Əlaqə Arxiv
news Image
2013.01.10
10:15
| A A A
Yerli seriallar hələ də xarici rəqabətə tab gətirmir
Bunun səbəbləri barədə isə maraqlı fikirlər səslənir Son illər Azərbaycanda teleserialların çəkilməsi intensivləşib. Ölkə başçısının bu sahənin inkişafı ilə bağlı olaraq məlum sərəncamı və sərəncamdan irəli gələrək milli serialların çəkilməsi üçün büdcədən 20 milyon manata yaxın vəsaitin ayrılması incəsənət xadimləri tərəfindən birmənalı şəkildə təqdir olunub.
Film və serial sektoruna göstərilən diqqət sahəsində aktyorlar, prodakşınlar, senaristlər, həm texniki işçilərin sosial durumları müəyyən qədər yaxşılaşıb.
Qeyd edək ki, dünyada film ən gəlirli biznes növlərindən biri hesab olunur. Məsələn, "Forbes" jurnalının hesabatına görə, keçən il ən çox qazanan televiziya ulduzu "Two and a half men" serialının baş rol ifaçısı Aşton Kutcher (24 milyon dollar) olub. Ən çox qazananlar siyahısında "Housi" serialı ilə Huqh Lauri (18 milyon), "Everybody Loves Raymond"dakı rolu ilə Ray Romano (18 milyon), "30 rock" ilə Alek Baldvin (15 milyon), "Ncis" ilə Mark Harmon (15 milyon), "Last Man Standing" ilə Tim Allen (14 milyon), "Grey`s Anatomi" ilə Patrik Dimpsey (12 milyon), "The Big Bang Theory" Cim Parsıns (8 milyon) da yer alıb.
Türkiyənin məşhur serial aktyoru Kıvanc Tatlıtuğ aylıq olaraq 50 min, Halit Ergenç 5 min, Hazal Kaya 30 min, Nurgül Yeşilçay 50 min, Beren Saat 50 min, Tuba Büyüküstün 30 min türk lirəsi qazanıblar.
Azərbaycanda son illər çəkilən seriallar o qədər də gəlir gətirməsə də, dövlətin birbaşa dəstəyi nəticəsində yeni serialların çəkilməsi, yuxarıda qeyd etdiyimiz kimi, bu sahədə müəyyən dirçəlmə yaratdı. "Sirr", "Pərvanələrin rəqsi", "Bacanaqlar", "Qaynana", "Ağabəyovlar" və s. seriallar çəkilir. Buna baxmayaraq Azərbaycan tamaşaçısı yenə də əsas etibarı ilə xarici telekanallarda nümayiş olunan əcnəbi serialları izləyir.
"Kurtlar Vadisi", "Muhteşem Yüzyıl", "Güney-Kuzey" və digər Türkiyə serialları xüsusilə evdar xanımlarımızın daim izlədikləri seriallardır. Məşhur Azərbaycan filmində deyildiyi kimi, bəs niyə o əjdahadan bizdə yoxdur?
Əməkdar artist, "Simsar" teatrının bədii rəhbəri, yeni serialların çəkilməsində iştirak edən Pərviz Məmmədrzayev bununla bağlı bildirdi ki, Azərbaycanda serialların çəkilməsinə yeni başlanılıb: "Azərbaycan seriallarını böyük tarixi, maddi-texniki, yaradıcı bazası olan Braziliya, Argentina, Türkiyə və s. qabaqcıl ölkələrin serialları ilə müqayisə edərək zəiflikdə ittiham etmək insafsızlıq olardı. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müasir ruhlu serialların çəkilməsi sahəsində təcrübəsi o qədər də çox deyil. Maddi-texniki bazamız da yüksək səviyyədə deyil. Deyə bilərəm ki, seriallarımız inkişaf mərhələsindədir. Bu sahədə büdrəmələr, axsamalar olacaq. 10-15 serialın içərisində 1-2 sanballısı mütləq olacaq. Mən hazırda bir serialın çəkilişində iştirak edirəm. Talantlı, potensialı olan aktyorlar görürəm. Bu mənə deməyə imkan verir ki, yaxın gələcəkdə bizdə də hər kəsin sevimlisi olacaq seriallar yaranacaq, aktyorlarımız meydana çıxacaq".
Xalq artisti Həmidə Ömərova yeni serialların bir çoxunu bəyənməsə də, onların çəkilməsinin tərəfdarıdır: "Mən özüm bir neçə xarici seriala baxıram və bəyənirəm. Öz seriallarımıza gəldikdə isə bu sahədə durum getdikcə yaxşılaşır. Düşünürəm ki, serailların mövzusunu, ideyasını daha da zənginləşdirmək, xalqa yaxın etmək lazımdır. Təkcə əyləncəli, tarixi deyil, sosial, ailə problemlərindən bəhs edən ciddi seraillar da çəkilməlidir. Bu, sınaq dövrüdür. 2013-cü ildə maraqlı seriallarımızın işıq üzü görəcəyinə ümid edirəm".
Sizin Reklam Yeriniz