Əlaqə Arxiv
news Image
2013.01.10
07:30
| A A A
Bazarlar super marketlərlə əvəzlənə bilər
Ruslan Atakişiyev: “Yaxşı olar ki, həmin bazarlar bələdiyyələr və yaxud da yerli icra hakimiyyəti tərəfindən təmir olunsun” Vahid Məhərrəmov: “Bazarlar super marketlərlə əvəzlənsə, mütləq orada satılan məhsulların qiyməti qalxacaq” Məlumdur ki, bu gün paytaxt Bakıda fəaliyyət göstərən satış məkanlarının içində ucuzluğu ilə fərqlənən xeyli bazarlar var. Bunlar "8-ci km", "Təzə bazar", "Şərq" "Yaşıl", "Nəsimi" bazarlarıdır ki, daim alıcı kütləsinin çoxluğu ilə fərqlənirlər. Alıcı kütləsinin çoxluğu və buraya avtomobillərin həddən artıq çox sayda olması isə bazar yaxınlığında nəqliyyat tıxacına səbəb olur.
Digər tərəfdən bazarların əksəriyyətində sanitar vəziyyəti də o qədər ürəkaçan saymaq olmaz. İkinci problemə qarşı vaxtaşırı müvafiq tədbirlər görülsə də, bunu tıxac məsələsinə aid edə bilmərik. Demirik ki, mövcud problemlər xarici ölkələrin, bizim adları sadalanan bazarlarımıza oxşar bazarlarında yoxdur. Amma Qərbdə sıx alıcı kütləsindən yaranan həmin problemlərin aradan qaldırılması istiqamətində alternativ variantlar tətbiq olunmağa başlayıb. Misal üçün bildirək ki, dünyaca satış bazarları ilə məşhur olan qonşu Rusiyanın paytaxtında yeni ildən etibarən həmin bazarlar super marketlərlə əvəz olunmağa başlayıb. Məqsəd də satışı dünya standartlarına yaxınlaşdırmaq, sanitariya vəziyyətini yaxşılaşdırmaq, xaotiklikliyi aradan qaldıraraq tıxac problemini həll etməkdir. Ekspertlər oxşar metodun bizdə də tətbiqinin mümkünlüyünü desələr də, bunun satış qiymətlərinin qalxmasına səbəb olacağını bildirirlər.
İqtisadçı ekspert Ruslan Atakişiyevin sözlərinə görə, bazarların müasirləşməsi müxtəlif yollarla həyata keçirilə bilər: "Bir variant da həmin bazarların yerində böyük super marketlərin yaradılmasıdır. Digər variant isə bələdiyyə və icra hakimiyyəti vasitəsi ilə bazarların müasir standartlara cavab verəbiləcək şəkildə yenidən qurulmasıdır. Bələdiyyələr həm də bazarların yaxınlığında avtomobil dayanacağı tikə bilərlər ki, orada olan tıxacın aradan qalxmasına köməklik göstərə bilər. Həm də bazarlarda sanitariya xidmətinin gücləndirilməsinə ehtiyac var. Bu, həm xidmətin keyfiyyətini artırır, həm də orada işləyənlərin sağlamlığına müsbət təsir göstərə bilər".
Ekspert bildirir ki, bazarların əvəzinə super marketlərin tikilməsi orada satılan məhsulların qiymətinin qalxmasına  mütləq şəkildə təsir göstərəcək: "Çünki, sahibkar istər-istəməz oranın tikilməsində xərc çəkəcək. Onda da orada olan icarə haqqının qiyməti də yüksək olacaq. Ticarətçilər də icarə haqlarının yüksək olması ilə bağlı məhsulların qiymətini artıracaq. Bu baxımdan şəhərdə ucuzluğu ilə tanınmış bazarlar sonradan bahalı bazarların aqibətini yaşayacaqlar. Bu zaman əhalinin aztəminatlı təbəqəsi ucuz məhsul əldə etmək üçün yenidən ucuz yerlər axtaracaqlar. Ona görə də ikinci təklif daha optimal sayılar. Yəni, həmin bazarlar bələdiyyələr və yaxud da yerli icra hakimiyyəti tərəfindən təmir olunsun, müasir şərait yaradılsın. Sanitariya tədbirlərinin mütəmadiliyini təşkil etmək üçün sistem qurulsun. Burada da cüzi miqdarda icarə haqları qoyula bilər ki, bu, qiymətlərin elə də qalxmasına təsir etməyəcək".
