2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildi
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu gün Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və
2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası
keçirilib. Iclasda çıxış edən Prezident İlham Əliyev qeyd
edib ki, düşünülmüş iqtisadi siyasət nəticəsində bütövlükdə ötən il
Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Ötən il Ümumi Daxili
Məhsul 2,2 faiz, qeyri-neft sənayesi 8 faiz, kənd təsərrüfatı
məhsulları istehsalı 6 faiz, əhalinin pul gəlirləri 13,8 faiz
artıb, inflyasiya 1,1 faiz səviyyəsində olub. Dövlət başçısı ötən
il sosial proqramların da uğurla icra olunduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, Sovet dövründən dondurulmuş əmanətlərin vətəndaşlara
kompensasiya şəklində ödənilməsi proqramının böyük hissəsi icra
olunub. İnvestisiya xərcləri 22 milyard dollardan çox olub.
Əlamətdar haldır ki, ümumi investisiyalar portfelində daxili
investisiyalar üstünlük təşkil edir. Dövlət başçısı bildirib ki, bu
ilin büdcəsi rekord səviyyəyə - 20 milyard manata çatıb. Hazırda
ümumi valyuta ehtiyatlarımız 46 milyard dollar həcmindədir. Ötən il
sosial infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən
danışan Prezident İlham Əliyev yüzlərlə məktəb, xəstəxana, idman
qurğusu və digər sosial obyektlərin tikildiyini və əsaslı təmir
olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu sahədə ən böyük vəsait
qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına
sərf olunub. Dövlət Neft Fondundan 2012-ci ildə bu məqsədlə 300
milyon manat ayrılıb. Dövlət başçısı regionların inkişafı ilə bağlı
qəbul edilən proqramların uğurlu icrası nəticəsində ötən il 117 min
və bütövlükdə ilk proqramın qəbul olunduğu vaxtdan bəri 1 milyon
200 min yeni iş yerinin yaradıldığını diqqətə çatdırıb. Ötən il
işsizliyin faizi 5,2 faizə, yoxsulluğun səviyyəsi isə 6 faizə
düşüb. Prezident İlham Əliyev 2012-ci ildə Bakı və Bakıətrafı
qəsəbələrin sosial infrastrukturunun yaxşılaşdırılması, ölkədə
sənayeləşmənin genişləndirilməsi, kiçik və orta sahibkarlığın
inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş
tədbirlərin görüldüyünü də bildirib. Gələn ay Azərbaycanın ilk
telekommunikasiya peykinin orbitə çıxarılacağını qeyd edib. 2012-ci
ili Azərbaycanın xarici siyasətində uğurlu il kimi səciyyələndirən
dövlət başçısı bu sahədə ən böyük nailiyyət kimi ötən il ölkəmizin
BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini önə çəkib. Keçən il
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və
qətnamələrdən danışan Prezident İlham Əliyev vurğulayıb ki,
Qoşulmama Hərəkatının və NATO-nun zirvə görüşlərində qəbul edilən
yekun sənədlərdə münaqişənin ölkələrin ərazi bütövlüyü əsasında
həlli konkret olaraq öz əksini tapıb. Ordu quruculuğu ilə bağlı
ötən il böyük işlərin görüldüyünü diqqətə çatdıran dövlət başçısı
2012-ci ildə ümumi hərbi xərclərin 3 milyard dollardan çox
olduğunu, bu il isə həmin vəsaitin 3,7 milyard dollara
çatdırılacağını bildirib. Enerji sahəsində ötən il əldə olunmuş
uğurlara toxunan Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə
həyata keçirilən TANAP layihəsinin təməlinin qoyulmasını tarixi
hadisə kimi dəyərləndirib. 2013-cü ildə qarşıda duran vəzifələrdən
danışan dövlət başçısı əvvəlki illərdə olduğu kimi, bütün proqram
və layihələrin bu ildə də uğurla icra olunacağına əminliyini
bildirib. Qeyd edib ki, investisiya layihələri proqramlarında
elektrik enerjisi və təbii qazla təchizat, həmçinin içməli su və
kanalizasiya sistemlərinin yaradılması, magistral yolların
çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların
inşası, meliorasiya tədbirlərinin genişləndirilməsi əsas yer
tutacaq. Prezident İlham Əliyev deyib ki, bu ilin dövlət büdcəsində
sosial sahəyə ayrılan vəsaitin də həcmi artıb. 2013-cü ildə
əmanətlərin kompensasiyası prosesi başa çatmalıdır. 70-dən çox tibb
müəssisəsinin inşa edilməsi və təmir olunması, bütün qəzalı
vəziyyətdə olan məktəblərin təmiri, maaşların və pensiyaların
artırılması nəzərdə tutulur. Prezident İlham Əliyev qarşıda duran
vəzifələrdən birinin də makroiqtisadi sabitliyin qorunmasından və
inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasından ibarət olduğunu
vurğulayıb. 2013-cü ildə korrupsiyaya qarşı mübarizə tədbirlərinin
daha ciddi xarakter alacağını bildirən dövlət başçısı bununla bağlı
elektron xidmətlərə keçid prosesinin sürətləndirilməsi, ictimai
nəzarətin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə
əlaqədar dövlət qurumlarına konkret tapşırıqlar verib. Regionların
inkişafına dair qəbul olunmuş ikinci dövlət proqramının uğurla icra
olunduğunu deyən Prezident İlham Əliyev investisiyaların böyük
hissəsinin regionlara yönəldiyini bildirib, bu sahədə İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini
yüksək qiymətləndirib və bu Fondun xətti ilə indiyədək sahibkarlara
1 milyard manata yaxın güzəştli kredit verildiyini, bu il isə 250
milyon manat güzəştli kredit veriləcəyini qeyd edib. Dövlət başçısı
bildirib ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı ciddi addımlar
atılacaq. Gəncə, Sumqayıt şəhərlərində, Bakının Qaradağ rayonunda
sənaye mərkəzlərinin yaradılması və yeni texnoparkların
genişləndirilməsi davam etdiriləcək. Prezident İlham Əliyev 2015-ci
ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı
görüləcək işlərdən danışıb. Sonda dövlət başçısı 2013-cü ili
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edib.