Əlaqə Arxiv
news Image
2012.12.25
10:39
| A A A
Muzeylərimizin ciddi nöqsanı üzə çıxır
Onların mədəni irsimizin araşdırılması sahəsində heç bir iş aparmamasına tutulan iradlar böyüyür Azərbaycanda fəaliyyətdə olan və dövlət büdcəsindən maliyyələşən muzeylərin əksəriyyətində elmi işçilər çalışsalar da, son illər həmin muzeylərdə elmi araşdırma işləri demək olar ki, aparılmır. Muzeylərin daha çox eksponat kimi saxlanılması və kreativlik əmsallarının sıfra bərabər olması Milli Məclisdə deputatları dilə gətirib.
"Mədəniyyət haqqında" qanun layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycan mədəniyyətini xalqımıza və dünyaya nümayiş etdirmək üçün muzey sistemi mövcuddur. Lakin bizim muzey sistemi elmdən tam təcrid olunub. Millət vəkilinin sözlərinə görə, dünyanın aparıcı muzeyləri öz işlərini ölkəsinin ən yüksək səviyyəli alimlərinin araşdırmaları və elmi mərkəzlərin fəaliyyəti üzərində qurur: "Bizdə isə müzeylər ancaq nəyisə nümayiş etdirmək üçündür. Bizim mədəni irsimizin araşdırılması sahəsində heç bir iş aparılmır. Hesab edirəm ki, qanunda da bu öz əksini tapmalıdır ki, muzeyin fəaliyyəti elmi fəaliyyətlə vəhdətdə olsun".
Millət vəkili qeyd edib ki, xalça muzeyi açırıqsa, burada xalçaçılığı yaxşı bilən mütəxəssislər və alimlər çalışmalıdır: "Bu gün dünyanın bütün müzeylərində Azərbayacan xalçaları tamamilə başqa xalqların adına çıxarılır. Biz öz mədəni irsimizə ona görə sahib çıxa bilmirik ki, elmi istiqamətdə öz hüquqlarımızı qorumağı bacarmırıq. Bundan əlavə, lazımi mütəxəssislərin hazırlanması da qanunda öz əksini tapmalıdır. Çox təəssüf ki, parlamentimiz Azərbaycan xalqı qarşısında öz borcunu yerinə yetirə bilməyib. Biz hələ də bilik sahəsinin hüquqi bazasını yarada bilməmişik".
Qeyd edək ki, ölkədə minə yaxın müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Elmi, tarixi, mədəni, mənzil, diyarşünaslıq muzeylərinin əksəriyyətinə giriş ya pulludur, ya da xüsusi göndəriş əsasında bu mümkün olur.
Pullu muzeylərdə uşaqlar, məktəblilər, tələbələr, valideynlər üçün ayrı ayrılıqda qiymətlər müəyyənləşir. Muzeylərimiz ziyarətçi azlığından əziyyət çəkirlər. Ekspertlər bildirirlər ki, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan muzeylərlə bağlı əsasnamədə müəyyən dəyişikliklər etmək lazımdır.
Millət vəkili Sabir Rüstəmxanlı mövcud muzeylərin formal fəaliyyətini belə izah edir: "Elə muzeylər var ki, sovet dövrünün qalıqlarıdır. Hər bir rayonda tarix-diyarşünaslıq muzeyi var. Rayonun tarixi, mədəni irsilə bağlı heç bir elmi araşdırma ortaya qoymayan muzeyin saxlanılmasının nə mənası var? Qoy, o muzeyləri versinlər rayon icra hakimiyyətlərinə, ya da bələdiyyələrə. Elələri var ki, həm Bakıda, həm də doğulduğu rayonda ev və yaradıcılıq muzeyləri var. Düzdür, tanınmış, dünya şöhrətli şəxslərin adlarına muzeyin olması lazımdır. Amma əgər dövlət həmin muzeylərin saxlanılması, orada araşdırmaların aparılmasına pul ayırırsa, bunun effekti də olmalıdır. Xarici ölkələrdə muzeylər həm dövlət, həm bələdiyyələr, sponsorlar və həm də ayrı-ayrı fondlar tərəfindən maliyyə alırlar. Hər bir maliyyənin hesabatı olmalıdır. Yəni muzey qabaqcadan görəcəyi işlər barədə donora məlumat verir və donor da təklifi dəyərləndirib pul ayırır. Təəssüf ki, bizdə hələ də dünya şöhrətli, beynəlxalq səviyyəli muzey yoxdur".
Sizin Reklam Yeriniz