Ruslan Atakişiyevin fikrincə, yaxşı olar ki, həmin bazarların yaxınlığında müasir dayanacaqlar tikilsin: "Dayanacaqda pulun alınması bazarda məhsulun qiymətinin qalxmasına təsir etməyəcək. Pula qənaət etmək istəyənlər də sərnişin nəqliyyatından istifadə edəcəklər. Ona görə də ikinci variant daha sərfəli sayılar".
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, həmin super marketlərdə şərait daha yaxşıdır: "Orada xüsusi dondurucular var ki, məhsulun uzun müddət təzə qalmasına şərait yaradır. Sahibkarlar həmin super marketlərə də keyfiyyətsiz məhsul gətirmir. Onlar özlərinin imicini saxlamaq üçün daha keyfiyyətli məhsul gətirirlər ki, keyfiyyətli xidmət göstərə bilsinlər. Amma bazarlar super marketlərlə əvəzlənsə, mütləq orada satılan məhsulların qiyməti qalxacaq. Çünki, orada xüsusi qulluq göstərən insanların sayı çoxluğu, bəzi avadanlıqlar və digər xərclər satılan məhsulların qiymətini qaldıracaq. Ona görə çalışmaq lazımdır ki, belə super marketlərin olması ilə yanaşı, kənd təsərrüfatı məhsullarının səyyar satışı da həyata keçirilsin. Belə olan da kasıb təbəqə üçün səyyar satışla məşğul olan sahibkarların təklif etdiyi məhsul məqbul sayılacaq. İmkanlı insanlar da super marketlərdən məhsul əldə edə biləcəklər. Yəni, bu, bir növ istehlakçılar üçün seçim imkanı yaradacaq".
Ekspertin sözlərinə görə, ümumiyyətlə, elə etmək lazımdır ki, topdansatış bazarları şəhərdən kənar olsun: "Bundan əlavə, şəhərin mərkəzində satış, standartlara uyğun şəraitdə həyata keçirilməlidir. Əvvəllər adi kolbasa və ya sosiskaya 24 saat satış müddəti qoyulurdu. Amma bu gün təzə ət 3 günə qədər asılı vəziyyətdə saxlanılır. Burada tək ət yox, digər məhsulları da bu cür şəraitdə saxlayırlar. Elə meyvə - tərəvəzlər var ki, onları xüsusi şəraitdə saxlamaq lazım gəlir. Günəşin təsiri nəticəsində onda bəzi proseslər gedir. Elə meyvələr var ki, inkişaf prosesi dayandırılmayıb. Xüsusi şəraitdə dayandırılmalıdır. Onu da günün altına qoyanda proses gedir və daxildən çürüyür. Artıq onu istehlak etmək olmaz. Ona görə də kənd təsərrüfatı məhsullarının harada topdan, harada pərakəndə satışı üçün standartlar olmalıdır. Ümumiyyətlə, daha çox çalışılmalıdır ki, insanların bu işin satışı ilə məşğul ola bilmələrinə imkan verilsin. Bunun üçün də müəyyən qaydalar müəyyənləşdirilməlidir. Səyyar satış maşınları da olsa, yaxşı olar. Çünki, həmin maşınlar məhsulu birbaşa alıcıların yaşadıqları yerə gətirə bilirlər. Bununla da istehlakçıların təzə məhsul əldə edə bilmələri asanlaşır. Belə halda satıcı məhsulu xarab olmadan istehlakçıya çatdıra bilir. Həmin maşınlar da satış üçün müəyyən standartlara cavab verməlidir".
Sizin Reklam Yeriniz