Əlaqə Arxiv
news Image
2012.12.21
11:18
| A A A
İri qabaritli avtomobillər də tıxaca səbəb olur
Bakıda belə avtomobillərin sayı durmadan atır Azərbaycanda əhalinin sosial-maddi durumu yaxşılaşdıqca, bahalı avtomobillərin də sayı artır.  Hətta indi elə ailələr var ki, az qala hər üzvünün bir avtomobili var. Müşahidələr onu da göstərir ki, azərbaycanlılar bahalı, xüsusilə də, iri qabaritli avtomobillərə üstünlük verirlər.
"JEEP", "Toyota Prado", "Mitsubişi Pajero", "Volksvogen Tuoarek" kimi iri qabaritli avtomobillər Azərbaycanda çox sevilir. Düzdür, qiyməti ucuz və dözümlülüyü yüksək olduğu üçün hələlik bazarda "mercedes benz"lər "at oynadırlar". Amma imkanı olan şəxslər məhz iri qabaritli maşın almağa üstünlük verirlər.
Azərbaycanlıların belə  avtomobilləri xoşlamasının psixoloji və təbii səbəbləri var. Bunu sosioloji araşdırmalar da sübut edir.
32 yaşlı Rauf Bağırov deyir ki, o, "mercedes benz"ini satıb "Toyota prado" almaq istəyir. Səbəbini belə izah edir: "İşimlə əlaqədar olaraq tez-tez rayonlara getməli oluram. Bakının və respublika əhəmiyyətli yollar babat olsa da, kənd rayonların yolları hələ tam yaxşı deyil. "Toyota prado" belə yerlərə getməyə əl verir. Həm də gözəgəlimli maşındır".
Digər həmsöhbətimiz 38 yaşlı Fuad isə iri qabaritli avtomobillərin daha cəzbedici olduğunu düşünür: "Belə maşınların yeri başqadır. Həmin maşınları sürəndə özünü güclü və zəngin hesab edirsən. Sanki həyatda yüksəlmək üçün xırda maneələri tapdalayıb irəli gedirsən. Böyük maşınlardan aşağı baxdıqda balaca maşınlar sənə cılız görünür".
Avtomobil satış mərkəzləri də etiraf edirlər ki, iri qabaritli avtomobillərə maraq daha böyükdür. Onu da öyrəndik ki, iri qabaritli avtomobilləri alanlar əsasən orta biznesin nümayəndələridir. Mütəxəssislər isə bildirirlər ki, iri maşınlar güclü, möhkəm təsiri bağışlasalar da, avtoqəza zamanı onların aşma ehtimalı daha böyükdür. Onlar yüksək sürət şəraitində kiçik maneəyə toxunmaqla aşa bilirlər. Sözsüz ki, kələ-kötür yolları qət etmək, daşlı-çınqıllı, torpaqlı yollarda şütümək və dağlıq ərazilərə çıxmaq üçün iri qabaritli avtomobillərin anoloqu yoxdur.
İqtisadçı ekpert İlham Hüseynlinin sözlərinə görə, yalnız Şərq ölkələrində iri qabaritli avtomobillərə böyük maraq var: "Mən dünyanın bir sıra ölkələrində olmuşam. Avropa ölkələrində bizdəki qədər iri qabaritli avtomobil dəbdə deyil. Düzdür, onlar bahalı avtomobil sürürlər. Amma iri qabaritli olanını yox. Şəhər yerlərində belə  avtomobillərə ehtiyacları da yoxdur. Yolları o qədər hamar, nəqliyyatın hərəkəti o qədər sərbəstir ki, altı yerdən 10 santimetr hündür olan maşını sərbət idarəetmək olur.
Bizdə isə gənclərdə sanki avtomobil xəstəliyi yaranıb. Birisi avtomobil alan kimi və ya bahalı maşına minən kimi ürəyimizdə "mən də bundan alacam" fikirini keçiririk. Sonuncu qəpiklərimizi belə avtomobilin yolunda xərcləməyə hazırıq. Şəhər yerində, xüsusilə də, mərkəzdə yaşayanların, ümumiyyətlə, avtomobilə ehtiyacları böyük deyil. Bizim metro nəqliyyatımız var. Avtobus marşrutları pis-yaxşı işləyir. İctimai nəqliyyatla nə qədər hərəkət etsən, gün ərzində 1 manatdan artıq xərcləmərsən. Əgər bu imkan var ikən nə üçün avtomobil alıb, xarici şirkətləri zənginləşdirməliyik? Yəni düşünürəm ki, bizdəki iri qabaritli avtomobil sevgisinin arxasında heç bir iqtisadi məntiq yoxdur".
Ekspert əlavə etdi ki, biz avtomobil istehsal edən ölkələrin vətəndaşlarından özümüzü daha zəngin göstəririk: "Yaponiya istənilən formada, keyfiyyətdə avtomobil istehsal edir. Amma insanları çox sadədir. İşə bəzən hətta velosipedlə gedib-gəlirlər. Biz avtomobil istehsal etmirik, amma velosipedə minməyi eyib hesab edirik. Bu, bizim psixologiyamızla bağlıdır. Baxırsan ki, tələbədir, amma altında bahalı, iri qabaritli maşın var. Avropalı bunu eləməz. Harvardda, Oksforda, Sarboniyada tələbələr dərsə qatarla, avtobusla, velosipedlə gedib-gəlirlər. Orada oxuyan ərəblər isə bir milyonluq maşın sürürlər. Belələrinə münasibət heç də yaxşı deyil".
Hələlik isə müşahidələr göstərir ki, Bakıda iri qabaritli avtomobillərin sayı durmadan atır və tıxacların yaranmasında belə avtomobillər də müəyyən qədər rol oynayır. Çünki onlar yollarda daha çox sahə tuturlar.
Sizin Reklam Yeriniz