Əlaqə Arxiv
news Image
2012.12.09
10:54
| A A A
Aqrar sektor sığorta üzünə həsrət qalıb
Natiq Cəfərli: “Aqrar sektorun sığortalanması mütləq şəkildə lazımdır” Samir Əliyev: “Azərbaycanda kənd təsərrüfatı məhsullarının sığortalanması sistemi var, amma bu, çox məhduddur” Məlumdur ki, hazırda Azərbaycanda sığorta portfelinin çox az hissəsi arqar sahənin payına düşür. Aqrar sektor riskli sahə hesab olunduğundan, sahə həm kreditləşmə, həm də sığortalanma baxımından ləngiyir. Demək olar ki, sığorta şirkətləri kənd təsərrüfatı məhsullarının sığortalanmasına az maraq göstərirlər. Halbuki, ABŞ və əksər Avropa ölkələrində nəinki fermer sahələri, hətta bütövlükdə proses, məhsulun satış qiyməti belə sığortalanır.
Ölkəmizdə isə aqrar sahədə bəzi məhdud istiqamətlər üzrə sığortalanma mövcuddur. Ekspertlər Azərbaycanda kənd təsərrüfatının sığortalanması probleminin kökündə müəyyən mövcud səbəblərin olduğunu və aradan qaldırmaq üçün bəzi addımların zəruri olduğunu bildirirlər.
İqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, bu gün aqrar sektorun sığortalanması mütləq şəkildə lazımdır: "Çünki, kənd təsərrüfatı böyük risklər daşıyır və təbiətdən ciddi şəkildə asılıdır. Müxtəlif təbii hadisələr nəticəsində fermerlər istehsal etdiyi məhsulu tamamilə itirə bilər. Ona görə də bu sahədə sığortalanma çox ciddi məsələdir. Həm də məhsulların sığortalanması fermerlərə bir rahatlıq gətirər. Bu məsələni bir çox ölkələr təşviq yolu ilə həll edirlər. Yəni, aqrar sahədə çalışan insanların sığortasının müəyyən bir hissəsini, hətta bəzi məhsullar üzrə 50%-ni dövlət tərəfindən qarşılanması prosesi baş verir. Azərbaycanda da təşviq yolla aqrar sahəni canlandırmaq olar. Hətta bir neçə dəfə belə təkliflər olub. Taxıl sahələrində sığortalanma prosesində dövlətin yardım edəcəyi haqqında müəyyən qərarlar alınmışdı. Amma nəsə bu qərarların həyata keçməsi ləngiyir. Odur ki, ərzaq təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsinə çevrildiyi bir zamanda bu məsələyə ciddi diqqət ayrılmalıdır. Bu məsələ həyata keçərsə, fermerlərin əmək fəaliyyəti daha rahat şəkil alacaq".
Ekspert bildirir ki, bu sahəyə riskli olduğundan sığorta şirkətlərinin marağı o vaxt yarana bilər ki, müəyyən təşviq kampaniyaları olsun: "Həmçinin, sığorta şirkətlərinə müəyyən üstünlüklər qazandırsın. Amma il ərzində bir çox bölgələrdə təbiət hadisələri baş verdiyindən bu sahə riskli sahədir. Əgər sığorta şirkətləri tərəfindən də bunun hamısının qarşılığı ödənilsə, bu, şirkətləri ciddi itkilərlə üzləşdirə bilər. Azərbaycanda sığorta şirkətlərinin marağının az olmasının əsas səbəbi, bu sahənin çox riskli olmağından və ödənişlərin daha artıq ola biləcəyi ehtimalından irəli gəlir. Bir də burada fermerlərin özlərinin tam oturuşmuş sistem qurmaması da rol oynayır. Çünki, bir çox ölkələrdə fermerlərin özlərinin assoasiyaları olur. Yardımlarının alınmasında hökumət qarşısında tələblərlə çıxış edirlər. Amma Azərbaycanda həm belə bir assoasiyanın, həm də fermerlərin iri iqtisadi gəlirlərinin olmaması pərakəndəlik yaradıb. Fermerlərin iri iqtisadi gəlirlərinin olmaması fermer təsərrüfatlarının həddən artıq kiçik olmasından irəli gəlir. Yəni, onların iqtisadi gücü o qədər deyil ki, öz gücləri hesabına öz sahələrini sığortalasınlar. Problemlər kompleks olduğundan bu sahəyə maraq azalır".
Digər iqtisadçı ekspert Samir Əliyev də kənd təsərrüfatının çox riskli sahə olduğunu bildirir: "Riskli olduğuna görə də, bu gün fermerlərin kredit resurslarına çox böyük ehtiyacı var ki, həm özləri gəlir götürsün, həm də bazarda bolluq yaransın. Ona görə də, bütün dünyada kənd təsərrüfatının kreditləşməsinə çox böyük həssaslıqla yanaşırlar. Burada da sığorta böyük rol oynayır. Sığorta mexanizmi ondan ibarətdir ki, məhsulun becərilməsi prosesində hansısa təbii hadisə baş verərsə, banklara pulu kredit götürən fermerin əvəzinə sığorta şirkətləri ödəyir. Azərbaycanda da kənd təsərrüfatı məhsullarının sığortalanması sistemi var, amma bu, çox məhduddur. Bu isə fermer üçün tam əlverişli deyil. Halbuki, inkişaf etmiş ölkələrdə təkcə məhsulun yox, eyni zamanda prosesin özü sığortalanır. Hətta məhsulun qiyməti də sığortalanır ki, qiymət aşağı düşərsə, həmin kəsir sığorta şirkətləri tərəfindən ödənilsin. Azərbaycanda sığorta çox məhdud olduğundan yalnz bitkiçilik hissəsini əhatə edir. Amma burada maldarlıq, meyvə-tərəvəz də var. Sığorta bu sahələri tam əhatə etmir. Ona görə də yaxşı olardı ki, kənd təsərrüfatı üzrə sığorta predmetinin arealı genişlənsin".
Samir Əliyevin sözlərinə görə, burada digər çıxış yolu var ki, bu da Təminat Fondunun yaradılmasıdır: "Bunu da ya dövlət, ya özəl şirkət, yaxud da hər ikisi birlikdə şərikli olaraq yarada bilərlər. Təminat Fondu banklara hansısa problem olacağı təqdirdə riskləri minimuma endirəcəyi barədə təminat verir. Yəni, təminat fondunun yaradılması gələcəkdə bankların çəkinmədən kənd təsərrüfatı sektorunun kerditləşdirməsinə imkan verir. Azərbaycanda da bu fondun yaradılmasına böyük ehtiyac var. Bu fond yaradılarsa, artıq kreditləşmə sahəsində kifayət qədər nailiyyət əldə etmək olar".
Sizin Reklam Yeriniz