbirlərə əl atır".


Əlirza Amanbəyli: "İran neft və qazını Avropa bazarlarına Azərbaycan kəmərləri ilə çıxara bilər"


Milli Dirçəliş Partiyası Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli bilirdi ki, son illər İranla Qərb münasibətləri gərginləşməsi məlum haldır: "Sanksiyalar İranın iqtisadiyyatını çox zəiflədib. İqtisadi tənəzzül İranı vadar edib ki, Qərb dövlətləri ilə müəyyən razılığa gəlsin. Bu işdə də Azərbacanı vasitəçi kimi görüb. Bildiyimiz kimi, Azərbaycan müstəqillik qazanandan sonra regionda Qərblə sıx əməkdaşlıq quran ölkələrdən biridir. İran Azərbaycandan vasitəçi kimi yararlanmağa çalışır. Sanksiya tətbiq edilmiş məhsullarını Azərbaycan vasitəsi ilə Qərbə satmaq istəyindədir. İran neft və qazını Avropa bazarlarına Azərbaycan kəmərləri ilə çıxara bilər. Bunu tehran bilir".
Sizin Reklam Yeriniz