Əlaqə Arxiv
news Image
2013.01.09
13:02
| A A A
Fırıldaqçı dilənçilər
Əhməd Qəşəmoğlu: "Fırıldaqçılıq kimi mənfi halların geniş vüsət almasına rəvac verən əsas amil maddiyyətin mənəvi dəyərləri üstələməsidir" Xosrov Oruclu: "Fırıldaqçılığın yayılmasına əhalinin bir qisminin sadəlövh olması da rəvac verir" Son dövrlər Azərbaycanda fırıldaqçılıqla pul qazanmaq istəyən və daha çox mədəni dilənçi təsiri bağışlayanların sayında bir artım müşahidə olunur. Onlar bir çox hallarda insanların etibarından sui-istifadə edərək bu və ya digər məsələlərdə kömək edəcəklərini bəhanə etməklə adamlardan müəyyən miqdar vəsait qoparırlar. Özü də demək olar ki, sözügedən fırıldaqçılıq halları hər bir sahəni əhatə edib.
Məlumat verildiy kimi isə Bakı şəhərinin müxtəlif yerlərində xüsusi hazırlanmış vərəqələr insanlara paylanır və əvəzində müəyyən maddiyyat umulur. Vərəqləri paylayaraq maddi vəsait toplamağa cəhd edənlər bunu guya Əjdərbəy məscidində kasıb insanlar üçün ehsan mərasimi düzənləmək məramı ilə həyata keçirdiklərini iddia edirlər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bildirir ki, bu, həqiqətə uygun olmayan bir məsələdir və burada Əjdərbəy məscidinin adının hallandırılmasından təəssüf hissi keçiririk. Belə ki, Əjdərbəy məscidi kasıb insanlara yardımı hər zaman yalnız öz daxili imkanları hesabına gerçəkləşdirir.
Bəzən isə "mədəni dilənçiliyi" özünü peşə seçənlər yoldan keçənlərə yaxınlaşaaq yol pullarını olmadığını bəhanə gətirir və onlara heç olmasa bir manat verilməsini xahiş edirlər. Görəsən, belə fırıldaqçılığı şərtləndirən səbəblər nədir?
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, fırıldaqçılıq kimi mənfi halların geniş vüsət almasına rəvac verən əsas amil maddiyyətin mənəvi dəyərləri üstələməsidir: "Tarixin müəyyən dövrlərində müxtəlif ölkələrdə, Hindistanda, Avropada, konkret tarixi şəraitdə, konkret məkanda maddiyyət önə keçərək, mənəvi dəyərləri üstələyəndə həmişə fırıldaqçılıqla pul toplamaq kimi hallara da yol açılır. Mənəvi dəyərlərə daha çox üstünlük verildiyi cəmiyyətlərdə isə belə xoşagəlməz hallara demək olar ki, rast gəlinmir. Təəssüf ki, son dövrlər bütün Yer üzündə, o cümlədən Azərbaycanda maddi dəyərlər daha da aktivləşərək mənəvi dəyərləri öz təsiri altına almağa başlayıb. Hazırda cəmiyyətdə maddi dəyərlər daha populyar olduğundan, insanlar daha çox bu amilə istiqamətləndiklərinə görə fırıldaqçılığın da geniş miqyas alması təbii və qanuni hala çevrilib. Onun nəticəsidir ki, son dövrlər bir sıra digər ölkələrdə olduğu kimi, Azərbaycanda da fırıldaq gəlməklə əhalidən pul toplamaq kimi hallar geniş yayılıb. Nə qədər ki, mənəvi dəyərlər əvvəllər olduğu kimi cəmiyyətdə ahəngi tənzimləyən mexanizm rolunu oynamayacaq, belə fırıldaq əməllər daha da artmaqda davam edəcək".
Sosioloq Xosrov Oruclu isə düşünür ki, fırıldaqçılığı şərtləndirən amillər içərisində əhalinin bir qisminin savadsızlığı dayanır: "Adətən cəmiyyətdə hər hansı bir boşluq yarananda onu doldurmağa çalışırlar. Belə boşluqlardan isə əksər hallarda fırıldaqçılar öz xeyirlərini güdməklə "uğurla" yararlanırlar. Hazırda Azərbaycan cəmiyyətində də müəyyən qədər boşluqlar var. Yəni cəmiyyətdəki boşluqlar da müəyyən mənada fırıldaqçılığın özünə yer eləməsini şərtləndirən amillərdən biridir. Digər tərəfdən, fırıldaqçılığın yayılmasına əhalinin bir qisminin sadəlövh olması da rəvac verir. Həmin fırıldaqçılar da bu məqamdan sui-istifadə etməklə əhalini soyurlar. Fırıldaqçılıqla məşğul olmağı özlərinə "peşə" seçənlərə gəldikdə isə onların bir qismi əzəldən bu çirkin işlərdə bulunduqlarından yenə də yaranmış fürsətdən istifadə etməklə öz çirkin əməllərini genişləndirirlər. Digər bir qisim fırıldaqçılar isə işsiz olduğundan bu yollarla özlərinə gəlir götürməyi düşünürlər. Bu da ondan irəli gəlir ki, indiki cəmiyyətdə maddiyyət hər şeydən öndə dayanır. Maddiyyəti əldə etməkdən ötrü bir çox insanlar hər cür çirkin əməllərə əl atmaqdan belə çəkinmirlər".
Sizin Reklam Yeriniz