Əlaqə Arxiv
news Image
2013.01.12
19:10
| A A A
Mübariz Qurbanlı aksiyadan danışdı
Mübariz Qurbanlı:“Biz də Ceyhun Qubadovun ölümü ilə bağlı partiyamızın mövqeyini bildirmişik, təqsirkarların tapılmasını biz də səbirsizliklə gözləyirik".

"Bu gün Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə əlaqədar bir qrup gəncin Bakının Fəvvarələr meydanına təyin etdiyi aksiya dinc şəraitdə keçirildi, onlar öz şüarlarını səsləndirdilər və onların səsləri eşidildi".

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.M. Qurbanlı aksiyada Azərbaycan polisinin peşəkarlıq nümayiş etdirdiyini də bildirib. Onun sözlərinə görə, aksiya razılaşdırılmamış olsa da, polis iştirakçılarla sakit və peşəkar davranıb: "Aksiya iştirakçıları öz fikirlərini səsləndirdilər. Onların şüarları "Şəhidlər ölməz, vətən bölünməz!", "Ən böyük əsgər Azərbaycan əsgəri!" və sair əsgər ölümünə görə cavabdeh olanlarla bağlı idi".
M. Qurbanlı deyib ki, Nizamnamədən kənar olaraq istənilən Azərbaycan əsgərinin ölümünü hamı, o cümlədən YAP da pisləyir: "Biz də Ceyhun Qubadovun ölümü ilə bağlı partiyamızın mövqeyini bildirmişik, təqsirkarların tapılmasını biz də səbirsizliklə gözləyirik. Respublika Prokurorluğu bununla bağlı çox operativ fəaliyyət göstərir, bildiyiniz kimi cəzalandırılanlar da var".
M. Qurbanlı qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi daim diqqət mərkəzindədir. YAP icra katibinin müavini onu da deyib ki, əsgər ölümündən siyasi məqsədlər üşün istifadə olunmasına fürsət verilməməlidir: "Bu günkü aksiyada da xüsusilə "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl və bir qrup şəxs öz məqsədləri üçün istifadə etməyə cəhd göstərdi. Mən özüm də müşahidə etdim. Onlar gənclərin "Əsgər ölümünə son!", "Şəhidlər ölməz, vətən bölünməz!" şüarından istifadə edərək, aksiyanın yönünü öz siyasi məqsədlərinə doğru yönəltmək istəyirdilər. Xüsusilə Xədicə İsmayıl bir qrup gənci başına yığaraq təxribat xarakterli şüarlar səsləndirməyə başlamışdı. Bizim partiyanın qarşısına gələrək hay-küy salırdılar. Onların istəyi ilə aksiyaya toplaşan gənclərin şüarı fərqli idi".
M.Qurbanlı deyir ki, bütün bunlara baxmayaraq təxribatçıların qarşısı alındı və aksiya dinc başa çatdı: "Gənclər toplaşdı, çağırışlarını etdilər və eşidildilər".
Qeyd edək ki, bu gün Bakıda əsgər ölümünə etiraz olaraq, gənclərin aksiyası keçirilib.
Sizin Reklam Yeriniz